Amerikalı baş müşaviri Bakıya gətirən SƏBƏB

Amerikalı baş müşaviri Bakıya gətirən SƏBƏB

ABŞ Azərbaycan-Ermənistan sülh prosesini daha da intensivləşdirməyə çalışır.

Son zamanlar Vaşinqton bu prosesdə hər vəchlə müsbət nailiyyətlərin əldə olunmasına, yəni Bakı və İrəvanı bir çox mühüm məsələlər üzrə ortaq məxrəcə gəlməsinə çalışır.

Qeyd edək ki, mayın ilk 4 günündə Vaşinqtonda ABŞ Dövlət Departamentinin katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş təşkil edilib.

Bu görüşdə bir sıra mühüm məsələlər, xüsusilə sülh müqaviləsi, regional kommunikasiyalar, sərhədlərin delimitasiyası və münasibətlərin normallaşması istiqamətində atılacaq digər addımlar ətrafında müzakirələr aparılıb.

Bu yaxınlarda ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh prosesinə əngəl yaradan problemlərin həlli ilə bağlı bir sıra təklif irəli sürüb.

Eyni zamanda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Azərbaycanla Ermənistan arasında sülhə dəstək məqsədilə regiona səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bononun səfəri ABŞ və digər ölkələrin ev sahibliyi etdiyi danışıqların nəticələrinin aktivləşməsinə kömək edəcək.

“Bizdə Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etməsi üçün son vaxtlar göstərdikləri səylər ümid yaradır və Dövlət Departamentinin nümayəndəsi bu prosesdə gələcək müsbət irəliləyişləri səbirsizliklə gözləyir”, - səfirlikdən bildirilib.

Səfirlikdən, həmçinin o da qeyd olunub ki, səfər zamanı L.Bono Azərbaycan və Ermənistan arasında əldə olunan son razılaşmalarla tanış olacaq, bu, ona həll olunmamış məsələlərlə bağlı tərəflərin mövqelərini daha yaxşı başa düşməyə kömək edəcək.

Hazırki durumda ABŞ diplomatı Lui Bononun Azərbaycan və Ermənistana səfəri Vaşinqtonun sülh prosesində təşəbbüsü ciddi şəkildə Rusiyaya verməmək niyyətində olduğunu göstərir.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ Bakı və İrəvan arasında sülh prosesində aktiv iştirak etməkdə maraqlıdır:

“Lui Bononun regiona rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır. Nəzər almaq lazımdır ki, may ayının ilk 4 günündə Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar aparılıb.

Bu danışıqlarda hər iki tərəf geniş heyətlə təmsil olundu. Verilən məlumatlardan aydın olur ki, hər iki tərəf sülh sazişi ilə bağlı sənəd üzrə müəyyən razılığa gəliblər.

Həm Bakı, həm də İrəvan bu sənədin tərtib edilməsi üzrə danışıqları davam etdirmək qərarına gəliblər. Vaşinqton görüşündən sonra Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında növbəti görüş keçirildi.

Brüssel görüşündə də müəyyən razılaşmalar əldə edilib. Eyni zamanda, ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya işləri üzrə müavini Derek Hoqan vurğulayıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin həll ilə bağlı təkliflər irəli sürəcək. Hesab edirəm ki, Lui Bono səfər çərçivəsində hər iki tərəfə bu təklifləri təqdim edəcək”.

Politoloqun sözlərinə görə, yaxın zamanda Bakı və İrəvan arasında ilkin sülh sazişinin imzalanması qeyri-mümkündür:

“Əlbəttə, son bir ildə ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində kifayət qədər ciddi fəaliyyət göstərir. Xüsusilə keçən ilin sonunda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında iki görüş keçirilib.

Həmçinin ABŞ-ın təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə hər iki dövlətin XİN rəhbərinin görüşünün təşkil olunması da mühüm hadisə kimi qeyd olunmalıdır. Bunun ardınca, bun ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə dövlət rəhbərləri daxil olmaqla Azərbaycan və Ermənistan nümayində heyəti arasında görüşün keçirilməsi sülh prosesinə müəyyən təsirlərini göstərdi".

Son altı-yeddi ay ərzində ABŞ öz təşəbbüsləri ilə hər iki dövlət arasında sülh prosesinin sürətlənməsinə çalışır:

"O ki qaldı 1-2 ay ərzində Bakı və İrəvanın sülh məsələlərinə yönələn sazişə imza atmasına, zənnimcə, bu, hələ qeyri-mümkün görünür. Ona görə ki, Ermənistan sülh müqaviləsinə Qarabağda beynəlxalq mexanizmin tətbiq edilməsi ilə bağlı maddənin daxil olmasını istəyir.

Bu isə Azərbaycanın suverenliyinə ziddir. Eyni zamanda regionda maraqları olan bəzi güc mərkəzləri Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına ciddi əngəllər yaradırlar. Bunu da diqqətdən qaçırmaq olmaz”.

Oqtay Qasımov vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh prosesində Vaşinqton formatı daha geniş müsbət nəticələrə gətirib çıxara bilər:

“Moskva Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraq deyil. Əksinə Kreml regionda status-kvonun qalmasında və gərginliyin artmasında maraqlıdır.

Çünki belə olan halda Rusiyanın regionundakı proseslərdə moderatorluğu davam edəcək. Rusiya texniki məsələləri önə çəkməklə önəmli siyasi məsələləri arxa plana atır. Bununla barabər, Rusiyanın hərbi-siyasi dairələri Qarabağda erməni separatçılarının özbaşınalıqlarına şərait yaratmaqla tərəflərarası sülh prosesinin aktivləşməsinin qarşısını almağa çalışır.

Brüssel formatı pozitiv format sayıla bilər. Bu format çərcivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin birtərəfliyini qoruyub saxlaması diqqətə layiqdir. Amma Avropa İttifaqının Ermənistana təsir imkanlarının kifayət qədər olmadığına görə, Brüsselin vasitəçiliyi ilə əldə olunan nəticələr çox da məhsuldar olmayacaq.

Amma bu həm Brüssel, həm də Vaşinqton formatı ilə birlikdə effektiv ola bilər. Son proseslərdə bunu aydın görürük. Şarl Mişelin özü etiraf edib ki, Brüsseldə keçirələn danışıqlar Vaşinqtonda keçirilən görüşün davamı kimi qiymətləndirilə bilər. Moskva və Brüssel formatlarına nisbətən Vaşinqton formatı daha konstruktiv olduğunu hesab edirəm. ABŞ hər iki tərəfi yaranmış tarixi fürsərtlərdən istifadə edərək sülhə yönəltməyə sövq edir.

Vaşinqton müxtəlif təşübbüslərlə çıxış edir. Son təşəbbüs Vaşinqtonda keçirilən 4 günlük görüş və bu görüşdə ortaq razılaşmaların əldə olunmasıdır. Hazırda ABŞ-ın rəsmisinin Azərbaycan və Ermənistana rəsmi səfəri Vaşinqtonun bu məsələdə fəal və konstruktiv mövqe tutduğunu göstərir. Vaşinqton formatı bu formatlar arasında daha real imkanlara malikdir. ABŞ ciddi şəkildə iradə qoyarsa, Ermənistan sazişlərə imza atacaq”.

Sonda Oqtay Qasımov qeyd edib ki, ABŞ Cənubi Qafqazda öz geosiyasi mövqeyini möhkəmləndirmək niyyətindədir:

“Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqla Rusiyanı bu regiondan kənarlaşdırmaq məqsədi güdür.

ABŞ-ın strategiyasında Cənubi Qafqaz Mərkəzi Asiyaya çıxış əldə etmək və bu regionda Çinlə rəqabət aparaq, eləcə də Rusiyanı cənubdan da mühasəriyə almaq üçün vacibdir”.

Yunis Abdullayev
Cebhe.info