Akif Nağı: "Rusiya Paşinyanı öz adamına çevirmək istəyir"

Akif Nağı: "Rusiya Paşinyanı öz adamına çevirmək istəyir"

"Ermənistanda gedən proseslərdə Rusiya və Qərbin təsirləri özünü biruzə verir".

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebhe.info"ya açıqlamasında deyib.

O bildirib ki, Qərb Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasını istəyir:

"Buna görə də ona hərtərəfli dəstək verirlər. Həmçinin, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında və regionda sülhün bərqərar olmasında istəkli görünür. Rusiya isə prosesi dəyişmək və Ermənistanda əvvəlki kimi mövqeyini bərpa etməyə çalışır".

Onun sözlərinə görə, Kreml Ermənistanda özünə uyğun şəxsi hakimiyyətə gətirmək və ya Nikol Paşinyanı öz adamına çevirmək istəyir:

"Ona görə də keşiş Baqrat Qalstanyanın hərəkatının hərtərəfli hazırlandığı görünür. Üstəlik, burada ciddi maliyyə dəstəyi də hiss olunur. Çünki sayları az da olsa, o insanlar maliyyə təminatı olmadan bu qədər davamlı şəkildə meydanda qalmazdılar. Deməli, onlara maliyyə təminatı olduğu üçün Baqratın ətrafına yığışıblar. Buna görə də keşişə verilən istənilən əmrləri yerinə yetirirlər. Yəni Ermənistandakı etirazlarda kifayət qədər mütəşəkkil təşkilatçılıq hiss olunur". 

Partiya sədrinin fikrincə, Ermənistandakı proseslər fonunda Rusiyanın mövqeyi zəifləyib:

"Artıq rəsmi Moskvanın regionda mövqeyinin möhkəmlənmə ehtimalı olduqca azdır. Nəzərə almaq lazımdır ki, Rusiya bütün regionlardakı mövqelərini itirib".

Akif Nağı Ermənistandakı proseslərin necə yekunlaşacağı ilə bağlı suala isə belə cavab verib:

"Böyük ehtimalla, Nikol Paşinyan hakimiyyətdə qalacaq. Hesab edirəm ki, Paşinyan Qərbin daha ciddi dəstəyi ilə öz siyasətini yürütməyə davam edəcək". 

Elmir Mustafa
"Cebhe.info"