Atəş altında danışıqlar: "Ermənistan sülhdən yayına bilməyəcək"

Atəş altında danışıqlar: "Ermənistan sülhdən yayına bilməyəcək"

"Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıq təbii ki, Ermənistan və onun havadarlarını çox çətin duruma salıb".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında deyib.

O vurğulayıb ki, Azərbaycan ədaləti bərpa edib:

"üstəlik, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın tərəfindədir. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi bütün məsələlərdə mövqeyimizi daha da gücləndirir. Ölkəmiz son illərdə durmadan dostlarının sayını artırır. Bu da bizim xarici diplomatiyamızdakı böyük uğurumuz sayılmalıdır.

Ermənistanın sülhdən yayınma cəhdləri isə artıq müharibənin başa çatmasından sonra 3 ilə yaxındır ki, davam edir. Lakin hər keçən gün Azərbaycanın xeyrinə, Ermənistanın ziyanına işləyir. Ona görə ki, Ermənistan indiyədək güvəndiyi "ağalar"ına və havadarlarına artıq güvənmir.

Çünki onlar da artıq Azərbaycanın gücü qarşısında Ermənistanı müdafiə edə bilmirlər".

Millət vəkili qeyd edib ki, Ermənistan sadəcə olaraq, dünyada yeni geopolitik konfiqurasiyanın dəyişməsinə ümid edir:

"Rəsmi İrəvan şans gözləyir, amma bu da olmayacaq. Onlar Rusiya-Ukrayna müharibəsinin nəticəsində nə isə baş verəcəyinə ümid edirlər. Həmçinin, rus sülhməramlılarının mövqeyini və necə davranmalı olduqlarını aydınlaşdırmaq istəyilər.

Bunların hər biri bu gün Ermənistanın xarici siyasətindəki qarmaqarışıq yanaşma və qeyri-stabil mövqedir. Bunun özü də Ermənistan üçün vəziyyəti qəlizləşdirir. Lakin hər keçən gün Azərbaycanı uğura doğru yaxınlaşdırır.

Artıq Nikol Paşinyanın "Qarabağ Azərbaycandır!" deməsi, habelə keçirilən görüşlərdə Prezident İlham Əliyevin təklif və təqdim etdiyi məsələlərin masada olması Azərbaycanın əlini daha da gücləndirir".

Vüqar İskəndərov bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirilməsi ilə bağlı müddət bitdikdən sonrakı qərarı rəsmi Bakı verəcək:

"Əlbəttə ki, sülhməramlılarının buradakı fəaliyyəti ilə bağlı suallarımız kifayət qədərdir və narahatedici məqamlar da çoxdur. Amma bunların heç biri Ermənistana və Qarabağdakı separatçı qondarma quruma təsir göstərə bilməz.

Yəni orada kifayət qədər qeyri-qanuni erməni silahlı dəstələrinin olduğunu bilirik. Cənab Prezident onlara da artıq zaman verib. Qarabağdakı separatçılar arasında təşviş yaşandığını da görürük. Qarabağdakı evlərin və obyektlərin qiymətlərinin 50 % ucuzlaşdığını da müşahidə edirik. Oradakı ermənilər Ermənistan, Rusiya və digər ölkələrdən ev alaraq getməyə çalışırlar.

Əlbəttə ki, kimlər qalacaq və Azərbaycan Konstitusiyasına uyğun yaşayacaqlarsa, onlar vətəndaşlarımızdır. Onlar bərabərhüquqlu vətəndaşlarımız kimi Azərbaycan bayrağı altında yaşayacaqlar. Separatçılar, cinayətkarlar və qanunlara tabe olmayanlar isə öz cəzalarını alacaqlar.

Bu, Azərbaycanın təklif etdiyi reallıqlar və şərtlərdir. Ona görə də hər hansı bir məsələnin uzadılması və gələcəyə ümid bağlamaq Ermənistanı yalnız dərin uçuruma aparır".

Elmir Mustafa
Cebhe.info