Bal var, müştəri yoxdur - Yarmarkadan REPORTAJ

Bal var, müştəri yoxdur - Yarmarkadan REPORTAJ

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1 oktyabr tarixindən etibarən arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası başa çatdı.

Qeydiyyatı təsdiqlənmiş arıçıların anbara təhvil verdiyi balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxın olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə “bal.kendden.az” saytı vasitəsi ilə 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək həyata keçirilib.

Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edib. Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub.

Yarmarkada yalnız “COVID-19 vaksin sertifikatı”na malik arıçılar iştirak ediblər. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, paytaxtda bal yarmarkası təşkil olunur. Bir sıra alıcılar həmin yarmarkanı səbirsizliklə gözləsələr də bu il əvvəlki illərlə müqayisədə yarmarkada o qədər çox sayda alıcı nəzərə çarpmırdı. Builki bal yarmarkasında müxtəlif bölgələrdən olan arıçılar iştirak edirdi ki, onlardan bəziləri ilə söhbətləşərək mövcud satış vəziyyəti, problemləri, arzuları ilə maraqlandıq.

Kəlbəcər rayonu Boruslu kəndinin sakini, arıçı Şahin Orucov Cebhe.info-ya bildirib ki, 30 ildən sonra həmin bölgədən bal gətirib:

“Biz uzun müddətdir ki, arıçılıqla məşğuluq. Ancaq bu il arıları Kəlbəcərə apardıq və Zülfiqarlı zonasında gözəl meşə var ki, arılarımızı oraya yerləşdirdik. Həmin ərazi sırf çökəlikdir. İnsanın orqanizmi üçün də ən yaxşı məhsul arının cökə ağacından hazırladığı baldır. ümumiyyətlə, cökə balı həm dadına, həm də tərkibinə görə dünyada ən yaxşı bal hesab olunur. Bu il Kəlbəcərdə yaxşı bal oldu, mən arıların əksər hissəsini meşəlik, az bir hissəsini çəmənliyə qoymuşdum. Xüsusilə də uzun illərdən sonra Kəlbəcərə getmək mənim üçün çox xoş oldu. Mən öz evimizə gedəndə göz yaşlarımı saxlaya bilmədim. Mənə dedilər ki, kişisən, niyə ağlayırsan? Hətta öz evimizin həyətinə də arı yeşiyi qoydum. Arılarımızı Kəlbəcərə aparmaq üçün dövlət icazə vermişdi ki, o yolla aparaq. Ancaq maliyyə tərəfi bizə aid idi. Getdiymiz maşınlar arının sayına əsasən 500-800 manata aparırdılar. Getdik Kəlbəcəri gəzdik, arıçılıqla məşğul olduq. Artıq orada canlanma yaranıb, yaşayış yoxdur, ancaq mövsümi təsərrüfatla məşğul olanlar, yəni maldarlıqla, arıçılıqla məşğul olanlar var. Hazırda orada böyük işlər görülür, işıq dirəkləri, tunellər çəkilir, hər bir ərazi şəhərə bənzədilir”.

Arıçı bu yarmarkaya 400 kiloqram bal gətirdiklərini deyir:

“Gətirərkən müvafiq qurum tərəfindən yoxlanılıb. Qiymətlərə gəldikdə isə Kəlbəcər balı 35-50 manat arasındadır. Ancaq alıcılıq zəifdir. Arıçı kimi onu deyə bilərəm ki, Azərbaycanda arıçılıq çox yaxşı inkişaf edib. Ancaq digər ölkənin bal yarmarkasının açılması mənim xoşuma gəlmir. Arıçı kimi istəmərəm ki, əhalimiz xaricdən gətirilən balları alsınlar. Biz də əziyyət çəkmişik, gətirmişik. Ona görə də alıcılıq qabiliyyəti zəifdir”.

Digər ərazilərlə qiymət fərqinə gəldikdə isə arıçı deyir ki, başqa ərazilərin balına pis demək olmaz:

“Aranın özünün də yaxşı balı var. Ancaq Kəlbəcərdə ot, çiçək örtüyü heç yerdə yoxdur. Əgər digər zonalarda arı 100 çiçəkdən bal hazırlayırsa, Kəlbəcərdə 1000 çiçəkdəndir. Bu mənada Kəlbəcər balı zəngindir. Sovet dövründə də məhz ona görə arıçılıq üzrə Kəlbəcər rayonu seçilmişdi. Arıçılar balı bölgələrdə satır, ancaq bir yarmarkada satmaq daha səmərəlidir. Dövlət xaricə satışını təşkil etsə, daha yaxşı olar. Gələn il də bu yarmarkaya gəlmək fikrim var. Burada həm satışla məşğul oluruq, həm də bir-birmizlə məsləhətləşirik”.

Yarmarkarda digər müsahibimiz isə Şəki arıçısı Səməd Muradov oldu.

Arıçı deyir ki, builki yarmarka belə qaydalarla müşayiət olundu ki, hər arıçıya 20 arıdan artıq arısı olan, 400 kilorqramdan artıq olmamaqla bal gətirməyə icazə verilirdi:

“Yarmarka nisbətən az alıcının olması müşayiət olundu. Bunun səbəblərindən biri reklamın yaxşı təşkil olunmaması idi. Yalnız yarmarkanın ilk günündə reklam olundu, sonrakı günlər heç bir KİV-dən gəlib məlumat yayan olmadı. Problemlərdən danışsaq, burada xoşagəlməyən o idi ki, arıçılığı yaxşı bilməyən, peşəkar olmayan arıçılar da gözə dəyirdi. Əslində onlar başqa peşə sahibləridir. Hansısa bir üsulla portalda özlərini arıçı kimi təqdim edirlər. Yaxud zəif arıçılardır, həm də yarmarkada nizam-intizam qaydalarına əməl etmirlər, alver üçün alıcıları bezdirirlər”.

Yarmarkaya gətirdiyi məhsullara gəldikdə isə arıçı deyir ki, bunlar əsasən çiçək tozu, vərəmum, arı südü və bal var olub:

“ümumiyyətlə, bu məhsulların içərisində ən vacibi arı südüdür. Çünki arı südü insan orqanizminə göstərdiyi təsirə görə bütün başqa arı məhsullarını arxada qoyur. Belə ki, arı südü insan orqanizminin bütün orqanlarını fəallaşdırır, cavanlaşdırır, insan ömrünün uzanması üçün böyük əhəmiyyəti var. Vərəmum güclü antibyotik olmaqla dünyada geniş istifadə olunur. Ancaq ölkəmizdə o qədər də əhəmiyyət verilmədiyi üçün onun qiyməti son dərəcə aşağıdır. Əhali az da olsa, ondan istifadə edir. Çiçək tozu isə arıların çiçəklərin içərindən topladıqları tozcuqları ayaqlarında gətirirlər və arı yeşiyindəki çərçivələrə yığırlar. Yarmarkada daha çox satılan məhsulumuz baldır. Bal da bütün məhsullar kimi əhəmiyyətlidir, insan orqanizminin fəallaşmasında, ayrı-ayrı xəstəliklərin aradan qalxmasında mühüm əhəmiyyətə malikdir. Mütəxəssislərin qeyd etdiyinə görə, bal 20 dəqiqədən sonra tam həzmə gedir, bu da onu göstərir ki, insan orqanizmi tərəfindən mənimsənilir. ümumiyyətlə, arı məhsullarını qəbul edərkən acqarına, mümkün olduğu qədər ağız boşluğunda saxlamaq lazımdır”.

Arıçı arzu edir ki, gələcəkdə bal yarmarkasının təşkili zamanı peşəkar arıçılara əhəmiyyət verilsin:

“Yarmarkada ciddi nizam-intizama riayət edənlərə yer verilsin. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi, yaxud İqtisadiyyat Nazirliyi Azərbaycandan xarici ölkələrə bal ixrac etməklə bağlı köməklik göstərsin. Mənim hər il 5-6 ton balım, eləcə də bir neçə kiloqram vərəmum, çiçək tozu, arı südü olduğu halda xarici dövlətlərə ixrac zəif olduğuna görə satış zəif olur. Arzu edərdim ki, xarici ölkələrə ixracla bağlı bizə köməklik göstərilsin”.

Nigar Abdullayeva
Cebhe.info