Sürücü və piyadaları təhlükəyə atan yollar: Həm var, həm yox - VİDEO

Sürücü və piyadaları təhlükəyə atan yollar: Həm var, həm yox - VİDEO

Rəngi solmuş piyada keçidləri, gecələr bəzi ərazilərdə yeni quraşdırılmasına baxmayaraq, işığı yanmayan dirəklər...

Bunlar Bakı və Abşeronda hər gün rastlaşdığımız mənzərədir. Bakının Cəfər Cabbarlı küçəsində, metro stansiyasının yaxınlığında çəkdiyimiz videogörüntü də həm sərnişinlərin, həm də sürücülərin çaş-baş qaldığını göstərir.

Heç kəsə məlum deyil ki, burada piyada keçidi var, yoxsa yox?

Asfalt üzərində piyada keçidinin tam silinməmiş “izləri” durur, sərnişinlər də adət etdikləri üzrə yolda sürücülərin onlara yol verməsini gözləyirlər.

Sürücülər isə piyada keçidinin təqribən 100 metr aşağıya köçürüldüyü deyir, ancaq qəza törətməmək üçün sərnişinlərə yol verməyə məcbur qalırlar. Nəticədə səs-küy, siqnal səsləri, sürücülərin bəzən söyüşlə müşayiət olunan etirazı, sərnişinlərin səs- küylü qəzəbi küçəni başına götürür. Deməli, piyada keçidinin izi tamamilə yerdən silinməli və anlaşılmazlığa son qoyulmalı, ya da keçid bərpa olunmalıdır.

Hazırda hərəkət sürətinin yüksək olduğu Bakı-Sumqayıt yolundakı piyada keçidlərinin, ələlxüsus da Sumqayıta gedən yoldan, Saray qəsəbəsinin içindən keçən avtomobil yolunun üstündəki piyada keçidlərinin işıqlandırılmasına da çox ciddi ehtiyac vardır. Bu yolda işıq dirəklərində işıqlandırma azdır. Yol boyu irəlilədikcə avtomobilin öz işıqları şərait barədə təsəvvür yaranmasına kifayət etmir. Bu səbəbdən də qəza vəziyyəti yaranır. Eyni vəzyyət digər yollarda da yaranır.

Xatırladaq ki, Azərbaycanda ilk işıqlandırılan piyada keçidi zolağı 2014-cü ildə paytaxtın Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsinin kəsişməsində, Baş Prokurorluğun qarşısında quraşdırılıb. Bu piyada zolağının digərlərindən fərqi onda idi ki, özündə işıqforun rənglərini əks etdirən qırmızı və yaşıl işıqlarla təhciz olunmuşdu. Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb.

Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt” funksiyasını daşıyır. Eyni zamanda, keçidin yanında yol nişanları da var. Həmin maraqlı ideyanın Bakıda reallaşdırılmasının təşəbbüsçüləri olan səlahiyyət sahibləri yəqin ki, xaricdə həmin təcrübənin uğurla tətbiq olunduğunu görüblər. Lakin çox təəssüflər olsun ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bu yaxşı təşəbbüs sonradan geniş yayılmadı.

Vacib deyil ki, piyada keçidləri böyük məsrəf tələb edən çılçıraqlarla əhatə olunsun. Yetər ki, piyadaların üzərinə, yoluna işıq düşsün. Çünki sürücülərin bərbəzəkli işarələri deyil, məhz piyadaları aydın görməsi kifayətdir.

Sözügedən məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Elməddin Muradlı bildirib ki, son vaxtlar yollarda cəkilən piyada zolaqları çox qısa ömürlüdür:

"Keyfiyyətli materiallar istifadə olunmaq əvəzinə çox keyfiyyətsiz materiallardan istifadə olunur. Sonra da çox ciddi fəsadlara səbəb olur. Nəticədə çox xaotik vəziyyət yaranır. Çox sayda qəzalar baş verir. Düşünürəm ki, bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Xarici ölkə praktikası göstərib ki, çox keyfiyyətli materiallar var. Dünyada bundan çox geniş şəkildə istifadə olunur. Bizdə də bundan istifadə olunsa, insan həyatına dəyər verilsə, daha yaxşı olar".

Müsahibimizi işıqlandırmada olan ciddi problemlərdən də danışıb:

"Ölkə başçısı aidiyyəti qurumlara tapşırıq versə də, təəssüf hissi ilə qeyd edirəm ki, işıqlandırma tam təşkil olunmayıb. Gərək bütün küçələr, yollar gərək birmənalı şəkildə işıqlandırılsın. Bütün küçələr, yollar işıqlandırılsa, bir sıra cinayət tərkiblı halların da qarşısı alınar. Yollar işıqlı olarsa, yollarda gecələr narkomanların sayı azalar. Yol kənarında dayanan insanların, avtomobillərdə oğurluq halları da olmaz. Məsələ öz həllini taparsa, effektini görəcəyik".

Ekspert əlavə edib ki, yollara nəzarət edən bir çox qurumlar məsuliyyət daşıyır:

"Burada bir çox qurumların rolu var. Xüsusi olaraq Avtomobil Yolları Dövlət Agentliyi, rayon icra hakimiyyətləri, hətta bələdiyyələr bununla bağlı səlahiyyətlidirlər, məsuldular, gərəkən tədbirləri görməlidirlər. Lakin bələdiyyələr torpaq satmaqla, küçələri təmizləmədiyi halda, ayın axrı “zibil pulu” yiğmaqla məşğuldular". ümid edək ki məsələ qısa bir zamanda öz həllini tapacaq”.

Həsən Məmmədov
Cebhe.info