Aİ-nin XİN başçıları toplaşır: Gürcüstanla bağlı hansı qərar verilə bilər?
“Gürcüstanda baş verən son hadisələr fonunda ölkədə vəziyyət dekabrın 16-da Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin müzakirə mövzusu olacaq”.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.
"Gürcüstandakı vəziyyət Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında müzakirə mövzusu olacaq", - o qeyd edib.
Aİ-nin Gürcüstanla bağlı növbəti addımlarının necə ola biləcəyi sualına o belə cavab verib:
"Bizim gələcək iştirakımız Gürcüstan tərəfinin kursu dəyişmək və Aİ-yə qoşulma prosesinə yenidən istiqamətlənmək öhdəliyindən asılı olacaq".
A.Hipper K.Kallas və Aİ-nin genişlənmə üzrə Avropa komissarı Marta Kosun dünən yaydığı birgə bəyanatı xatırladıb. Bəyanatda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamamaq və 2028-ci ilə qədər Aİ-nin maliyyə dəstəyindən imtina etmək barədə qəbul etdiyi və ölkənin Baş naziri İrakli Kobaxidzenin açıqladığı qərardan təəssüf ifadə olunub.
Maraqlıdır, Gürcüstanla bağlı hansı qərar verilə bilər?
Politoloq Natiq Miri “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Gürcüstandakı vəziyyətin ciddi şəkildə dəyərləndirilməsinə ehtiyac var:
“Doğru, dürüst dəyərləndirmə bundan sonra atılacaq addımları və qərarları müəyyənləşdirəcək. Məhz belə bir müzakirə aparılmalıdır. Gürcüstandakı proseslərdə iştirak edən və prosesləri idarə edən şəxlərin verdiyi məlumatlar konteksində müzakirələr davam edəcək.
Əgər etirazların güc müstəvisində yatırılması davam edərsə, cəmiyyət və Avropa maraqları üçün təhlükə törədərsə, Gürcüstan hökumətinə qarşı hansısa sanksiyaların tətbiq olunması gündəmə gələcək.
Çünki təzyiq formaları davam etməlidir. Bir tərəfdən gürcü xalqı etiraz edirsə, digər tərəfdən həm siyasi, həm də iqtisadi yöndə təzyiqlər olmalıdır. Nəticədə, bu təzyiqləri birləşdirməklə hökumət üzərində basqı yaradacaqlar”.
Ekspert qeyd edib ki, artıq bunun işartıları görünür:
“Artıq baltikyanı ölkələr hərbi sahədə bəzi sanksiyalar tətbiq edir. Hətta Avropa İttifaqı ölkələrini və ABŞ-nin də buna sövq edirlər. Düşünürəm ki, bu, Bidzina İvanişvili hakimiyyətinin xeyrinə olacaq bir görüş olmayacaq.
Onların əleyhinə ciddi qərarlar qəbul oluna bilər. Bu, açıq şəkildə özünü göstərir. Üstəlik, gürcü hakimiyyəti də barışmaq, dialoq əvəzinə xalqı güc müstəvisinə çəkir.
Doğrudur, hazırda Gürcüstanda silahlı qarşıdurma müşahidə olunmur. Lakin bu cür güc müstəvisi perpektivdə çox ciddi toqquşmaların ortaya çıxa biləcəyini göstərir. Bu, Gürcüstan üçün vətəndaş müharibəsinə yol aça bilər”.
Elmir
“Cebheinfo.az”