ABŞ-da Trans-Xəzər Forumu keçirilib

ABŞ-da Trans-Xəzər Forumu keçirilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xəzər Siyasət Mərkəzi və Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə 7-ci Trans-Xəzər Forumu keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim forumda əsas qonaq qismində çıxış edib.

Səfir çıxışında ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən danışıb. X. İbrahim Azərbaycanda nəqliyyat daşımalarının asanlaşdırılması, sərhəd keçid və gömrük prosedurlarının sadələşdirilməsi və bu sahədə son yeniliklərlə bağlı qonaqlara ətraflı məlumat verib.

O, Azərbaycanın region ölkələri üçün əsas nəqliyyat qovşağı kimi həyati önəminə diqqət çəkib. Diplomat bildirib ki, enerjinin ipək yolunu inşa edən Azərbaycan indiyədək ABŞ müttəfiqlərinin, xüsusilə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır və Bakı Avropa ölkələri üçün etibarlı tərəfdaşdır.

Səfir ABŞ ilə region ölkələri arasında mövcud geniş formatlı əməkdaşlıqdan danışıb, bu əməkdaşlığın daha da artırılması üçün həyata keçirilən layihələrdən bəhs edib. Sonda region ölkələri təmsilçiləri xatirə fotosu çəkidiriblər.

Qeyd edək ki, ənənəvi keçirilən forumun əsas məqsədi Trans-Xəzər ölkələri tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes sektor nümayəndələrinin məlumatlandırılmasıdır.

Cebhe.info