Azı evdə, çoxu küçədə: Qarlı Bakının sahibsiz sakinləri - REPORTAJ

Azı evdə, çoxu küçədə: Qarlı Bakının sahibsiz sakinləri - REPORTAJ

Ötən gündən Bakı küçələrində və ətraf rayonlarda qarlı hava şəraiti müşahidə edilir.

İnsanlar kimi heyvanların da isti yerə, qidaya ehtiyacı yaranır. Bu zaman sözsüz ki, küçələrdə sahibsiz həyat sürən heyvanlar yada düşür. Küçələrin daimi sakinləri adətən pişiklər və itlərdir. Onlar elə küçədəcə yem tapır, küncdə - bucaqda sakit bir daldanacaq tapıb nəsil artırıb çoxalırlar.

Hər nə qədər insanların tam olaraq sevgisini qazanmasalar da, bu varlıqları sevənlər də az deyil. Onları doğma bilib, bağrına basıb, evlərinin qapısını açanlar da kifayət qədərdir. Belə heyvansevərlərdən birinin qonağı olduq. İlhamə Kərimova böyük ürəyi ilə evində nəinki bir, hətta, bir neçə pişik bəsləyir.

Pişikləri sahibləndikdən sonra onlara Pıfı, Qarmaş, Çikolata, Cücüş, Əciş adları qoyub. Evə getdiyimizdə pişiklər bizi görüb qaçıb gizləndilər. Bir saatdan sonra utancaq pişiklər nəhayət ki, "üzə çıxdılar", sonra evlərinə gələn qonağa isinişdilər.

Qonağı olduğumuz evin Kakos adlı toppuş dovşanı da var.

Ev sahibi bildirir ki, daha böyük evi olsa, daha çox heyvan sahiblənməyə hazırdır. Heyvansevər xanım bununla kifayətlənməyib, küçədə yaşayan pişikləri də sahiblənməkdən böyük zövq alır.

Hətta, qarlı- çovgunlu havadan qorunmaqçun sahibsiz pişiklərə pəncərəsənin önündə samandan yer də düzəldib.

Müsahibimiz deyir ki, pişiklərin belə havada ac qalması onu çox narahat edir. Səhər saatlarında tez oyanıb özünə sual verir ki, görəsən, küçədəki pişiklər qarnı ac yatdılar, ya deyil...?!

İlhamə xanım bizi küçədəki bəslədiyi pişiklərlə də tanış etdi. Pişiklərə aldığı yemi götürərək, qarlı havada onları tapmaq üçün yol yoldaşlığı elədik. Pişiklərin sığındığı yerlərdən onları səslədik. Gec də olsa, səsimizə cavab verib, qarda bayıra çıxan pişiklər nəhayət bizə yaxınlaşdılar. Bina həyətlərində mərhəmətli insanların küçə heyvanlarını qorumaq üçün tikdikləri yuva-evlərə da baxdıq...

Pişikləri sevənlərin hətta kartondan düzəltdiyi sığınacaqlar da vardı. ürəklərinin əməyini qoyduqları üçün çox sevimli görünürdülər...

Bunları gördükcə “Nə yaxşı ki, belə insanlar var!” dedik.

Küçə heyvanları sırasında itləri görüntüləmək isə olduqca çətin oldu. Onların sayı küçələrdə pişiklərə nisbətdə azdır. Təbii ki, bu, şəhərin mərkəzi hissələrində belədir, ətraf ərazilərdə sahibsiz küçə itlərinin sayı daha çoxdur. Elə bu yaxınlarda Masazırda küçə itinin hücum etdiyi xanımın ölümünə dair xəbər yayılıb. Qarlı havada itləri görüntüləyə bilmədik.

Mərhəmət hər insana məxsus deyil, bu, insanlarda ayrıcalıq yaradır. Bunu sonradan əldə etmək qeyri-mümkündür. Yalnız daxildən gəlməlidir. İnsanlara həmin hissin çox olmasını arzu edib, çəkdiyimiz kadrlarla izləyiciləri baş-başa buraxırıq.

Aylin
Cebhe.info