Türkiyədə prezident seçkisi: Xalq nə düşünür? - Tanınmış jurnalistlə “SİYASİ GÜNDƏM”

Türkiyədə prezident seçkisi: Xalq nə düşünür? - Tanınmış jurnalistlə “SİYASİ GÜNDƏM”

Türkiyədə seçkilərin 14 mayda keçiriləcəyi açıqlandıqdan sonra gündəmdəki mövzular daha da aktuallaşıb.

Hazırda “Millət İttifaqı”nın namizədini açıqlamaması, prezident və parlament seçkiləri ilə bağlı ittifaqların fərqli gözləntiləri müzakirə olunan əsas məsələlərdir. Görünür, başda inflyasiya olmaqla, Türkiyədəki daxili problemlər və vətəndaşların müxtəlif mövzularla bağlı düşüncələri də proseslərdə həlledici rol oynayacaq.

Bu və digər mövzuları Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında müzakirə etdik. Qonağımız “Bengütürk” telekanalının jurnalisti Fevzi Özgür Altındır.

- Fevzi bəy, seçkilərin tarixinin açıqlanması və “altılı masa”nın namizədinin bəlli olmaması siyasi gündəmin əsas mövzularıdır. Xalq seçkilərlə bağlı nə düşünür?

- Həm “Cümhur İttifaqı”, həm də “Millət İttifaqı” seçiciləri seçkilərin ən qısa zamanda keçirilməsini istəyir. Çünki vətəndaşlar seçkilərdən sonra iqtisadi vəziyyətin və digər problemlərin düzəlməsini arzulayırlar. Amma problem odur ki, “Millət İttifaqı” namizədini açıqlaya bilmədiyi üçün həm öz seçicilərindən, həm də digər vətəndaşlar tərəfindən çox böyük tənqidlərə məruz qalır. Mən də insanlarla sorğu keçirəndə və ya söhbət edəndə bu fikirləri eşidirəm.

“Cümhur İttifaqı”nın seçiciləri deyir ki, bizim namizədimiz bəllidir, siz də artıq namizədinizi açıqlayın. “Millət İttifaqı”nın seçiciləri isə deyir ki, “Cümhur İttifaqı” namizədini açıqlayıb, amma biz neçə aydır vaxt itiririk. Keçirilən görüşlərdən də bu məsələ ilə bağlı ən kiçik bir partıltı görünmür. Yəni bununla bağlı bir çox suallar verilir. Lakin suallar çox sərtləşmir. Çünki “Millət İttifaqı” konkret bir yol xəritəsi olduğunu açıqlayıb və ona uyğun bir namizəd axtardığı düşünülür. Lakin “altılı masa”nın liderələri öz aralarında bir fikir birliyi əldə edə bilmədikləri üçün namizəd müəyyən edə bilməyiblər.

- “Cümhur İttifaqı” ilə “Millət İttifaqı” arasında güclü bir rəqabət yaşandığını görürük. Bəs vətəndaşların nəzərində hansı ittifaq öndədir?

- Əslində bundan öncəki seçkidə hansı ittifaqın öndə olduğunu çox rahat şəkildə görə bilirdik. Amma indiki seçkidə bunu görə bilmirik. Çünki bu seçkidə məsələ bir az fərqli məcralara yönəlib. Prezident Rəcəb Tayyib Ərdoğan bu seçkini ölüm-dirim mübarizəsi adlandırıb. Çünki hazırda Türkiyənin sərhədlərinin ətrafında çox böyük düşmənlər var. Yəni Egeydə Yunanıstan, Cənubi Kiprdə yunan idarəsi, Yaxın Şərqdə Suriya və İraqda isə PKK-nı qeyd etmək lazımdır. Bunları və daxildəki iqtisadi problemləri nəzərə aldıqda, keçmişdəki seçkilərlə müqayisədə konkret nəsə demək olmur.

- Kənardan Türkiyəyə baxdığımız zaman ən böyük problemlərin başında inflyasiyanın gəldiyini görürük. Bəs daxildə vəziyyət necədir? Yəni vətəndaşları ən çox narahat edən problemlər nələrdir?

- Təbii ki, vətəndaşlar üçün ən böyük problem inflyasiyadır. Hər iki ittifaqın seçicilərinə mikrofon uzatdığımız zaman ən böyük problem olaraq inflyasiyanı göstərirlər. Hər kəs bu problemdən əziyyət çəkir və təcili şəkildə həll olunmasını gözləyir. “Cümhur İttifaqı” seçiciləri deyir ki, bu problemi Rəcəb Tayyib Ərdoğan həll edər, “Millət İttifaqı”nın seçiciləri isə düşünür ki, iqtidar dəyişəcəyi təqdirdə bunu həll edəcəklər. Həmçinin, cəmiyyətin böyük bir hissəsi də xarici təhdidlərdən narahatdır. Bəzi qüvvələrin Türkiyəyə torpaq iddiası və terror təhlükəsi var.

- Hazırda Türkiyədə ən çox prezident seçkiləri müzakirə olunur, amma eyni gün parlament seçkiləri də var. Anketlərdə parlamentdə üstünlük qazanmaq üçün hansı ittifaq öndə görünür?

- Türkiyədəki anketlərin nəticələrini 100% doğru hesab etmək olmaz. Amma siyasi kulislərdən Türkiyə Böyük Millət Məclisindəki balansın dəyişəcəyini eşidirik. Yəni bəzi dəyişikliklərin olacağı gözlənilir. Çünki ən son seçkidə Ədalət və İnkişaf Partiyasının (AKP) çox önəmli qalalarından olan İstanbul və Ankara kimi 2 böyük şəhər “Millət İttifaqı”nın idarəçiliyinə keçdi. Bütün bunlara görə hər kəs balans dəyişikliklərinin olacağının fərqindədir. Amma bu dəyişikliyin Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə, onun qərarlarına təsir göstərə biləcək səviyyədə olacağı gözlənilmir. Buna baxmayaraq, parlamentdə üstünlüyün “Millət İttifaqı”na keçəcəyi də ehtimal olunmur. Lakin 6 partiyanın 2 partiyaya qarşı mübarizə apardığını nəzərə alınanda “Millət İttifaqı”nın şansının daha çox olduğu görünə bilər. Ancaq Rəcəb Tayyib Ərdoğan qələbə qazanacağı təqdirdə, parlamentdəki millət vəkili sayının ciddi şəkildə azalacağını da düşünmürəm.

- İstər sosial şəbəkələrdə, istərsə də mediada Türkiyədə yaşayan suriyalılarla bağlı müxtəlif xəbərlər yayılır. İddialara görə, Türkiyə vətəndaşlığını qəbul etmiş 1 milyon suriyalı bu seçkidə səsvermə haqqına sahib olacaq. Bunun da əhali arasında ciddi narazılığa səbəb olduğu deyilir. Bu iddialar nə dərəcədə doğrudur?

- 1 milyon suriyalının sesvərmə haqqına sahib olduğu iddiası doğru deyil. Mən müsahibə zamanı daxili işlər naziri Süleyman Soyludan da bunu soruşmuşam. O, açıq şəkildə 1 milyon suriyalının səs verəcəyi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini dedi. Amma Türkiyə vətəndaşı olan suriyalıların və digər xarici vətəndaşların belə bir hüququ olacaq. Onların içərisindəki suriyalıların faizi çox aşağıdır. Türkiyə vətəndaşlığını qəbul edən xarici vətəndaşlar arasında almanlar, ruslar, ukraynalılar, fələstinlilər, əfqanıstanlılar da var. Onların hamısının toplamı ancaq 1 milyona çata bilər. Amma onların hamısı suriyalı deyil.

Xarici ölkə vətəndaşlığını qəbul edən bir türk o ölkədə dərhal səs verə bilmir. Bunun üçün müəyyən bir prosedurdan keçməlidir. Düşünürəm ki, Türkiyədə də bənzər prosedurların həyata keçirilməsi lazımdır. Bizdə bu proses olduqca sürətli irəliləyir. Rəsmi qurumlardan “Həmin insanlara səs verə bilməzsən deyə bilmərik” cavabı verilir. Türkiyə vətəndaşlığını qəbul edən hər kəs bizim kimi səsvermə haqqına sahibdir. Lakin bundan sui-istifadəyə yol verilməməlidir. Yəni seçki üçün Türkiyəyə gəlib, müxtəlif işlərdə çalışanlara icazə verilməməlidir. Dövlət tərəfindən bununla bağlı lazımi cəzalar veriləcək.

- Sosial şəbəkələrdə bəzi suriyalıların türkiyəlilərə qarşı xoşagəlməz münasibəti də zaman-zaman müzakirə olunur.

- Doğrudur, belə bir yanaşma var. “Yoxdur” deyə bilmərik. Vətəndaşların böyük əksəriyyəti deyir ki, suriyalılar müharibədən qaçıb gəliblər, pis vəziyyətdədirlər, amma onlara nəzarət edilməlidir. Eyni zamanda, suriyalıların şəhərlərdə istədiklərini etmələrinə qarşıdırlar. Daxili İşlər Nazirliyinin də bununla bağlı çalışmaları davam edir. Vətəndaşların çox az bir qismi suriyalıları istəməyərək, onların getməsini tələb edirlər. Bu yanaşmanı müəyyən qədər haqlı görə bilərik. Çünki müharibədən qaçıb Türkiyəyə gəlib, burada cinayət törədənlər də var.

Bir qrup vətəndaş da suriyalıların daha çox haqdan yararlandığını və yaxşı yaşadığını iddia edərək, onların geri göndərilməsini tələb edir. Lakin dövlət də bununla bağlı açıqlama verərək, suriyalıların türk vətəndaşlarından yaxşı həyat sürmədiyini deyib. Amma bütün suriyalıların hədəf alınmasının səhv olduğunu düşünürəm. Çünki 1950-ci illərdə də türk vətəndaşları çalışmaq üçün Almaniyaya getmişdi. O zaman da almanlar vətəndaşlarımıza eyni reaksiyaları vermişdilər. Bunun səhv olduğunu illərlə dedik və indi keçmişdə bizə edilənləri onlara qarşı etməməliyik.

- Qarabağın işğaldan azad olunmasından sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə bir normallaşma prosesi başladı. Maraqlıdır, Türkiyə cəmiyyəti bu prosesi necə qarşılayır?

- Türk xalqı Ermənistanın səmimi olduğuna inanmır. Çünki Ermənistan təkbaşına hərəkət edən bir ölkə deyil. Onlar ABŞ-ın yönləndirməsi ilə hərəkət etdiyi üçün müstəqil ölkə hesab olunmur. Əslində ən böyük problemlərdən biri də Ermənistanın hələ də Azərbaycana verdiyi sözlərini tutmamasıdır. Türk xalqı bunu qətiyyən qəbul etmir. Yəni müharibənin bitməsi və Türkiyə ilə münasibətlərinin düzəldilməsini istəyirlərsə, öncə qardaşımıza verdiyiniz sözləri tutmalıdırlar. Lakin vətəndaşların böyük bir qismi İrəvan hakimiyyətinin bu sözləri tutmayacağını bildiyi üçün münasibətlərin normallaşmısını istəmir. Ermənilər tarix boyu verdikləri sözləri tutmayıblar. Ermənistan türk coğrafiyasında güvənilməz bir ölkə olaraq qəbul edilir. Əgər ermənilər sözlərini tutsa və Azərbaycan torpaqlarını tərk etsələr, türk xalqı da Ermənistanla sərhədlərin açılmasına və münasibətlərin normallaşmasına qarşı çıxmaz. Həmçinin, qondarma erməni soyqırımı iddiasını da tamamilə ləğv etmək lazımdır.

- Rusiya-Ukrayna müharibəsinə də toxunmaq istəyirəm. Davam edən müharibə fonunda ötən həftələrdə Rusiya Prezidenti Vladimir Putinin reytinqinin və ona olan rəğbətin bir çox ölkədə artdığı ortaya çıxdı. Həmin ölkələrdən biri də məhz Türkiyə idi. ümumiyyətlə, Türkiyə ictimai rəyi bu müharibədə kimi dəstəkləyir?

- Liderlər baxımından cəmiyyətin çox böyük bir qismi Vladimir Putini dəstəkləyir. Amma xalqın böyük bir hissəsi də müharibədə sivillərin həlak olması səbəbindən Ukraynanı dəstəkləyir. Vətəndaşlar Rusiyanın NATO-nun verdiyi sözləri tutmadığını, ölkənin ərazi bütövlüyünə təhdid olduğu üçün Ukraynaya müharibə açdığını deməyini doğru hesab etmir. Buna baxmayaraq, Putinin tələblərinin də haqlı olduğunu düşünürlər. Ancaq təbii ki, Türkiyə xalqı müharibənin küçələrə sıçramasına, qadınların və uşaqların hədəf alınmasına da qarşı çıxır. Rəcəb Tayyib Ərdoğanın hər dəfə müharibənin cəbhədə deyil, masada bitirilməlidir sözünü də dəstəkləyirlər.

Çünki Türkiyənin həm Ukrayna, həm Rusiya ilə münasibətləri çox yaxşıdır. Ukrayna və Rusiya ilə qarşılıqlı investisiyalarımız var. Əslində bu, Rusiya və Ukraynadan qaynaqlanan deyil, Avropa və ABŞ-ın təhriki ilə başlayan bir müharibədir. Buna görə də insanlarımız Türkiyənin, Rusiyanın və Ukraynanın zərər görməsini istəmir. Bir daha deyə bilərəm ki, vətəndaşlarımız Putini qismən haqlı hesab edir, amma Ukraynanın işğal edilməsini dəstəkləmirlər.

- Son olaraq, Türkiyə vətəndaşlarının özlərinə ən yaxın və dost bildiyi ölkə hansıdır?

- Bunun cavabı bəllidir. Təbii ki, Azərbaycan bizə ən yaxın və dost ölkədir. Hətta bizim münasibətimiz dostluqdan da irəlidir. Biz iki dövlət, tək millətik. Aramızdakı münasibətlər də bu prinsiplə irəliləyir. İstəyərik ki, bu siyahı daha da artsın. Təbii ki, heç bir ölkə bizim üçün Azərbaycan kimi ola bilməz. Çünki biz həm qardaşıq, həm də tarix boyu birlikdə olmuşuq.

Çar İmperiyası dağılanda Anadolu türkləri Azərbaycana, Türkiyə istiqlal mübarizəsi aparanda Azərbaycan bizə dəstək verdi. SSRİ dağılanda isə türk xalqı Azərbaycana dəstək oldu. Çox qısa müddətdə dastan yazılan İkinci Qarabağ müharibəsində də həm Türkiyə dövləti, həm də xalqı ilə Azərbaycana dəstək verdi.

Düzdür, biz regionda Azərbaycan kimi qardaş dediyimiz başqa ölkələrin olmağını da istəyərik. Amma qardaş olmasaq belə, fərqli dinlərin və ya irqlərdən olduğumuz ölkələrlə də münasibətlərimizi inkişaf etdirməliyik. Gələcəkdə bu siyahının genişlənməsini arzulayırıq. Pakistan, Bolqarıstan, Monqolustan, Türkmənistan, İran, İraq, Suriya və Yunanıstan ölkələrlə də münasibətlərimizin yaxşı olmasını istəyərik. Təbii ki, bunlar da irəliləyən illərdə ola bilər.

Elmir Mustafa
Cebhe.info