Köhnə avtomobillərin baha qiyməti: ONLAYN REPORTAJ 

Köhnə avtomobillərin baha qiyməti: ONLAYN REPORTAJ 

Məlum olduğu kimi, istehsal müddəti 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi cari ilin 1 may tarixindən etibarən qadağan olunub.

Eyni zamanda, Milli Məclisdə istehsal ili 4 ildən çox olan avtomobilləri ölkəyə gətirən zaman gömrükdə utilizasiya haqqının ödənilməsi ilə bağlı qanun qəbul edildi. Bütün bunlar isə ölkədə ili köhnə olan avtomobillərin qiymətinin kəskin bahalaşması ilə müşahidə olunur.

Cebhe.info xəbər verir ki, bahalaşma xüsusilə də Rusiya, Almaniya istehsalı olan avtomobillərdə müşahidə olunur. Hər həftənin bazar günü paytaxta əsasən iki ünvanda avtomobil bazarı təşkil olunur. Avtomobil alıcıları qiymətlərin 20-30 faiz civarında bahalaşdığını bildirirlər. Qeyd edək ki, onlayn avtomobil satışında da bahalaşma müşahidə olunur. Onlayn satış platformalarında apardığımız müşahidələr də bahalaşma ilə bağlı deyilənləri təsdiq edir.

Satış platformasına elan yerləşdirən bir neçə şəxslə əlaqə saxladıq. “Mercedes C 180” model maşın satan Ramiz adlı şəxs bildirdi ki, təxminən 2 aydır avtomobilini elan saytına qoyub:

“Aradabir zəng edirlər, qiymətlə maraqlanıb sağollaşırlar. Son günlər isə daha çox zəng gəlir, amma qiymətdə müəyyən dəyişiklik etmişəm. Əvvəlki elanda 8 min manata satırdım, indi isə 10 min 200 manata satıram. Çünki bazarda da qiymətlər bahalaşıb”.

“Kia Rio” satan Sənan da qiymətin dəyişdiyini deyib:

“İndi maşını 11 min 400 manata satıram . Əvvəl isə 10 min manata satırdım. Düzdür, heç alan da yoxdur, sadəcə qiymətlər bahalaşıb”.

Qeyd edək ki, ən çox bahalaşan avtomobillər VAZ 2106, VAZ 2107 və “Niva” -lardır. Məsələn, “Niva” satan Elşən deyir ki, 14 min manata sata bilmədiyi avtomobilini indi 16 min manata istəyirlər:

“Amma indi mən 17 min istəyirəm. Təlabat çoxdur və düşünürəm ki, yaxın günlərdə bu qiymətə sata biləcəyəm”.

Vilayət Muxtar
Cebhe.info