Antiterror əməliyyatı: Azərbaycan öz məqsədinə çatacaq

Antiterror əməliyyatı: Azərbaycan öz məqsədinə çatacaq

“Qarabağda təhlükəsizliyin təmin edilməsi Azərbaycan dövlətinin qarşısına qoyduğu ali məqsəddir”.

Bunu hərbi ekspert Telman Qasımov Cebhe.info-ya açıqlamasında Azərbaycan Ordusunun Qarabağda qeyri-qanuni silahlı birləşmələrin tərkisilah olunması istiqamətində antiterror əməliyyatlarının hədəflərini şərh edərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölgədəki antiterror əməliyyatları gözlənilən idi:

“İki ay ərzində mətbuata verdiyim bütün açıqlamalarımda demişdim ki, sentyabrda Qarabağda vəziyyət dəyişəcək. Hazırda həm Ermənistan-Azərbaycan sərhəd ərazilərində, həm də Qarabağ bölgəsində xüsusi hərbi əməliyyatların keçiriləcəyi ilə bağlı proqnozlarım öz təsdiqini tapdı. Nəhayət ki, Ordumuzun Qarabağda antiterror əməliyyatlarına başladı.

Bildirim ki, ermənilərin amnistisiyaya düşməsi ilə bağlı məlumatların yayıldığı bir vaxtda, onlar daha çox azğınlaşırlar, müxtəlif təxribatlara əl atırlar. Dünən gecə erməni terrorçularının basdırdığı minanın partlaması nəticəsində dörd nəfər polis işçisi və mülki vətəndaş həlak olub. Həmin ərazidə tikinti işləri aparılırdı. Bu bir daha onu göstərir ki, düşmən yatmır, əksinə öz terror əməllərini intensivləşdirir”. 

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun antiterror əməliyyatları daha çox Ağdərə istiqamətində müşahidə edilə bilər:

"Çünki Ağdərədə yerləşən Sərsəng su anbarını erməni terrorçularının əlindən xilas etməliyik. Bu su anbarının ermənilərin nəzarətində qaldığı təqdirdə  hesab etməliyik ki, düşmənin əlində bir "atom bombası" var. Əgər terror əməliyyatı ilə bu su anbarı partladılarsa, bizim yaşayış məntəqələrimiz su altında qalacaq.

Belə bir terrorçu rejimə su anbarı etibar etmək olarmı? Əlbəttə ki, yox. Sərsəng su anbarı mütləq nəzarətə götürülməlidir. Bildirim ki, 44 günlük müharibədən sonra erməni separatçıları Ağdərəyə xeyli silah-sursat yığıblar.

Bu bölgədə yaşayan erməni sakinlərinin evlərinin zirzəmələrində nə qədər silahlar, minalar yığılıb. Ona görə də ölkəmizin bu ərazilərin antiterror əməliyyatlarının keçirilməsi labüddür. Bu, Azərbaycanın qarşısına qoyduğu xəttdir”. 

Yunis Abdullayev 
Cebhe.info