Tofiq Zülfüqarov: “Ermənistan-Azərbaycan-Zəngəzur münaqişəsi artıq mövcuddur” - MÜSAHİBƏ

Tofiq Zülfüqarov: “Ermənistan-Azərbaycan-Zəngəzur münaqişəsi artıq mövcuddur” - MÜSAHİBƏ

Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması Azərbaycan tərəfindən ciddi etirazla qarşılanıb.

Rəsmi Bakı hesab edir ki, mülki missiyanın Ermənistana gəlişi sülh prosesinə zərbə vuracaq. Eyni zamanda, Qərb siyasi dairələri Azərbaycandan Laçın-Xankəndi yolunu açmağı tələb edir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya müsahibəsində yaranmış vəziyyətlə bağlı maraqlı açıqlamalar verib:

- Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir. Son iki ildə aparılan sülh danışıqları prosesində Brüssel formatının müyyən müddət üçün daha səmərəli olduğunu nəzərə alsaq, missiyanın gəlişi ilə Avropa İttifaqı Şurasının vasitəçilik təşəbbüsünün iflasa uğradığını deyə bilərikmi?

- Hesab edirəm ki, ilk növbədə, mənfi və müsbət elemnetləri ayırmaq lazımdır. Artıq Ermənistan-Azərbaycan-Zəngəzur münaqişəsi terminini istifadə etmək olar. Zəngəzur bölgəsinə beynəlxalq nəzarət tətbiq olunur. Bununla da beynəlxalq qurumlar Zəngəzurda münaqişənin olmasını demək olar ki, təsdiqləyiblər. Bu mövzuya uzun müddət diqqət yetirilmirdi. Sanki belə bir problem də yox idi. Amma 44 günlük Vətən müharibəsindən sonra bu məsələ gündəmə gəldi. Tranzit daşımalar, dəhliz, sərhədlərin delimitasiyası və demarkasiyası aktual mövzulara çevrildi. Ona görə də digər məsələlərin də bu siyahıya əlavə edilməsi istisna olunmur. Əgər bölgədə beynəlxalq müşahidəçilər varsa, Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıdışı onların fəaliyyəti dövründə təmin olunsun.

Bu, qayıdış prosesinin normal şəkildə həyata keçirlməsinə şərait yarada bilər. Biz görürük ki, Avropa Parlamenti Laçın yoluna dair hansısa məsələləri müzakirə edir, uşaq qidalarının guya Qarabağ ermənilərinə vaxtında çatdırılmadığını bildirir. Amma buna paralel olaraq, digər məsələlərə diqqət yetirilmir. Məsələn, Ermənistanda əsgər yataqxanasının yanması nəticəsində 15 nəfər erməni əsgəri ölüb.

Ermənistan sosial şəbəkələrində yayılan məlumatlara görə, yanan əsgər yataqxanası vaxtilə azərbaycanlıya məxsus olmuş bir evdir. Yəni ermənilər özləri etiraf edirlər ki, bu məsələlər hələ öz həllini tapmayıb. Orada azərbaycanlıların evi var. İndi Avropa İttifaqının mülki missiyası gəlir. Baxaq görək onlar nə deyəcək. Əslində, bu birinci missiya deyil. ümumi fikirim bundan ibarətdir ki, Zəngəzur münaqişəsi termini və Zəngəzur mövzusunda beynəlxalq qurumların iştirakı fakt olaraq göz qabağındadır.

Beynəlxalq qurumlar prosesin birbaşa iştirakçısına çevrilib. ATƏT-in Minsk qrupunun fəaliyyəti də elə başladı. Onların qarşısına əvvəlcə çox sadə məsələlər qoyurdular və bildirilirdi ki, Laçın və Şuşa rayonlarından erməni işğalçı qüvvələrinin çıxarılması müzakirə olunacaq. Yəni çox sadə bir sənəd idi. Ondan sonra hamı gördü ki, nələr baş verdi. İndi Ermənistan vaxtilə bizim getdiyimiz yolu gedir və beynəlxalq müşahidəçiləri cəlb edir. Hara cəlb ediblər? Zəngəzura. Əgər müşahidəçilər ora gəlibsə, deməli Zəngəzurda münaqişə var. İndi Azərbaycanın bu məsələyə necə münasibət göstərəcəyini gözləyək.

- Amma oktyabr ayında birinci missiya gələndə Azərbaycan bu qədər sərt reaksiya verməmişdi. Bu baxımdan, Xarici İşlər Nazirliyinin açıqlamsında bir məqam diqqəti cəlb edir: “Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü”. Necə hesab edirsiniz, missiyanın gəlişi sülh danışıqlarına zərbə vuracaqmı?

- Bu prosesə zərbəni Ermənistanın mövqeyi vurub. Açıq şəkildə görünür ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Belə ki, çoxtərəfli sənədlərdə onlara istinadən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma ikitərəfli sənədlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Yəni iki ölkə arasında sülh sazişi imzalanmalı və tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra delimitasiya və demarkasiya prosesi baş verə bilər.

Lakin Ermənistan bu prosesdən qaçır. Paşinyan “Qarabağ Ermənistandır.” bəyanatından imtina etməyib. O, ziddiyyətli bəyanatlar verir. Əsas problemlər bundadır. İkincisi, Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazisindədir. Onun adını gah “könüllülər” qoyurlar, gah “özünümüdafiə qüvvələri” adlandırırlar. İşğalçı qüvvələri Azərbaycan ərazisində saxlamaq üçün Ermənistan büdcəsindən hər il vəsait ayrılır. Yəni işğalçılıq siyasəti davam edir və Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq istəmir.

Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəlki mövqeyə qayıdıb. Belə şəraitdə missiyanın gəlib-gəlməməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur. Ermənistan da deyə bilməz ki, mənim sərhəddim haradan keçir. Onların belə bir bəyanatını görən də olmayıb. Yalnız Paşinyan bir dəfə deyib ki, Ermənistanın ərazisi 29,8 min kvadrat kilometrdir. Amma bunu nəyə əsaslanıb deyir? Aropa İttifaqının missiyası hara gəlir? Sərhəd xətti varmı? Xeyr. Azərbaycan əsgəri öz postunda dayanıb və onları yaxına buraxmayacaq. Avropalı müşahidəçilər deyəcək ki, mən oranı deyil, buranı sərhəd hesab edirəm? Ermənistan da bu sərhəddi indiyə qədər tanımayıb və müxtəlif vəziyyətlərdə fərqli bəyanatlar verir. Paşinyan deyir ki, mən 1991-ci il sərhədlərini tanıyıram. Əgər tanıyırsansa, gəl imza at. Amma Ermənistan tərəfi bunu bəyan etsə də, imzalamır. Mülki missiyanın gəlişi münaqişənin davam etdiyini və bu münaqişənin yeni ünvanının Zəngəzur bölgəsi olduğunu təsdiq edir. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki Avropa İttifaqı Zəngəzuru münaqişə zonası kimi artıq tanıyıb.

- Ancaq bu proses Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması ilə müşahidə olunur...

- Beynəlxalq təzyiqlər dedikdə nəyi nəzərdə tutursuz? Azərbaycan əsgəri hazırda Gorusun, İstisunun (Cermuk) yaxınlığında dayanıb.

- Azərbaycana qarşı sanksiyalar təhlükəsi qalır..

- Avropa Azərbaycana qarşı sanksiyaları nəyə görə tətbiq etməlidir? Bizim başqa ölkənin ərazisini işğal etmişik? Avropa İttifaqı Azərbaycandan təbii qaz və "yaşıl enerji" idxal edir. Sanksiya tətbiq etsələr enerjini necə alacaqlar? Bəlkə kiminsə beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmuşuq? Mövcud olmayan sərhəddi necə poza bilərik? Makronun dedikləri bizim üçün qanun deyil. Əgər Ermənistan 1991-ci ildəki sərhədləri tanıyırsa, o zaman dövlət büdcəsindən 360 milyonu Qarabağa niyə göndərir? Kim kimin ərazsini işğal edib? Yəni burada məntiq yoxdur. Onlar istədikləri kimi yoza bilərlər. Amma hər şey göz qabağındadır.

Əslində, burada məqsəd başqadır. Burada hədəf Azərbaycan deyil. Söhbət Rusiya-Qərb qarşıdurmasından gedir. Ermənistan ictimaiyyətinin könlünü almaq üçün Qərb Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Onlar Ermənistanı Rusiyanın təsirindən çıxartmaq istəyir. Ona görə də ermənipərəst mövqe nümayiş etdirirlər. Bu da onu göstərir ki, Avropa Parlamenti idarəolunan qurumdur və istənilən halda, istənilən bəyanatı verə bilər. Qazax rayonunun yeddi kəndi və Sədərək rayonunun Kərki kəndi işğal altındadır. 2020-ci il 10 noyabr Bəyanatının ilkin mətni dərc olunanda orada Qazaxın kəndlərinin qaytarılması təklifi də var idi. Sabah Azərbaycan həmin kəndləri işğaldan azad etsə, kim bizə nə deyəcək?

Niderlandın, yaxud Belçika parlamentinin deputatı nə düşünür özü bilər. Qərbin təzyiqi müvəqqətidir. Qərbin İrana, Rusiyaya qarşı siyasətində və Çinin “Orta dəhliz” layihəsi ilə bağlı Azərbaycan onlara lazımdır.

- Ermənistan çalışır ki, Avropa İttifaqının missiyasının Laçın-Xankəndi yoluna və Qarabağa gətirilməsinə nail olsun. Bu missiya Ermənistanın istəyi ilə Azərbaycan ərazisinə daxil olub monitorinq apara bilərmi?

- Əvvəla, Azərbaycan əsgəri buna heç vaxt imkan verməz. Biz vaxtilə beynəlxalq vasitəçiləri dəvət etdik. Lakin nəticəsi olmadı. İndi gözləyirik ki, rusların vaxtı bitsin, onları da yola salaq, vəssalam.

- Ermənistan bir tərəfdən regiona Avropanın missiyasını gətirir. Eyni zamanda, Laçın-Xankəndi yolunun açılması ilə bağlı Azərbaycanın ünvanına sərt qətnamələr qəbul olunur, bəyanatlar səslənir. Bu paralel təzyiqlər qarşısında Azərbaycanın aksiyanı dayandırıb yolu açacaqmı?

- Burada başqa məsələ də var. Hamı deyir ki, Vardanyan Rusiyanın layihəsidir. Bəs ona BBC-də imkan yaradan kimdir? Yəni biz görürük ki, bu məsələdə Rusiyanın və Avropanın koordinasiyası var. Ona görə də çox sadəlövh olmamalıyıq. İctimaiyyət üçün hansısa oyunlar gedir. Amma razılaşmaya gələndə onlar dil tapacaqlar. Ermənilər Rusiya sülhməramlılarına mandat verilməsi üçün Fransada havaya bəyanat vermirdilər. Avropa İttifaqının qəbul etdiyi sənəd əslində, Rusiyanın maraqlarına uyğundur. Fransanın xarici işlər naziri Katrin Kollona deyir ki, Azərbaycan hakimiyyətinin “Qarabağdakı ermənilər ya vətəndaşlıq alsın, ya da çıxıb getsin” bəyanatı yolverilməzdir. Həmin bəyanatı bir neçə gündən sonra Ukrayna Prezidenti Zelenski verib. Yəni biz görürük ki, burada Fransa-Rusiya oyunu gedir. Sabah bu ssenarini Ukraynaya qarşı tətbiq edəcəklər. Analoji təklifləri vaxtilə Almaniya Prezidenti Ştanymayer Minsk təkliflərini irəli sürmüşdü.

Yəni status məsələsi tələdir. Bizi bu siyasi tələyə salmaq istəyirlər. Biz hər dəfə Zəngəzur məsələsini nə üçün gündəmə gətiririk? Əgər mövzunu açmaq istəyirsinizsə, gəlin Zəngəzur mövzusuna da baxaq. Oradan deportasiya edilmiş insanlar öz evlərinə qayıdanda hansı status alacaqlar? Ermənistan ordusunun əsgər yataqxanası kimi istifadə etdiyi və yanmış evin azərbaycanlı sahibinin hüquqları necə olacaq? Biz bu arqumentləri güclü şəkildə həmişə irəli sürməliyik. Bu müzakirələrdə Azərbaycanın mövqeləri çox güclüdür.

- Laçın yolunun bağlanması ilə bağlı ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistana və Azərbaycana səfər edib. Qərb diplomatları bu məsələdə daha çox Ermənistanın maraqlarından çıxış edir. Bəs Azərbaycanın bu təzyiqləri neytrallaşdırmaq üçün tutarlı arqumentlər təqdim edə biləcək, yoxsa son iki ayda Laçın-Xankəndi yolunda müşahidə olunan aktivlik siyasi pauza ilə əvəz olunacaq?

- BMT Təhlükəsilik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı dörd qətnamə qəbul etmişdi. Nə oldu? Heç nə. Avropa Parlamenti dəfələrlər Ermənistandan Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmağı tələb edən qətnamə qəbul edib. Əməl edildimi? Xeyr. Bu da təbliğatın bir formasıdır. Blinken zəng edir, etsin də. Biz niyə geri çəkilməliyik ki? Nə baş verib? Azərbaycan əsgəri Gorusun, Qarakilsənin yaxınlığındadır. İstisunun (Cermuk) yaxınlığında biz dayanmışıq. Qoy ermənilər bu barədə fikirləşsin. Bu onların problemidir. Yüksəklikləri götürmüşük, Laçın yoluna Azərbaycan ictimaiyyətinin nümayəndələri nəzarət edir.

- Deməli, Laçın-Xankəndi yolunda aksiyalar davam edəcək...

- Dövlət nə edə bilər? Bu ictimaiyyətin etirazıdır. Mən istərdim ki, Laçın yoluna Dövlət Sərhəd Xidməti və Azərbaycan gömrükçüləri nəzarət etsin. ABŞ-ın, Fransanın, Ermənistanın sərhədlərində kim dayanır, biz də dövlət sərhəddimizi elə mühafizə etməliyik. Biz istəmirik ki, Ermənistanın işğalçı hərbçiləri Azərbaycan ərazisinə gəlsin. Qarabağda Azərbaycan Konstitusiyasına zidd bəyanatların səslənməsini istəmirik. Bunu istəyən rədd olub getsin! Ermənilər elə bilir ki, missiya gəlib hər birinə konfet verəcək. Amma bilmirlər ki, başlarına oyun açacaqlar. İndiyə qədər hara göndərilən missiyanın bir xeyri olub? Tutaq ki, Azərbaycan əsgəri səhəri gün 50 metr qabağa çıxdı. Missiya deyəcək ki, bura Azərbaycan sərhəddi deyil? Soruşmazlar ki, sən kimsən axı? Əgər missiya belə ədalətlidirsə, getsin Qazaxın işğal altlındakı kəndlərini qaytarsın. Yəni hər şey qaydasındadır və mən burada fövqəladə bir hadisə görmürəm.

Müşfiq Abdulla
Cebhe.info