Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Qırmızı Ordu harda dayanmışdısa...”
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 2024-cü il aprelin 19-da keçirilmiş 8-ci görüşünün imzalanmış Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
Avqustun 30-da Komissiyaların birgə bir fəaliyyəti haqqında əsasnamə imzalanıb.
Qeyd edilən razılaşmanın Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesinə mümkün təsirləri ilə bağlı bir sıra suallar yaranıb.
Bu barədə “Cebheinfo.az”-a müsahibə verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov delimitasiya və demarkasiya işlərinin gözlənilən nəticələrindən danışıb:
- Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində mayın 15-də keçirilmiş 9-cu görüşündə müsbət nəticə əldə olunmuşdu. Sərhədlərin delimitasiyası üzrə komissiyaların 8-ci görüşünün protokoluna uyğun olaraq, Ermənistan işğal altındakı dörd kəndi Azərbayacana qaytarmış, Qazax rayonu və Tavuş vilayəti arasındakı sərhədin 12,7 kilometri razılaşdırılaraq demarkasiya edilmişdi. Tərəflərin sözügedən əsasnaməni imzalamasından sonra sərhədlərin delimitasiyası istiqamətində növbəti addımların atılacağı gözlənilirmi?
- Əsasnamə texniki sənəddir. Onun mahiyyəti tərəflərin səlahiyyətini müəyyən etməkdən ibarətdir. Komissiyalar çoxtərkibli qurumdur və onların səlahiyyətləri beynəlxalq təcrübəyə uyğun şəkildə, qarşılıqlı şəkildə təsbit olunur. Eyni zamanda, əsasnamə delimitasiya və demarkasiya komssiyalarının iş üslubunu tənzimləyən bir sənəddir.
Lakin bir sıra məsələlər hələ də həll olunmamış qalır. Tərəflər öz aralarında Almatı Bəyannaməsinin prinsiplərini tanıyır. Amma bunun mahiyyətini fərqli şəkildə başa düşür. Demək olar ki, həm Azərbaycan, həm də Ermənistan delimitasiya və demarkasiya prosesinin Sovet dövründə mövcud olmuş inzibati sərhədlər əsasında aparılmasını tanıyıblar.
Sovet dövrü isə 1920-ci ildən başlayır 1991-ci ilin sonlarına qədər davam edib. Amma Ermənistanın iddiasının əksinə olaraq, 1991-ci ilin vəziyyətini nəzərə almaq mümkün deyil. Çünki Ermənistan 1989-cu ildən öz sərhədlərindən imtina edib. Ermənistan da öz vəziyyətini nəzərə alaraq, Sovet İttifaqının süqutuna yaxın dövrün xəritələrinin əsas götürülməsinə çalışır.
Azərbaycanın mövqeyi isə fərqlidir. Azərbaycan tərəfi bildirib ki, sərhədin müxtəlif hissələrinə dair ayrı-ayrı dövrlərin xəritələri tətbiq edilsin. Yəni bolşevik işğalından sonra istənilən illərin xəritələri delimitasiya və demarkasiya üçün istifadə oluna bilər. Azərbaycan bolşeviklər tərəfindən 1920-ci ilin aprel ayında işğal olunub.
Ermənistan isə 1920-ci il dekabrın əvvəlində işğal edilib. Bu müddət ərzində, yəni 7 ay müddətində Azərbaycan SSR-in sərhədi yaranmışdı. Ermənistan bu sərhədləri tanıyıb. Çünki dekabr ayında Qırmızı Ordu (bəzi mənbələrdə XI Qızıl Ordu – red.) İrəvana hücum edəndə, Ararat Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın ərazi bütövlüyünün pozulduğuna dair bəyanat verib. Ona görə də istənilən dövrün sərhədləri Azərbaycan üçün əsas götürülə bilər. Delimitasiya komissiyalarının Əsasnaməsi isə daha çox texniki məsələləri əhatə edir.
- Əsasnamənin imzalalanması sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə bilərmi?
- Xeyr. Yenə də deyirəm, bu texniki məsələdir və nümayəndə heyətlərinin səlahiyyətlərini müəyyən edən və təsdiq edən sənəddir.
- Əsasnamənin imzalanması istər-istəməz hansısa xəritələrin də razılaşdırılmasının mümkünlüyü ilə bağlı sualları meydana çıxarır. Çünki may ayında məhz 19 aprel tarixli protokola istinadən Azərbaycan və Ermənistan sərhədin 12,7 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyana nail olmuşdular.
- Sərhədin həmin hissəsinə dair xəritələr artıq razılaşdırılıb. Söhbət 1975-1976-cı illərə aid xəritələrdən gedir. Bu məsələdə Azərbaycanla Ermənistanın mövqeləri üst-üstə düşür. Digər hissələrə gəlincə, əminəm ki, burada yanaşma fərqli olacaq.
- Delimitasiya üzrə komissiyaların hər dəfə görüşü keçiriləndə ilk səsələnən sual işğal altında qalmış dörd kəndin nə vaxt qaytarılacağı ilə bağlı olur. Necə hesab edirsiz, yaxın vaxtlarda bu problemin həlli istiqamətində müsbət addım atılacaq, ya yox?
- Dörd kəndin məsələsi ilə bağlı sual verəndə mən deyirəm ki, biz 1975-ci ilin xəritələrini digər bölgələrə şamil edirik ya yox? Çünki həmin kəndlər 1975-ci ilin xəritələri ilə eksklavdır. Ermənistan isə deyir ki, Azərbaycanda da eksklavımız var. Ona görə də biz bu dörd kəndin məsələsini qaldıranda sanki digər məsələri gündəmdən çıxarırıq.
Halbuki vaxtilə Azərbaycanın sərhədi Göyçə gölünün ortasından keçirdi. Bəs bu məsələ necə həll olunacaq? Zəngəzurun, Göyçə mahalının torpaqları necə olacaq? Ona görə də biz dörd kəndi gündəmə gətirməklə digər ərazilərin əhəmiyyətini azaldırıq. Ermənistan 1975-ci ilin xəritələrindən 1989-cu ildə imtina edib. Elə isə nəyə görə bizim aramızda sərhədlər Paşinyanın, yaxud Makronun istədiyi kimi çəkilməlidir? Azərbaycan hansısa sənədi imzalamadan Ermənistanla sərhədin qanuni əsası yoxdur.
- Nikol Paşinyanın Göyçə gölünün kənarında dincəlməsi, göldə üzməsi, bütün bunlar siz dediyiniz məsələyə dair Azərbaycana cavab mesajı deyildimi?
- Biz demirik ki, Göyçə gölü tamamilə bizə aiddir. Amma gölün şərq hissəsi bizə məxsusdur. Mən həmin ərazinin qaytarılacağına əminəm. Bəlkə, Ermənistan həmin torpaqları təzminat şəklində bizə verəcəklər, o da ola bilər.
Danışıqların gələcəkdə necə gedəcəyi hələ bilinmir. Azərbaycan öz mövqeyini bildirərkən bu məsələləri gündəmdə saxlayır. Qeyd edim ki, bir müddət öncə Zəngəzur dəhlizi məsələsinin çərçivə sazişindən çıxarılmasına dair məlumat yayılanda bunun mahiyyətini bilməyən bəzi adamlar müxtəlif fikirlər səsləndiridilər. Onlar indi sakitləşiblər və başa düşürlər ki, Azərbaycanın bu məsələdə israr etməsi beynəlxalq qanunlara əsaslanır. Ona görə də mən deyərdim ki, 4 deyil, 444 kənd Azərbaycana qaytarılması üçün öz həllini gözləyir.
- Ermənistan mediasının yazdığına görə, Azərbaycan delimitasiya və demarkasiya məsələsinin də çərçivə sazişindən çıxarılaraq sonrakı mərhələdə müzakirə edilməsinə razıdır. Deməli, sərhədlərin müəyyənləşməsi ayrıca proses kimi gələcəyə saxlanılır?
- Delimitasiya çərçivə sazişindən əvvəl aparıla bilməz. Çünki delimitasiya və demarkasiya uzun illər vaxt tələb edən prosesdir. Amma təəssüflər olsun ki, bəzi insanlar çərçivə sülh sazişi ilə yekun sülh müqaviləsini eyniləşdirir. Çərçivə sülh sazişində qeyd edilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı şəkildə ona hörmətlə yanaşır və sairə. Amma ərazi bütövlüyünü müəyyn etmək üçün delimitasiya və demarkasiya prosesi tamamlanmalıdır. O halda, biz hansı ərazi bütövlüyünü tanıyırıq?
Çərçivə sülh sazişində yeganə prinsip ondan ibarət olmalıdır ki, biz gələcəkdə ərazi bütövlüyün qarşılıqlı şəkildə tanıyacağıq və ona hörmət edəcəyik.Yaxud, Azərbaycan Ermənistandan Konstitusiyasını dəyişməyi tələb edir. Ermənistan hökuməti isə referendumu 2027-ci ildə keçirəcəyini bildirir. Amma ilkin, yəni prelemenar sülh sazişində bu məsələ Ermənistanın öhdəlik götürməsi şəklində həll oluna bilər. Yəni Ermənistan sülhə mane olan qanunları ləğv edəcəyinə dair öhdəlik götürməlidir.
Amma bunun icrası sonraya saxlanıla bilər. Prelemenar sülh sazişi sadəcə prinsipləri özündə ehtiva edir. Onun daxilində heç bir məsələ öz həllini tapmır. Vaxtilə ATƏT-in Minsk qrupu da 30 il ərzində münaqişənin həllinin prinsiplərini razılaşdırmağa çalışırdı. Prelemenar sazişdə də prinsiplər öz əksini tapa bilər. Azərbaycan da razılaşdırılmış məsələlər üzrə çərçivə sazişini imzalamağa razı olub və digər məsələləri sonraya saxlayıb. Bu, o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizindən və ya başqa mövqelərindən imtina edir.
- Rusiya Prezidentinin Azərbayacana səfərindən sonra Zəngəzur dəhlizi məsələsi yenidən aktuallaşdı və ermənilərin sevinci çox çəkmədi...
- Axı, bu məsələ gündəmdən çıxmamışdı. Sadəcə olaraq, bəzi adamlar Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyovun firkirlərini düzgün şərh etməmişdilər. ABŞ administrasiyası çalışır ki, seçkilərdən qabaq çərçivə sazişinin imzalanmasına nail olsun.
- Bəs Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı və ondan sonra apardığı danışıqların delimitasiya prosesinin aktivləşməsinə, o cümlədən komissiyaların əsasnaməni imzalamasına təsiri olubmu?
- Xeyr. Bu məsələnin onunla əlaqəsi yoxdur. Delimitasiya prosesi illərlə davam edəcək. Yeni hadisələr də baş verə bilər. Komissiyalar fəaliyyətini davam etdirə bilər. Amma nəticə əldə etmək üçün xeyli vaxt lazımdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”