Ziya Məmmədovun yola döşədiyi 700 milyonu Saleh Məmmədov “dağıdır”: Bakı-Quba yolundan REPORTAJ 

Ziya Məmmədovun yola döşədiyi 700 milyonu Saleh Məmmədov “dağıdır”: Bakı-Quba yolundan REPORTAJ 

Postunu itirməsindən illər keçsə də, hələ də xatırlanan məmurların başında Ziya Məmmədov gəlir.

üzü Şimal rayonlarımıza düşən hər kəs yol boyu ən az bir dəfə Ziya Məmmədovun adını çəkir. Söhbət 2005-ci ildə tikintisinə başlanılan, Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya avtomobil yolunun mövcud durumundan gedir.

Məhz bu yolun bərbad vəziyyətdə olması Şimal rayonlarına gedənlərin sayını kifayət qədər azaldır.

Demək olar ki, məcbur qalmayan heç kim o yolu getmək istəmir. Xatırlatmaq yerinə düşər ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.

2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib.

2009-cu ildə istifadəyə verilən avtomagistral yolun beton örtüyü qısa zaman sonra dağılmağa başladı. Yolun istifadəyə verilməsinin 2 ili tamam olmamış yol “keçilməz” hala gəldi.

Zaman-zaman yolun dağılan hissələrini asfalt örtüklə “yamamaqla” vəziyyətdən çıxmağa çalışılsa da, bu da çarə olmadı, nəticədə yol yenidən təmirə bağlandı. Hazırda sözügedən yolun bir hissəsi əsaslı təmirə bağlanıb, tamamilə qazılıb. Fotolardan da göründüyü kimi, yol təmir olunmur, yenidən çəkilir.

Çünki 30 il zəmanəti olan beton piltələr artıq təmir üçün yararsız hala gəlib. Hələlik yolun bir hissəsi, Bakı istiqaməti qazılıb, təmir olunur. Yol işçilərinin Cebhe.info-ya verdiyi məlumata görə, yolda avtomobil hərəkəti çox olduğundan, mərhələli təmir olunur. Layihəyə görə yol bütövlükdə təmir olunacaq və beton piltələr tamamilə ləğv olunaraq asfaltla örtüləcək.

Qeyd edək ki, Bakı-Quba-Rusiya yolunun alternativi də çəkilib. Hələlik istifadəyə verilməyən yol ödənişli olacaq. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə Bakı-Quba yolunun ödənişli hissəsi ilə bağlı danışarkən bu yolun 2022-ci ilin may ayında istifadəyə veriləcəyini demişdi:

“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə veriləcək. Bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb. Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Həmin hissənin 2022-ci ilin may ayına qədər təhvil verilməsi gözlənilir”.



Amma artıq 2022-ci ilin iyun ayı olmasına baxmayaraq, hələ də ödənişli yol istifadəyə verilməyib. Görünən odur ki, bu yay aylarında da Şimala yolu düşənlər Ziya Məmmədovu xatırlamağa məcbur olacaq. Unudulmamaq üçün sabiq nazir üçün bəlkə də yaxşı üsuldur, amma o yol Saleh Məmmədov üçün heç də yaxşı nəsə vəd etmir.

Vilayət Muxtar
Cebhe.info