ABŞ hakimiyyətinin riyakarlığı, gözükölgəli “ana müxalifətin” susqunluğu nə qədər davam edəcək?

ABŞ hakimiyyətinin riyakarlığı, gözükölgəli “ana müxalifətin” susqunluğu nə qədər davam edəcək?

“Ermənistana baxın. Qeyri-adi insanlardır. Şeytanlar kimi vuruşurlar.”

Bu sözlər 26 oktyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsinin sona yaxınlaşdığı günlərdə deyilmişdi və onu söyləyən adam Azərbaycan-Ermənistan münaqişəsinin tarixindən bixəbər olan hansısa cahil keçmiş prokuror deyildi.

Nə qədər qəribə olsa da erməni təəssübkeşliyinin “fontan vurduğu” bu sərsəm fikirlərin müəllifi ABŞ prezidenti Donald Tramp idi və o özünün erməni sevgisini Nyu-Gempşir ştatında keçirdiyi seçkiqabağı mitinqdə belə ərz eləyirdi .

Ermənilərə qarşı “təmənnasız məhəbbət” nümayişində ondan geri qalmaq istəməyən ABŞ Dövlət katibi Mayk Pompeo da həmin günlərdə öz xəyallarını dilə gətirir - “biz ümid edirik ki, ermənilər Azərbaycanın törətdiklərindən özlərini qoruya biləcəklər”- deyirdi...

44 gün davam edən vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi, “şeytanlar kimi vuruşan ermənilər”in darmadağın edilməsi və onların lideri N.Paşinyanın “təslim aktı”nı imzalaması ilə başa çatdı.

Ancaq ABŞ hakimiyyətinin “erməni üzgörənliyi” bitmədi ki bitmədi.

Yeni seçilən prezident- Cozef Robinett Bayden 2021-ci il yanvarın 20-də fəaliyyətə başladı və cəmiyyətimizdə haqlı olaraq onun barəsində formalaşmış “erməni yanlısı” təsəvvürünü doğrultmaq üçün əlindən gələni etdi.

2021-ci ilin əvvəllərində Pentaqonun tərkibinə daxil olan strukturlardan birində “Qarabağ münaqişəsi” müzakirəyə çıxarıldı və ABŞ-ın bölgəmiz üzrə “başbilənləri” sayılan “ekspertlər” təklif etdilər ki, “Azərbaycan üçün Deyton sazişi” hazırlansın.

Yəni, 3 prezidentə, onların üzərində nəzarəti həyata keçirmək üçün beynəlxalq qüvvələrin təyin etdiyi Ali Təmsilçiyə malik olan rəzil “Bosniya-Hersoqovina modeli” Azərbaycanda tətbiq edilsin.

Görünür belə güman edirdilər ki, Azərbaycanda da iki respublikanın iki prezidenti olacaq və onların üzərində beynəlxalq nəzarət tətbiq ediləcək. Təbii ki, bu “sərsəm təklif” bizim tərəfimizdən nəinki qəbul olunmadı, Azərbaycanda onun müəlliflərini adam yerinə qoyub ciddiyə alanlar belə tapılmadı.

Nə qədər qəribə olsa da Əli Kərimlinin başçılıq etdiyi, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimi “alovlu vətənpərvərlər” bu “təklifi” görməzdən gəldilər və ABŞ-ın ünvanına bir kəlmə də olsun “xoş söz” söyləməyə cəsarət etmədilər.

Eyni davranış ilin sonunda imzalanan “Milli müdafiə haqqında Qanun”da Azərbaycanın ünvanına söylənilən böhtanlara münasibətdə də sərgiləndi və özünə “ana müxalifət” deyən dəstə yenə də Afaq Bəşirqızının məşhur qəhrəmanının sözlərilə desək- “mık eləyə bilmədi”.

İlboyu növbəyə düzülən ABŞ rəsmiləri bir həftə ara ilə “Qarabağa status verilməlidir” bəyanında bulundular.

Bizim “şanlı müxalifətçilər” yenə susdular.

Heş olmasa ağalarından icazə alıb yüngülvari tənqid etmək cəsarətini belə göstərə bilmədilər.

Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir qədər sonra ABŞ rəsmilərinin “status bəyanatları” birdən-birə dayandı.

Sonra rəsmi Vaşinqtonun “sülh sazişi”nin imzalanması istiqamətində qızğın fəaliyyəti başladı.

ümidləndik. Sevindik ki, nəhayət “erməni tərəfkeşliyindən” xilas olmağa özündə güc tapan dünyanın birinci super dövləti ədalətli mövqe tutmağa başlayıb.

Düşündük ki, ABŞ-ın liderliyi ilə tezliklə sülh razılaşmasını imzalamaq, Rusiya sülhməramlı kontingentini yola salmaq və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təşkil etmək mümkün olacaq.

Bu səbəbdən ABŞ hakimiyyətinin sülh danışıqlarını dalana dirəyən Ermənistan liderlərinin “nazı ilə oynamasına” səbirlə yanaşdıq.

“N.Paşinyanın sülh sənədini imzalamaq üçün siyasi iradəsi çatışmır, yəqin ABŞ bu səbəbdən ona təzyiq göstərmək istəmir, “yetişməsini” gözləyir”-dedik.

Sonra ABŞ-ın İrəvandakı səfiri Ermənistan hakimiyyətinin təşkil etdiyi “humanitar yardım” meydan-tamaşasında yer aldı. Yenə “ya səbir”-deyib dayandıq.

BMT Təhlükəsizlik Şurasının iclasında onun rəsmi nümayəndəsi öz çıxışında “nala-mıxa vuraraq” ermənilərə dolayı dəstək verməyə, ədalətin “anasını ağlatmağa” çalışdı, yenə səbir etdik.

Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də ABŞ riyakarlığının bir daha şahidi olduq – 9 sentyabrda atılan bu hüquqazidd addıma münasibət bildirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdikləri halda, rəsmi Vaşinqton uzun müddət susmağa üstünlük verdi. Səbir göstərməyə davam etdik.

Ancaq bir neçə gün əvvəl ABŞ Senatının xarici işlər üzrə komitəsinin keçirdiyi dinləmələrdə baş verənlər və Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim xanımın söylədikləri göstərdi ki, bu adamlara qarşı səbir göstərmək onların daha da azğınlaşmasına səbəb olur.

Xanım Yuri həmin iclasda iddia elədi ki, “Ermənistanla Azərbaycan arasında müharibə hələ bitməyib, Laçın yolu “blokada”dır, “Qarabağın erməni xalqına” qarşı hərbi hücum qəbul edilməzdir və ermənilərin hüquq və azadlıqları sülh razılaşmasında öz əksini tapmalıdır”.

Ermənistan parlamentinin sədri Alen Simonyan bir qədər əvvəl danışıqları dalana dirəyənin ermənilər olduğunu etiraf edərək bildirmişdi ki, əgər bizim tərəfimizdən sülh sazişində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin salınması tələbi olmasaydı, indiyə qədər 3-4 dəfə sülh müqaviləsini imzalamaq olardı.

Yuri xanımın Senatdakı dinləmələrdə söylədiklərindən belə məlum oldu ki, sülh danışıqlarında pozuculuq fəaliyyətini Ermənistan təklikdə aparmır və ABŞ bu işdə ona hərtərəfli dəstək verir.

Bu davranış təbii ki, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda aparılan danışıqların məqsədəuyğunluğunu ciddi sual altında qoyur.

Dinləmələrin gedişində baş tutan bir mükalimə ABŞ-ın ikiüzlü siyasətini, riyakarlığını bir daha açıq şəkildə ortaya qoydu.

Komitə sədri Robert Menendesin xanım Yuri Kimə yönəltdiyi- “nəyə görə İlham Əliyev “Laçın dəhlizi”ni açmaq istəmir?”- sualına Dövlət Departamentinin rəsmisi gözlənilməz cavab verdi və “mən istərdim ki, biz bu müzakirəni başqa bir yerdə aparaq”-dedi.

Senatın komitə sədrinin israrlarına baxmayaraq xanım Yuri onun sualına cavab verməkdən qəti şəkildə yayındı və saçını erməni diasporasının “xidmətində durmaqda” ağartmış Menendesə həqiqəti söyləməkdən imtina etdi.

Demədi ki: “Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə əldə olunmuş razılaşmaları pozan ilk növbədə Qarabağ ermənilərdir.

Bütün dünya, hətta Ermənistan belə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanıdığı halda onlar beynəlxalq hüququn bu tələbini qəbul etmək istəmirlər.

Sülh sazişinin imzalanması qarşısında əsas əngəl də Ermənistan hakimiyyəti və Qarabağ ermənilərini girov götürmüş bir neçə cinayətkarın toplaşdığı dəstədir.

Nə qədər ki, Ermənistan tutduğu destruktiv mövqedən imtina etməyəcək, nə qədər ki, antiterror əməliyyatı keçirilib erməni yaraqlıları tərksilah edilməyəcəklər bölgədə əmin-amanlıq olmayacaq”.

Dövlət katibinin köməkçisi əvəzi bu həqiqətləri dilə gətirməkdən çəkindi və Qarabağdakı erməni separatçılarına ABŞ-ın növbəti dəstəyini verdi.

Anlamadı ki, bu cür davranışlarla son günlərini yaşayan erməni separatizminə yeni nəfəs vermək mümkünsüzdür və heç bir təxribatçı bəyanat onu yenidən dirçəldə bilməz.

Yeri gəlmişkən, “Gezici” araşdırma mərkəzinin ötən ilin son günlərində Türkiyədə keçirdiyi rəy sorğusunun nəticələri göstərdi ki, əhalinin 62,6 faizi Rusiyanı dost, 90 faizi isə ABŞ-ı düşmən hesab edir. Bu qənaətin yaranmasının əsas səbəbi ABŞ-ın Türkiyəyə və bütövlükdə türk dünyasına qarşı yeritdiyi yanlış siyasətdir.

Türkiyədən fərqli olaraq hələ Azərbaycanda ABŞ-a müsbət yanaşanların, onun ədalətsiz addımlarına səbir göstərənlərin sayı kifayət qədərdir.

Ancaq səbirin də bir sonu var.

Baxmayaraq ki, hörmətli şairimiz Ramiz Rövşən həm də xalqımızı nəzərdə tutaraq deyirdi ki:

Axtardım itən yolları,
üstə ot bitən yolları,
Dünyanın bütün yolları
Mənim səbrimdən qısadır.

Abutalıb Səmədov
“Alyans” strateji araşdırmalar mərkəzinin sədri

Cebhe.info