31 il gecikən vida: Ölümsüzlüyə birgə addımlayan şəhid baba və nəvə...

31 il gecikən vida: Ölümsüzlüyə birgə addımlayan şəhid baba və nəvə...

Azərbaycanlılarda “torpağı sanı yaşayasan” deyə bir deyim var.

Bu, kiməsə, xüsusilə, vəfat etmiş birinin adını daşıyan şəxsə uzun ömür arzulama şəklidir. Burada “san” sözü sanmaq, saymaq sözündən yaranıb. Bizdə, həmçinin, baba və nənənin adını daşımaq, yaşatmaq, o ada layiq olmaq ənənəsi də mövcuddur. Elə Gülverdi baba və Gülverdi nəvə kimi...

İlin bütün istisini bir günə sığdırmağı bacaran təbiətə söz tapmayaraq yol alırıq torpaq uğrunda canından keçən, amma torpaq sanı qədər yaşaya bilməyənlərin ünvanına. Avqust bürküsündə heç bitməyəcəkmiş kimi bir yolla Abşeron rayonunun Qobu qəsəbəsinə 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Gülverdi Hüseynovun dəfn mərasiminə gedirik.

O, 31 il öncə Birinci Qarabağ döyüşlərində qəhrəmancasına vuruşaraq həlak olub, lakin döyüşlərin qızğın vaxtında şəhidin nəşini ailəsinə təhvil vermək mümkün olmayıb. 41 yaşında şəhid olan Gülverdi döyüşə gedəndə ailəsi, 5 övladı vardı. Övladlarının bəzisi tələbə, bəzisi şagird, bəzisi isə hələ körpə idi. Atalarının şəhid olduğunu bilən şəhid övladları 31 il bir məzara çiçək qoyub, bir məzar başında ağlaya bilməmişdilər.

2020-ci il İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra bir neçə döyüşçünün nəşinin qalıqları tapıldı. Onların içərisində Gülverdi Hüseynov da var idi. Onun nəşi Qobu qəsəbəsində dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırıldı. Qızları atalarını ikinci dəfə itirirdilər, 31 il öncə və bu gün. Lakin atalarının məzarını ziyarət edə biləcəklərinə sevinirdilər.

Qızı Cahan xanım Cebhe.info-ya atasını son dəfə hərbi geyimdə 12 yaşı olanda gördüyünü deyir:

“Hamımızla sağollaşıb getdi, o, bizi çox sevirdi. Onda uşaq idik, ata itkisini dərk eləmirdik, amma biz bu gün atamızı itirmişik. Şükür olsun bu günə, indi atamızın qəbri var, biz də atası ölmüş övladlar kimi atamızın qəbrini ziyarət edəcəyik”.

Qızı Pərvanə xanım isə 31 il öncə tələbə olduğunu bildirir:

“Atam hərbçi olduğu üçün sərt, tələbkar biri idi, həmçinin də çox mehriban idi. 41 yaşında şəhidlik zirvəsinə yüksəldi. Qızğın döyüşlər getdiyi, torpaqlar işğalda olduğu üçün atamın nəşi bizə verilə bilməmişdi. Amma həmişə gözləyirdik. Çox şükürlər olsun ki, atamın nəşinin qalıqları bizə təqdim olundu”.

Onların yeganə təsəllisi isə atalarının adını daşıyan nəvə Gülverdi idi. Mərhumun qızı Pakizə xanım 1997-ci ildə doğulan oğluna qəhrəman atasının adını verir. Atasının adına layiq olmağı, ona bənzəməyini, onun ömrü qədər yox, adı qədər, uğrunda uşaqlarından, canından keçdiyi torpaq qədər yaşamağını arzulayır.

Lakin... Gülverdi Qasımov 2020-ci il oktyabrın 26-da İkinci Qarabağ müharibəsində iştirak edir, Cəbrayıl və Füzulinin azdlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşür və şəhid olur. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına” görə medalları ilə təltif olunur. Onun məzarı Abşeron rayonu Qobu qəsəbə qəbiristanlığındadır. Çiynində babasının adının məsuliyyətini daşıyan Gülverdinin məzarında babasının fotosu var.

Taleyinə şəhid qızı və şəhid anası olmaq yazılan Pakizə xanım atasının məzarının olduğu üçün bir rahatıq tapdığını deyir:

“Atam çox mehriban, qayğıkeş, vətənini sevən idi. Müharibə başlayanda o da silaha sarıldı və vətəni qorumağa getdi. İllər öncə 1992-ci il yanvar ayının 26-da itkin düşdü, şəhid oldu. İndi yenidən nəşinin qalıqları tapıldı və DNT analizi təsdiq olunandan sonra bizə təhvil verildi. İndi bizim ziyarət edəcəyimiz bir məzar var, ora gedib, dualarımzı edəcəyik. Biz əvvəllər Daşaltı əməliyyatında şəhid olanların xatirəsinə qoyulan abidəyə gedirdik”.

31 il sonrakı vida...

İllərdir babasının itkin olduğunu bilən nəvəsi Əkbər Qasımov bu gün uzun zamanın narahatlığına son qoyulduğuna görə kədərlə yanaşı sevindiyini də dilə gətirib.

Əlini, ayağını, sağlamlığını torpaq yolunda qoyan vətən oğulları da öz döyüş yoldaşlarını son mənzilə yola salmağa gələnlər arasında idilər. Onlar üçün həmin illərə qayıtmaq çətin olsa da göz yaşlarına boğula-boğula xatirələrini bizimlə bölüşdülər. I qrup Qarabağ qazisi Rasim Ələkbərov Daşaltı əməliyyatından danışmağın çətin, həyəcanlı olduğunu deyib, göz yaşlarını saxlaya bilmədi.

Digər döyüş yoldaşı həmin əməliyyatda 70-90 nəfərin itkin düşdüyünü və itkin düşənlərdən 7 nəfərin nəşinin tanındığını qeyd edib:

“Həmin əməliyyatda hava şəraiti pis idi, Şuşa şəhərinə təyyarə ilə yox, “İkarus”la gedəsi olduq. 60 nəfərlik dəstə idi. Rəhmətlik Riad Əhmədovun qrupu pusquya düşmüşdü və bunlardan bizim xəbərimiz yox idi. Bizə yoldaşlarımızın kəndi aldığını və onlara silah lazım olduğunu dedilər. Kəndə düşəndə bizi hər tərəfdən atəşə tudular. Naəlac vəziyyətə düşdük, mübarizə apardıq, şəhid də verdik, itkinlərimiz də oldu”.

Doğmalarının yaddaşında 23 və 41 yaşında qalan baba Gülverdi ilə nəvə Gülverdi indi uğrunda şəhid olduqları torpaqda yanaşı uyuyurlar. Onlar “torpaq sanı” qədər yaşayanlardan daha uzun ömürlü, daha ölümsüzdürlər.

Günay Şahmar
Cebhe.info