AXCP-də “yarpaq tökümü”: “Əli Kərimlini istefaya vadar edəcəklər”
“Son illər ərzində Əli Kərimlinin ətrafından çox sayda insan gedib”.
Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cəbhə TV”-nin canlı yayımında deyib. O bildirib ki, Əli Kərimli sağlam müxalifət yarada bilmədi:
“Əgər AXCP-də hər şey sağlamdırsa, insanlar niyə gedirlər? Əli Kərimlini ən çox tənqid edənlərdən biri də mənəm. Çünki o, sağlam bir müxalifət yarada bilmədi. İstənilən hakimiyyətə sağlam müxalifət lazımdır. Müxalifət hakimiyyətin səhvlərini ona göstərməlidir.
Ümumiyyətlə, Əli Kərimli Azərbaycanda hakimiyyətə qarşı müxalifət obrazını yarada bilmədi. O, sadəcə pafosla danışır. Əli Kərimlinin ətrafında toplanan müxalifət də məkrli və kinli insanlardan formalaşıb. O, sağlam müxalifət formalaşdırma bilsəydi, bu gün onun ətrafında xeyli insan olardı. Lakin bunu edə bilmədi”.
Sabiq nazir qeyd edib ki, Əli Kərimli 24 ildir AXCP sədrliyindən getmək istəmir:
“Bu, konkret olaraq diktatura deməkdir. Düşünürəm ki, o, artıq getməlidir. Siyasətdə daimi heç nə olmur. Amma bu adam axıra qədər özü müxalifət olmaq istəyir. Hərçənd ki, 24 il ərzində heç nə edə bilməyib.
Üstəlik, heç bir seçkidə iştirak etməyib və hansısa uğur qazanmayıb. Əli Kərimlinin gücü sadəcə boykota çatır. Onu uşaq da edər. Ümumiyyətlə, istənilən adam partiya yaradar, sonra da seçkini boykot edər. Yəni bundan asan heç nə yoxdur. Seçkini də boykot etmək lazım deyil. Seçkidə iştirak etmək mütləqdir. Buna baxmayaraq, Əli Kərimli ən asan yolu seçdi”.
Fikrət Yusifov son günlərdə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və İlham Hüseynin partiyadan istefa vermələri barədə də danışıb:
“AXCP-dən son gedən adamlar da partiya daxilində ciddi çatın baş verdiyini göstərir.
Üstəlik, istefa verənlər Rəyasət Heyətinin üzvləridirlər. Deməli, məsələ ciddidir. İstefaların davam edəcəyi gözlənilir. Bununla da AXCP-də proseslər daha da dərinləşəcək. Çünki istefa verən adamların özlərinin də yaxınları və tərəfdaşları var. Hesab edirəm ki, bu fikir ayrılığı Əli Kərimlinin AXCP sədri postundan getməsi ilə bağlıdır. Artıq bir çoxları belə düşünür. Əli Kərimli də istefa verməyə məcbur qala bilər. Çətin olacaq, çünki Əli Kərimli müxalifətdə böyük bir diktatordur. Asanlıqla getməyəcək, amma sonda onu buna vadar edəcəklər”.
“Cebheinfo.az”