Azərbaycan bayraqlı və şəhid fotolu Aşura-FOTOLAR

Azərbaycan bayraqlı və şəhid fotolu Aşura-FOTOLAR

Bu gün İslam dünyası Aşura gününü qeyd edir.

Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.

Cebhe.info olaraq Aşura mərasimlərini Yasamal rayonu ərazisində yerləşən “Məşədi Dadaş” və “Hacı Sultan Əli” məscidində izlədik. İlk olaraq diqqətimizi çəkən məqam hər iki məscidin qarşısında Azərbaycan bayrağının dalğalanması, Qarabağ şəhidərinin fotolarının asılması idi. “Məşədi Dadaş” məscidində Hacı Şahin moizə söyləyirdi.

“Hacı Sultan Əli” məscidində isə mərsiyyə, növhə oxunurdu. Hər iki məhsciddə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdu. Polis əməkdaşları mərasim iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün məscidlərin giriş və çıxışlarında xidmət aparırdı.

Qeyd edək ki, hər il Hicri təqviminin Məhərrəm ayında yad edilən Kərbəla hadisələrinin tarixi VII əsrə təsadüf edir. Şiə təriqətində qeyd edilən dini ayinlər 680-ci ildə Kufədə başlayan qiyamla bağlıdır. Belə ki, qiyama qalxanlar Həzrəti Əlinin kiçik oğlu İmam Hüseyndən yardım istəyir və ondan gəlib Kufədə atasının düşməni olan Əməvi sülaləsinə qarşı üsyana mənəvi dayaq olmağı, qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən (indiki Kərbəladan) keçəndə (oktyabr, 680-ci il) Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası «Kərb» yəni hüzn və «bəla» sözlərindən ibarətdir.

Azərbaycanda da hər il Məhərrəm ayının 10-cu günündə Aşura mərasimləri keçirilir. Ənənəvi olaraq Azərbaycanda Aşura günündə qanvermə aksiyaları təşkil olunur. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsi kimi qiymətləndirilir. Bu gün də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Vilayət Muxtar
Cebhe.info