Bakıda mağazalardan məhsullar yoxa çıxır - REPORTAJ

Bakıda mağazalardan məhsullar yoxa çıxır - REPORTAJ

Xəbər verdiyimiz kimi, dünya ölkələrində əlverişsiz vəziyyətə görə bir sıra məhsullarda qıtlıq yaranıb.

Bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, bu vəziyyət hava şəraiti, koronavirus pandemiyası, eləcə də Rusiyanın xüsusi əməliyyatı fonunda formalaşmış geosiyasi vəziyyətlə bağlıdır.

Məlumata görə, Avstraliyada kahı çatışmazlığı yaranıb, bununla əlaqədar KFC restoranlar şəbəkəsi burgerlərə kələm əlavə etmək qərarına gəlib. Yaponiyada soğan və kolbasa, Almaniyada pivə və ABŞ-da popkorn tapılmır. Əvvəllər “McDonald's” kartof qıtlığına görə bir neçə ölkədə qızardılmış kartofunun satışını dayandırmalı olub, Sinqapurun KFC restoranlarında isə kartof vafli qırıntıları ilə əvəz edilib.

Maraqlıdır, dünyada davam edən böhranlı vəziyyət Azərbaycana necə təsir edib? Mağazalarda yuxarıda adları sadalanan ərzaq məhsulları ilə bağlı qıtlıq yaşanırmı?

Bu suallara cavab tapmaq üçün Cebhe.info-nun əməkdaşı bir neçə marketə və məhəllə mağazalarına baş çəkib.

Yolumuzu öncə Cəfər Cabbarlı küçəsində yerləşən “AL Market”dən saldıq. Marketdə iki yeşikdə az sayda kartof və soğan qoyulmuşdu və soğan demək olar ki, yox səviyyəsində idi. Satıcı isə bunu satışın yaxşı olması ilə əlaqələndirdi. Lakin kolbasa çeşidləri olduqca az idi.

Daha sonra Zivərbəy Əhmədbəyov küçəsində yerləşən “Gandmart Market”ə üz tutduq. Burada bölümlər hələ təzə yenilənirdi. Satıcı da həm kolbasa, həm soğan, həm də kartof bölümünün səhərdən yeniləndiyini bildirdi. Xanım satıcının sözlərinə görə, hər gün marketə yeni məhsullar gətirilir və köhnələr rəflərdən yığışdırılır.

Müşahidələrimizi davam etdirmək üçün Əli bəy Hüseynzadə küçəsində yerləşən “Oba” marketə də baş çəkdik. Kassir hər gün məhsulların yeniləndiyini bildirsə də, soyuducularda kolbasaların az olması diqqətimizdən yayınmadı. Burada həm çeşid az idi, həm də yenilənmə aparılmamışdı. Lakin kartof və soğan kisələri təzə gətrilmişdi.

Daha sonra eyni küçədə yerləşən məhəllə marketində müşahidəmizi davam etdirdik. Burada isə satıcı hər gün kartof və soğan gəldiyini, o cümlədən hər hansı bir qıtlıq yaşanmadığını qeyd etdi:

“Qıtlıq fyoxdur, əksinə bolluqdur. Hər gün də bura yeni məhsul gətirilir. Belə bir problem yaşamırıq ki, kartof olmasın, soğan olmasın, gətirilir, insanlarımız da alır”.

Naibə
Cebhe.info