AŞPA-nın muzdlu "siyasətçisi"ndən yeni həmlə: "Uğursuz olacaq"

AŞPA-nın muzdlu "siyasətçisi"ndən yeni həmlə: "Uğursuz olacaq"

Avropa Şurasının Azərbaycana qarşı qərəzli münasibət sərgiləməsi artıq bir növ adət halını alıb. 

Bu dəfə belə bir dırnaqarası və mənasız təşəbbüs Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Frank Şvabe tərəfindən gəlib.

Belə ki, Frank Şvabe Anar Məmmədlinin həbsindən sonra Azərbaycanın bu quruma qayıtmasını qeyri-mümkün hesab edir.

"Azərbaycanın Parlament Assambleyasına geriyə yolu yoxdur. Nə indi, nə də yanvarda", - o, “X” platformasında öz hesabında yazıb.

Şvabenin bu yanaşması isə Azərbaycanla Avropa Şurası arasında münasibətlərin yenidən gərgiləşdiyini göstərir.

Xatırladaq ki, 2024-cü ilin 24 yanvarında Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bəyanatla çıxış edərək bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığnı bəyan etmişdi.

Azərbaycan nümayəndə heyətinin bu addımının səbəbi isə Avopa Şurası Parlament Assambleyasının verdiyi qərar olub. Belə ki, Azərbaycan nümayəndə heyəti bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.

Sonradan tərəflər arasında münasibətlər nisbətən normallaşmağa başlasa da, Avropa tərəfi yenidən ortamı gərginləşdirməyə başlayıb.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Avropa Şurası Parlament Assambleyasının muzdlu "siyasətçisi” Frank Şvabenin yeni cinayətkar bəyanatı təşkilatın əl atdığı təzyiq metodları ilə Azərbaycanın iradəsinə təsir etməyin mümkünsüzlüyünün fərqinə vardığını göstərir:

“Şvabe kimi siyasi əxlaqsızın yenidən dövriyyəyə daxil olması da yalnız uğursuzluqdan doğan isterikadır. Aydındır ki, əməkdaşlığımız dövründə AŞPA-nın özlüyündə Azərbaycanla bağlı hər hansı müzakirə ilə həll olunmayacaq problemi olmayıb.

Son dövrlər münasibətlərin gərginləşməsi yalnız bu təşkilatın kollektiv Qərb üçün alətə çevrilməsindən qaynaqlanır. Sirr deyil ki, Azərbaycanın yaratdığı reallıqlar, qələbələr, Ermənistanla aramızda sülh və sərhəd məsələləri üzrə ümidverici nəticələr Qərbi qane etmir. Daha doğrusu, Qərb bu regionda münaqişənin davamlılığında maraqlıdır və gərginliyin davam etməsi üçün bütün imkanlardan, o cümlədən AŞPA-nın gücündən istifadə etmək niyyətindədir.

Lakin ilk addımda, cəhddə, bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməsinin ardınca Bakının nümayiş etdirdiyi soyuqqanlılıq və təmkin, deputatlarımızın AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı təşkilat üçün ciddi zərbə oldu. 

Görünür, ilk zərbədən sonra hələ indi özünə gələn təşkilat bölgədə tamamilə yeni reallığın meydana çıxdığı və dayanıqlı sülh üçün unikal situasiyanın yarandığı bir vaxtda Azərbaycana qarşı yeni həmlə niyyətindədir. Təbii ki, bu bizi narahat etmir, AŞPA Azərbaycanın Avropada mövcudluğu üçün həlledici təsisat deyil.

Cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, Azərbaycan Avropada 9 dövlətlə strateji əməkdaşlıq münasibətlərinə malikdir, eyni zamanda bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyi, dolayısı ilə milli təhlükəsizliyində rol alır. 

Yəni AŞPA-nın bu davranışı ilə əslində Azərbaycan heç nə itirmir, əksinə AŞPA birmənalı şəkildə özünü ifşa etmiş olur”.

B.Məhərrəmov əlavə edib ki, bütün bunların fonunda isə Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin normallaşması istiqamətində xüsusi təşviqlərdə bulunmaq niyyətində deyil:

“Unutmamalıyıq ki, münasibətlər Avropa Şurası Parlament Assambleyasının Qərbin çirkli alətinə çevrilməsindən sonra korlanıb və bu prosesə görə Azərbaycan məsuliyyət daşımır.

Təbii ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla əməkdaşlıqda maraqlı olacaqsa, özünün ayırıcı xətlərindən imtina edəcəyi halda və Şvabe kimi siyasi əxlaqdan kənar, korrupsiyalaşmış şəxslərin dili ilə danışmaqdan imtina etdikdən sonra Azərbaycan bu barədə düşünə bilər”.

Vilayət Muxtar
“Cebhe.info”