AMİP sədri deputatlığa namizəd olacaq?- Özü açıqladı

AMİP sədri deputatlığa namizəd olacaq?- Özü açıqladı

“Əvvəlki parlament seçkilərində deputatlığa namizəd olmuşdum, amma bəzi hallarda reallıqlar məni aktiv seçki kampaniyası aparmamağa vadar edib”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında deyib. O, son parlament seçkilərində də aktiv seçki kampaniyası aparmadığını xatırladıb:

“Amma bu dəfə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürəcəyəm. Üstəlik, aktiv seçki kampaniyası keçirəcəyəm. Mən bununla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçiləndə partiya üzvləri qarşısında öhdəlik götürmüşəm. Hesab edirəm ki, hədəflərimizə çatmaq üçün mütləq şəkildə partiyamızı parlamentə daşımaq lazımdır. Azərbaycan Milli İstiqlal Partiyamız müstəqillik tariximizdə rəsmi dövlət qeydiyyatından keçən ilk siyasi təşkilatıdır. 

2010-cu ilə qədər parlamentdə təmsilçiliyimiz olub, amma uzun müddətdir ki, parlamentdə təmsilçiliyimiz yoxdur. Bu da partiyamızın fəaliyyətinə neqativ təsir göstərir”. 

Partiya sədri diqqətə çatdırıb ki, parlamentdə təmsil olunan partiyaların büdcədən maliyyələşmə imkanı olur:

“Bu da bizim beynəlxalq əlaqələrimizə mənfi təsir göstərir.  Ötən illər ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirakımızla bağlı məsələlərdə problemlər yaşamışıq. Bu da Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanlarımızı zəiflədib. Biz hər zaman Azərbaycan həqiqətlərini dünyaya çatdırmışıq. 

Parlamentdə təmsil olunsaq, bunu bir qədər də genişləndirmək olar. Bu baxımdan, mütləq mənada parlamentdə təmsil olunmağı hədəfləyirik. Ona görə də mənimlə yanaşı, partiyanın digər üzvləri də deputatlığa namizəd olacaqlar. Artıq rayon təşkilatlarımıza da məlumat vermişik”. 

Arzuxan Əlizadə seçkilərlə bağlı hədəflərindən də danışıb:

“Hədəfimiz ən azı 3 namizədimiz deputat seçilməsidir. Amma təbii ki, daha böyük iddialarımız var. Hesab edirəm ki, bu, Azərbaycan dövləti üçün ciddi dvidentlər gətirə biləcək amilə çevrilə bilər. Azərbaycan Milli İstiqlal Partiyası 1998-ci ildən etibarən dünyada 80-dən artıq ölkəsinin 100-dən artıq sağ mərkəzyönümlü partiyasını özündə birləşdirən Beynəlxalq Demorat İttifaqının tam hüquqlu üzvdür”. 

O, hansı dairədən namizəd olacağı ilə bağlı sualı da cavablandırıb:

“Yaşadığım ərazi 26 saylı Sabunçu birinci seçki dairəsini əhatə edir. Uzun müddətdir həmin ərazidə yaşayıram və orada elektoratım kifayət qədərdir. Çox böyük ehtimalla bu dəfə də həmin dairədən namizədliyimi irəli sürəcəyəm. Amma seçkilər elan olunandan sonra başqa dairədən namizəd olmağımı da düşünə bilərik. Partiyamızın ali orqanları bütün bu məsələlərlə bağlı müsbət və mənfi nüansları nəzərə almaqla yekun qərar verəcək”. 

Elmir Mustafa 
“Cebhe.info”