Yeni təhlükəyə qarşı Azərbaycan-Türkiyə-İsrail ittifaqı yaradılır? -MÜSAHİBƏ

Yeni təhlükəyə qarşı Azərbaycan-Türkiyə-İsrail ittifaqı yaradılır? -MÜSAHİBƏ

Ermənistan, İran və Hindistan Azərbaycan və Türkiyəyə qarşı üçlü formatın yaranması istiqamətində danışıqlar aparır.

Aprelin 20-də İrəvanda Ermənistan, İran və Hindistan Xarici İşlər Nazirlikləri arasında ilk dəfə üçtərəfli görüş baş tutub. Görüşdə tərəflər bir sıra siyasi və iqtisadi məsələlər, o cümlədən regional kommunikasiyalar və mədəni əməkdaşlıqla bağlı ətraflı məsələhətləşmələr aparılıb.

Şimal-Cənub dəhlizi, habelə Ermənistanın İran ərazisi vasitəsilə Hindistana birləşdirəcək nəqliyyat kommunikasiyaların qurulması tərəflər arasında siyasi məsləhətləşmələr çərçivəsində əsas müzakirə mövzusu olub.

Yaxın zamanda İrəvan, Tehran və Dehlinin növbəti üçtərəfli görüşlərdə bir sıra hərbi-siyasi məsələləri də nəzərdən keçirəcəyi gözlənilir.

Məsələnin mahiyyəti və üç dövlətin Cənubi Qafqazda gələcək geostrateji hədəfləri ilə bağlı politoloq Əlimusa İbrahimov Cebhe.info-ya müsahibə verib.

-Yaxın gələcəkdə Azərbaycan və Türkiyəyə qarşı Ermənistan, İran və Hindistan tərəfindən üçtərəfli hərbi-siyasi və iqtisadi ittifaqın formalaşması ehtimalı ola bilər?

-İran və Hindistanın Ermənistanla münasibətləri hamıya aydındır və biz bu münasibətlərin son dövrlər inkişafına şahid oluruq. Ayrı-ayrılıqda İran-Ermənistan münasibətləri, Hindistan-İran münasibətləri bildiyimiz kimi müəyyən qədər inkişaf mərhələsi keçib. Bu münasibətlərin üçlü siyasi məsləhətləşmələr istiqamətində möhkəmlənməsi yeni bir mərhələ hesab oluna bilər. Amma yeni bir formatın və ya ittifaqın yaranmasının Ermənistana, yaxud digər dövlətlərə fayda verib-verməyəcəyi yalnız gələcək göstərəcək. Dünən İrəvanda üç dövlət arasında keçirilmiş görüş siyasi xarakter daşıyır. Bu siyasi məsləhətləşmələrdən sonra yəqin ki, iqtisadi və təhlükəsizlik məsələləri də ortaya çıxacaq. Ancaq bu üçtərəfli formatın gələcəkdə inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə və ya ittifaqa çevriləcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Ona görə ki, belə bir ittifaqın formalaşması Rusiya, o cümlədən Avropa və ABŞ tərəfindən xoş qarşılanmayacaq. İranın hər hansı dövlətlə hərbi-siyasi və iqtisadi münasibətlər saxlaması Qərbdə heç vaxt yaxşı qarşılanmayıb. Ermənistan-İran-Hindistan üçlüyünün uğur qazanacağı barədə müsbət bir fikir söyləmək çətindir. Əlbəttə ki, bu üç dövlətin ittifaqla bağlı planları regionda Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Amma unutmaq lazım deyil ki, Rusiya da bu regionun fəal və aktiv siyasi aktorlardan biridir. Moskva bu tipli ittifaqları qısqanclıqla qarşılayacaq, hətta böyük ehtimalla buna imkan verməyəcək.

Həmçinin hesab edirəm ki, bu üç dövlətin münasibətləri ikitərəfli münasibətlərdən daha çox inkişaf edə bilməyəcək. Çünki onların bir-biri ilə münasibətlərində ortaq maraqları yoxdur. Əksinə, bir çox məsələlərdə onların maraqları toqquşur. İran və Hindistan Ermənistanla münasibətlərdə öz fərqli maraqlarını güdür. Eyni zamanda, Ermənistan da İran və Hindistandan istifadə etməklə öz iqtisadiyyatını, hərbi potensialını inkişaf etdirmək məqsədi güdür. Ermənistan İranın hesabına öz ordusunu gücləndirmək niyyətindədir. Lakin İran öz silahlarını Rusiya kimi Ermənistana pulsuz satmayacaq. Ermənistan İran və Hindistandan silah və digər hərbi ləvazimatlar almaq üçün külli miqdarda pul ödəməlidir. Halbuki indiki şəraitdə Ermənistanın həmin vəsaiti ödəməyə imkanı yoxdur. Bununla yanaşı, İran və Hindistanın Ermənistana satacağı silahlar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməyəcək.

-Sizcə, Rusiya və Qərbin Ermənistanın İran və Hindistanla bərabər üçtərəfli ittifaq yaratmasına imkan verməməsi nə dərəcədə mümkün olacaq?

-Əgər Rusiya bu ittifaqda iştirak etməyəcəksə, Moskvanın buna xeyir-dua verməsi mümkün olmayacaq. Rusiyanın digər dövlətlərin, eləcə də Hindistanın Cənubi Qafqazda mövcudluğunu qəbul edəcəyini düşünmək sadəlövlük olardı. Həmçinin, Ermənistanın İrandan silah almasına da mənfi reaksiya verəcək. Hesab edirəm ki, belə bir ittifaqın formalaşmasında ən böyük əngəl elə Rusiyanın özü olacaq. Təbii ki, bu ittifaqı formalaşdırmağı planlaşdıran dövlətlər düşünürlər ki, Rusiyanın diqqəti Ukrayna müharibəsinə qarışıb və Moskva regionda proseslərə reaksiya verməyəcək. Lakin onlar öz düşüncələrində yanılırlar. Rusiyanın hələ də Ermənistanın xarici siyasətini bloklamağa kifayət qədər təsir imkanları var. Həmçinin Qərb də Ermənistanın İran və Hindistanla ittifaq yaratmasına müsbət münasibət bildirməyəcək. İrəvanın İranla hazırki münasibətlərində addımları ABŞ və Avropa ölkələrində narahatlıqla qarşılanır. Qərb də bu ittifaqın formalaşmasına imkan verməyəcək.

-Azərbaycan bu mümkün ittifaqa cavab olaraq Türkiyə və İsraillə üçtərəfli ittifaq formalaşması istiqamətində addımlar ata bilər?

-Azərbaycan xarici siyasətini daha da təkminləşdirmək üçün Türkiyə və İsraillə münasibətləri inkişaf etdirir. Bu münasibətlərin güclənməsinin qarşısını ala biləcək heç bir qüvvə yoxdur. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və strateji əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində möhtəşəm qələbəsində Türkiyənin müstəsna və müfəssəl rolu danılmazdır. Həmçinin o zaman heç bir dövlət, hətta qlobal səviyyədə fəaliyyət göstərən güc mərkəzləri Azərbaycan-Türkiyə münasibətlərində problem yarada bilmədilər.

Türkiyə-İsrail münasibətləri də Azərbaycan-İsrail münasibətləri kimi inkişaf etməyə doğru gedir. Ankara və Təl-Əviv arasında münasibətlərin strateji əməkdaşlığa çevriləcəyini də istisna etmirəm. Azərbaycan, Türkiyə və İsrail qarşılarına üçlü blok yaratmasını məqsəd kimi qoymasalar da, hazırki siyasi vəziyyət buna doğru aparır. Hesab edirəm ki, yaxın gələcəkdə bu ittifaqın yaranmasına şahidi olacağıq.

Onu da qeyd edim ki, Ermənistan-İran-Hindistan ittifaqından fərqli olaraq Azərbaycan-Türkiyə-İsrail ittifaqının formalaşmasına əngəl yaradan heç bir ciddi maneə olmayacaq. Azərbaycan, Türkiyə və İsrailin strateji əməkdaşlıq səviyyəsində blok və ya ittifaq yaratması ilə bağlı perspektivlər artıq özünü büruzə verir.

Yunis Abdullayev
Cebhe.info