Akif Nağı: "İrəvanda kilsə hakimiyyətə gələ bilməz"

Akif Nağı: "İrəvanda kilsə hakimiyyətə gələ bilməz"

"Hazırda Ermənistanda maraqlı situasiya yaranıb".

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cebhe.info"ya açıqlamasında deyib.

O bildirib ki, Ermənistanda siyasətçilərin çoxunu sıradan çıxarıblar:

"Hərçənd ki, Serj Sarkisyan və Robert Köçəryan çox fəallıq göstərdi. Keçmiş müdafiə naziri Arşak Karapetyanın başçılığı altında hərəkat da yaratdılar. Həmçinin, başqaları da ortaya çıxdı. Lakin bunların heç bir nəticəsi olmadı. Ona görə də hibrid variant seçdilər".

Həmsöhbətimizin qeyd edib ki, erməni müxalifətinin axırıncı ümid yeri kilsədir:

"Bu səbəbdən də etirazlara keşiş rəhbərlik edir. Ümumiyyətlə, həmişə erməniləri kilsə idarə edib. Ona görə də indi Nikol Paşinyana qarşı axırıncı variant kimi kilsəni işə saldılar. Amma bunun siyasi tərəfləri də var. Çünki keşiş Vazgen (Baqrat) Qalstanyan yanında Sarkisyan-Köçəryan cütlüyünün nümayəndələri də var.

Hətta "Hayastan" fraksiyasının nümayəndələri açıq şəkildə ona dəstək verirlər. Üstəlik, Seyran Ohanyan da onun yanında göründü. Görünür, keşiş manipulyasiya üçün bir fiqur kimi ortaya çıxıb. Arxasındakı qüvvələr isə hərəkatın gedişindən asılı olaraq üzə çıxacaq".

Partiya sədri vurğulayıb ki, İrəvanda kilsə hakimiyyətə gələ bilməz:

"Əgər gəlsə, Ermənistan xristian ssenarisi ilə İran kimi rüsvayçı bir yol tutmuş olacaq. Amma bunun mümkün olacağını zənn etmirəm. Məncə, kilsənin arxasındakı siyasi fiqurlar da bir müddət sonra ortaya çıxacaq".

Siyasətçi hesab edir ki, hazırda kilsəyə xaricdən dəstək yoxdur:

"Kilsəyə xarici dəstək hələlik aydın şəkildə özünü biruzə vermir. Düzdür, proseslər Rusiyanın maraqlarına uyğun gəlir. Çünki Kreml Paşinyanın hakimiyyətdən getməsini istəyir. Buna baxmayaraq, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin ilə görüşdən razılıqla ayrıldığı hiss olunurdu. Belə vəziyyətdə niyə Baş nazirə yenidən təzyiq göstərsinlər? Qərbin isə Paşinyanı əvəzləyə biləcək alternativi yoxdur". 

Akif Nağının sözlərinə görə, Paşinyan davam edən etirazlara müqavimət göstərə biləcək:

"Orada impiçment məsələsi də hələ alınmır. Çünki parlamentdə çoxluq Paşinyanın tərəfindədir. Düşünürəm ki, sadəcə 30-40 nəfərlə İrəvanda yolu bağlayaraq vətəndaş itaətsizliyi edə bilərlər. Lakin o da effekt verməyəcək. Ümumiyyətlə, hələlik Nikol Paşinyana qarşı real təhlükə hiss olunmur". 

Elmir Mustafa 
"Cebhe.info"