Bakıda ucuz yeməyin ünvanında halallıq söhbəti: “Kef edirik”, “Yox bir, dinozavr əti satırıq”

Bakıda ucuz yeməyin ünvanında halallıq söhbəti: “Kef edirik”, “Yox bir, dinozavr əti satırıq”

Dönərxanalarda zəhərlənmə halının qeydə alınması, şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı son günlər yayılan xəbər ciddi narahatlıq yaradıb.

Bu xəbərdən sonra bir çoxları ucuz yemək kimi tanınan və heç də az məşhur olmayan dönərdən imtina barədə düşünür. 

Cebhe.info əməkdaşı zəhərlənmə xəbərlərindən sonra yaranan vəziyyətlə tanış olmaq üçün bir neçə dönərxanaya baş çəkib.

“Ukrayndan donmuş halda gətirilir”

"20 Yanvar" metrosunun yanında yerləşən dönərxanalara və yeməkxanalarda dönər alaraq dönərsatanla həmsöhbət olub. Adının çəkilməsini istəməyən satıcı bildirib ki, bütün lazımi sertifikatları var. O,  “Toyuq ətindən dönər satırıq, ətin də mənbəyi yerli bazarlardır. Bütün sənədlərimiz də var, buyur bax”,- deyərək əməkdaşımıza lazımı sənədləri təqdim edib.

Həmçinin qeyd edib ki, müştərilərin sayında heç bir azalma olmayıb, əksinə şagirdlər, tələbələr dönər alışını daha da artırıb. Bundan əlavə, həmsöhbətimiz dönərxanalara, obyektlərə dönərin haradan gəldiyi, mənşəyini haqda da danışıb. Onun sözlərinə görə, ətlər ya yerli bazardan alınır, ya da Ukraynadan donmuş halda gətirilir:

“Donmuş ətlər gömrükdən keçir deyə narahatlığa heç bir səbəb yoxdur. Yerli ətlər broylerlərdən alınır”. 

“Yox bir, dinozavr əti satırıq”

Adının çəkilməsini istəməyən digər həmsöhbətimiz isə bildirib ki, dönərxanalarda zəhərlənmə halının baş verməsi nədənsə dönərə marağı daha da artırıb:

“Qardaşım, kef edirik. Heç nəfəs belə ala bilmirəm. Satış çox şükür, yaxşıdır. Vallah, mən neçə ildir dönər satıram, hələ mənim dönərimdən narazı qalan olmayıb. Kim ki, deyir  at əti satırıq, camış əti satırıq, boş söhbətdir. Yox bir, dinozavr əti satırıq”. 

O bildirib ki, satdığı məhsul halaldır və bütün sənədləri var. Dönərxana sahibindən “Dönər alıb kartla ödəniş edə bilərəm?” deyə soruşduqda belə cavab aldıq:

"Bank var ki, kart da olsun? Mən “Muğan Bank”dan istifadə edirdim, onu da bağladılar. Salamatı nağd ödənişdir, mənim 2 manatımı ödə, ya da qonağım ol”.

“Allahdan halallıq sertifikatı alırıq”

 Yaxınlıqda dönər satışı ilə məşğul olan obyektlər çoxdir. Hamısından da bildirdilər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sertifikatları var:

“AQTA-dan məcburi bunu almışıq, cərimə olunmayaq deyə alırıq. Əsas biz heyvanları üzü qibləyə kəsib Allahdan halallıq sertifikatı alırıq və heç bir rüsum, ödəniş etmirdik. Amma indi hərə düşüb bizim canımıza ki, dönər niyə 1 manatdır ? Xoşun gəlmir 1 manata satılan dönərdən? Çıxart, 2 manat ver. Bax, mən balaca "butka”ya hər ay nə qədər icarə haqqı ödəyirəm. Hələ başqa “halallıq” istəyənləri demirəm”,- deyə başqa bir həmsöhbətimiz bildirib.

Müşahidələrimiz də göstərib ki, dönər satışı yaxşı gedir. Əsas tələbat nisbətən ucuz təklif olunan toyuq dönərinədir. Axşamtərəfi olmasına baxmayaraq (yəni nə nahar, nə də şam yeməyi zamanı idi), hər obyektin qarşısında alıcıya rastlamaq olurdu. Hazır dönərlərin də azalması gündəlik satışın yaxşı getdiyini söyləməyə əsas verirdi. 

Həsən Məmmədov 
Cebhe.info