Ağlayan uşaqlar, qəzəbli və narazı böyüklər: Son günlərin ən qalmaqallı məkanından REPORTAJ

Ağlayan uşaqlar, qəzəbli və narazı böyüklər: Son günlərin ən qalmaqallı məkanından REPORTAJ

Ölkəmizdə yeni təhsil ilnin başlamasına bir neçə gün qalıb.

Övladını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəb ləvazimatları ilə yanaşı, məktəbli forması da almalıdırlar. Belə ki, bu il mart ayında Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar qəbul edib.

Hökumət “məcbur deyil” deyir, məktəb isə...

Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Qərarın bu tədris ilindən tətbiq ediləcəyi qeyd olunsa da, hazırda istifadədə olan formaların tədris ilinin sonunadək tətbiq edilə biləcəyi vurğulanıb.

Lakin ümumitəhsil müəssisələri valideynlərə şagirdlərin, xüsusilə, ibtidai sinifdə təhsil alanların yeni məktəbli formasından istifadəsinin məcbur olduğunu bildirirlər.

Valideynlər də bunu nəzərə alaraq, üz tutublar yeni məktəbli formalarını istehsalı və satışı ilə məşğul olan Bakı Tikiş Evinə.

Ağlayan və sevinən uşaqlar bir arada

Cebhe.info-nun müxbiri vəziyyətlə yerində tanış olmaq üçün Bakı Tikiş Evində olub, valideynlərlə və mərkəz nümayəndələri ilə söhbət edib. Müəssisənin qarşısında böyük izdiham yaşanırdı. Bakının isti və küləkli havasında bir, iki və hətta üç uşaqla məktəbli forması almağa gələn valideynlər hallarından məmnun görünmürdülər. Bir tərəfdə valideynlərin sözünə baxmayıb, ora-bura qaçıb, sevinən uşaqlar, digər tərəfdə gözləməkdən, geyinib-soyunmaqdan bezib, ağlayan uşaqlar...

“Biz yazıqlar nə edək?”

Bu mənzərənin yaranmasına səbəb isə məktəbin başlamasına az vaxtın qalması və məktəbli formalarının gec hazırlanması idi. Valideynlər formaların gec hazırlanmasından, istədikləri ölçüdə və rəngdə geyimlərin tapılmamasından, aldıqları formaların keyfiyyətindən narazı idilər. İlk həmsöhbətimiz Zərifə Fərzəliyeva adlı valideyn yuxarı sinif şagirdləri üçün yeni formanın tikilməməsindən gileylənirdi:

“İnternetdə yazılıb ki, Bakı Tikiş Evi bazar günü də işləyir. Dünən taksiyə 5 manat verib gəlmişəm ki, yoxdu, bağlıdır. Bu gün də 5 manat pul verib gəlmişəm, indi də deyirlər ki, ancaq ibtidai siniflər üçün geyim var. Bəs biz yazıqlar neynəyək? Keçən il geyindikləri paltarları da indi olmur, biz nə almalıyıq? Müəllim də qrupa formaları atıb ki, bunlardan alın. Buradan başqa da heç bir yerdə satılmır. Qiymətlərdən xəbərim yoxdur”.

Ağız deyəni qulaq eşitmir

Bakı Tikiş Evinin qarşısına toplaşan valideynlərin bir çoxu isə ağ köynəklərin tapılmamasından şikayətçi idilər. Onlar iddia edirdilər ki, ağ rəngdə nə qısaqol, nə uzunqol köynək tapılır. Valideynin biri bu gün ağ köynəklərin olmayacağını elan etsə də, digərləri gözləməkdə israrlı idilər. Bu qələbəlikdən içəri keçməyə çalışırıq. İçəridə cəmi üç soyunub-geyinmə otağı işləyirdi. Dözülməz istidən durmaq mümkün olmayan zalın tutumundan çox ana-ata, nənə-baba və uşaq vardı. Kassanın və geyimlərin satıldığı piştaxtanın önündə ucsuz-bucaqsız növbə yaranmışdı. Sözün düzü, növbə qaydalarını da gözləyən yox idi. Zalın istənilən yerində ölçüləri dəqiqləşdirmək üçün övladlarına geyimləri geyindirən valideynlərin hay-küyündən, bütün alıcıların suallarına cavab verməyə çalışan satıcıların, eyni zamanda, uşaqların səsindən qulaq tutulurdu. Kimisi ölçülərin uyğun gəlmədiyindən, kimisi keyfiyyət və qiymətindən gileylənirdi. Girişdə geyimlərin qiymət cədvəli asılsa da, valideynlərin hamısı qiyməti təkrar satıcılardan soruşub, sanki yazılan rəqəmlərin dəqiq olduğuna əmin olmaq istəyirdilər.

“Hamı alır, uşaqlar ağlaşırlar”

Cədvəldə həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manat göstərilib. Gödəkçələr isə formaya daxil deyil. Bakı Tikiş Evinin satıcısı Tural Bayramov bizə ağ köynəklərin bu gün olmayacağını dedi. O, ağ rəngdə olan köynəklərin tez bitdiyini bildirdi: “Ağ köynəklər səhər-səhər, hər ölçüdən 150 sayda verilir. Sadəcə, tez bitir, mənzərəni görürsünüz, forma almağa elə bil hamı birdən gəlir”. Zalın bir küncündə satıcı ilə mübahisə edən valideynlərə yaxınlaşıram. Əlindən tutduğu uşaqların nənəsi olduğunu deyən müştəri ölçülərin uyğunsuzluğu ucbatından günlərdi paltar ala bilmədiyini deyir: “Uşaq birinci sinfə gedir, müəllim deyib ki, mütləq almalısan. Neçə gündür işdən icazə alıb gəlirəm, amma ala bilmirəm. Nə vaxt gəlirəm, deyirlər ki, yoxdur. Hamı alır, uşaqlar ağlaşırlar. Ölçü uyğun gəlmir, böyükdür, sifariş də götürmürlər”.

“Keyfiyyətsizdir”

Ehtiram Sabziyev adlı valideyn isə geyimlərin keyfiyyətdən narazıdır: “Çətinliklə də olsa aldım. Bizə ağ yox, mavi köynək lazım idi. Məncə, geyimlər pambıq parçadan deyillər, pambıq olsaydı, daha keyfiyyətli olardı. Çox nazikdilər”. Bundan başqa, Bakı Tikiş Evində qayışlar da satılır, onların isə vahid qiyməti 3 manatdır.

“Tərifə ehtiyac yoxdur, hamısı yundur”

Mərkəzdə qurumun satış müdiri Etibar Əzimovla görüşüb, satış zalındakı səs-küyü arxada qoyaraq içəri keçirik. Valideynlərin paltarların keyfiyyətsiz olmasına dair iddialarına cavab verən satış müdiri hamısının pambıq parçadan hazırlandığını dedi: “Köynəklər 95 faiz pambıq parçadan, şalvar və ətəklər 86 faiz yun parçadan hazırlanıblar. Boz parça Belarusdan alınıb. Hamısının rəsmi sertifikatı, istehsalçısı yazılıb. Bu geyimləri tərifləməyə ehtiyac yoxdur, hamısı yundur”.

Şöbə müdiri: “Bizdən heç soruşan olmadı ki...”

Etibar Əzimov bildirdi ki, belə vəziyyətin yaranmasına səbəb onlara vaxtında sifarişin verilməməsi olub. Mərkəzin nümayəndəsi qərarın martda verildiyini, lakin o vaxtdan heç bir məktəbin seçim edib sifariş vermədiyini dedi: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dedi ki, hələ bilmirik. Biz özümümz fikirləşdik ki, vaxt az qalıb. İyun ayında parçaları sifariş etdik, parçalar da 45 gün ərzində gəlir. Parçalar gələndən sonra tikməyə başladıq. Bizdən soruşan olmadı, bizə deyən olmadı ki, hansı rəngdə edin. Parçaların pulu əvvəldən verilir. Biz də tələbatı nəzərə alaraq, düşündük ki, iki rəngdə geyimlər tikək. Qərar gec verilib, bu, bizim günahımız deyil”.

Gündə 1500 uşaq geyindirirlər

Həmsöhbətimiz bildirdi ki, gün ərzində təxminən 1300-1500 uşaq geyindirirlər. Bəzən valideynlər onlara lazım olduğundan çox ağ rəngli köynək aldığı üçün köynəklər tez bitir. Məlumat üçün bildirək ki, avqustun17-dən yeni məktəbli formaları satışa çıxarılıb. Bakı Tikiş Evində iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Formaların Bakı Tikiş Evi və “Bravo” supermarketlərindən başqa digər mağaza və dükanlarda satışı qadağandır. Etibar Əzimovla sağollaşıb yenidən səs-küyün içərisindən keçib qayıdırıq. Çöldə, anbarın qapısının ağzında dəfələrlə ağ rəngli köynəklərin bu gün satışda olmayacağı elan edilsə də, həmin köynəkləri gözləyən valideynlərin olduğu yerdən ayrılmayıb, gözlədiklərini gördük. Bir sözlə, mart ayından bu tədris ilində yeni formaların tətbiq olunduğu elan edilsə də, sentyabrın 15-də yeni formalarsız məktəbə gedən şagirdlərin çox olacağı məlum məsələdir.

Hər il yaşanan və günlərdir davam edən müzakirələrə millət vəkilləri də münasibət bildiriblər. Deputat Razi Nurullayev məktəbli formasına ehtiyacın olmadığını deyib. O, məktəbdə müəyyən çərçivələr daxilində hər kəsin əlçatan olduğu qiymətə geyimin alınmasının daha yaxşı olmasını bildirib: “Məktəbli geyimlərinin ayrı-ayrı özəl təhsil müəssisələri tərəfindən tətbiq olunması məqsədəuyğun ola bilər. Dünyada belə bir praktika var. Özəl və bahalı məktəblərdə valideynlərin formaları almağa imkanı çatır. Lakin indiki dövrdə məktəbli formaları üzərindən biznes qurmaq, valideynləri çətinə salmaq qəbul edilən deyil. Ona görə də məktəbli forması tələbi ləğv olunsa, daha yaxşı olar. Bunu ya özəl məktəblər öz hesabına, ya da valideynlərin hesabına təşkil edə bilər. Bir neçə dəfə bu məsələni araşdırmışam və bir çox ölkələrdə ümumi dövlət məktəblərində məktəbli forması iddiası yoxdur”.

Milli Məclisin üzvü Fazil Mustafa da məktəbli forması məsələsinin başdan-ayağa hoqqabazlıq olduğunu bildiirb: “Hamı tökülub inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Hələ bir neçə uşağı məktəbə gedən valideynlərin halını təsvir etmirəm. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa, yaxşı olardı”.

Günay Şahmar
Cebhe.info