Yeni qanun Azərbaycanın siyasi həyatında nəyi dəyişəcək? - MÜSAHİBƏ

Yeni qanun Azərbaycanın siyasi həyatında nəyi dəyişəcək? - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu təsdiqləyib.

Qanun 6 fəsil və 30 maddədən ibarətdir.Qeyd edək ki, yeni qanun siyasi partiyalar və cəmiyyət arasında olduqca müsbət qarşılanıb.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-nun suallarını cavablandırıb.

- Akif bəy, yeni qanunla dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. ümumiyyətlə, yeni qanunu necə qiymətləndirirsiniz?

- Hər hadisənin bir fəlsəfəsi olur. Biz partiya olaraq da əvvəldən bu proseslərdə iştirak etmişik. Yəni həm Milli Məclisdəki müzakirələrdə iştirak etdik, həm də yazılı şəkildə təkliflərimizi verdik. “Siyasi partiyalar haqqında” yeni qanunun fəlsəfəsi isə ondan ibarətdir ki, Azərbaycanda normal partiyalaşma prosesi getməlidir. Ölkəmizdə indiyə kimi tədricən çoxpartiyalı sistemin formalaşdırılması da müsbət prosesdir. Amma 1992-ci ildə qəbul olunan qanuna müəyyən dəyişikliklər etməyə ehtiyac vardı. Ona görə də yeni qanunun qəbul olunmasını müsbət bir hadisə hesab edirik.

Bu qanun sayəsində bəzi neqativ hallar da aradan qaldırılacaq. Xarici dövlətlərlə əlaqəsi olan partiyaların fəaliyyətinə imkan verilməməlidir. Yəni bu, çox vacib bir məsələdir. Təbii ki, xarici dövlələrlə əməkdaşlıq edən partiyalar onların maraqlarına xidmət edəcək.

- Yeni qanun dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə də tam təminat verir...

- Təbii ki, siyasi partiyaların sərbəst fəaliyyətinə şərait yaradılır. Partiyaların sərbəst fəaliyyəti üçün geniş informasiya imkanları açılır və kütləvi informasiya vasitələrindən istifadə nəzərdə tutulur. Bu da çox vacib və yaxşı bir haldır. Siyasi partiyaların normal şəkildə Azərbaycanın bütün ərazilərində fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Partiyaların ofislə təmin olunması da müsbət hadisədir.

- Yeni qanunda təkcə nizamnamə deyil, həm də partiyaların proqramının olması öz əksini tapır. Bu da partiyaların ideoloji siyasi partiyaya çevrilməsinə kömək edəcək. Bunu necə dəyərləndirirsiniz?

- Bütün amillər partiyaların sərbəst şəkildə Azərbaycan dövlətinin və millətinin maraqlarına uyğun olaraq fəaliyyət göstərə biləcəyini göstərir. Bu, xüsusi məsələdir. Əvvəllər də partiyaların proqramı olurdu, amma vacib deyildi. İndi isə bu məsələyə diqqət yönəldilib. Yeni qanuna əsasən, hökmən partiyaların proqramı olmalıdır. Təbii ki, proqramlarla partiyaların mövqeyi açıq şəkildə ortada olmalıdır. Partiyanın hansı ideoloji xətti tutduğu, hansı istiqamətə üstünlük verdiyi proqramda göstərilməlidir. Hesab edirik ki, bu şərtlər partiyaların mövqeyini və simasının göstərilməsi üçün vacibdir və çox yaxşı tendensiyadır.

- Həmçinin, “Siyasi partiyalar haqqında” yeni qanunda dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı ayrılacağı da göstərilir. Bunun özü də partiyaların inkişafına xidmət edəcək bir amil kimi nəzərə çarpır...

- Siyasi partiyaların maliyyə ilə təmin olunması da müsbət haldır. Yəni partiyalar dövlət büdcəsindən maliyyələşirsə, kənar təsirlərdən uzaq olacaq. Təklifimiz ondan ibarətdir ki, seçkilərdə iştirak edən partiya mütləq maliyyə cəhətdən təmin olunmalıdır. Bu, partiyanın xarici amillərdən asılı olmaması üçün vacibdir. Məncə, yeni qanuna söykənərək partiyaların daha geniş şəkildə dövlət tərəfindən dəstək alması çox yaxşı olar. Yəni partiyaların ofislə təmin olunması və digər xərclərinin qarşılanması istiqamətində bir az daha artıq addım atılması yaxşı olar.

Elmir Mustafa
Cebhe.info