Azərbaycanın təklif etdiyi danışıqlar modeli: "Daha uğurludur"

Azərbaycanın təklif etdiyi danışıqlar modeli: "Daha uğurludur"

“Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan sülh sazişinin imzalanması mümkündür”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması ilə çıxışını şərh edərkən bildirib. 

O bildrib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən sülh danışıqlarının heç bir vasitəçi olmadan aparılması müsbət haldır və düzgün bir modeldir:

“Bu modelin əsas məramı ondan ibarətdir ki, Azərbaycan və Ermənistan öz aralarında olan problemləri və ziddiyyətləri ikitərəfli danışıqlar və birbaşa müzakirələr vasitəsilə həll edə bilərlər.

Xatırladım ki, bir müddət öncə Azərbaycan və Ermənistan şərti sərhəd ərazilərin delimitasiyası prosesində birbaşa təmaslar yolu ilə ciddi anlaşmaya nail olublar. Bu anlaşma heç bir kənar vasitəçinin iştirakı olmadan baş tutub.

Son proseslər onu deməyə əsas verir ki, rəsmi Bakı və İrəvan heç bir kənar vasitəçi olmadan daha effektiv ikitərəfli müzakirələr apararaq yekun nəticələrə nail ola bilərlər. Prezident İlham Əliyevin dediyi kimi, kənar vasitəçilər sülh prosesində yalnız öz geosiyasi maraqlarını güdürlər, onlar yalnız Cənubi Qafqazda sülhün bərqərar olunmamasında və qeyri-sabit vəziyyətin davam etməsində maraqlıdırlar.

Ona görə də dövlət başçısı İlham Əliyevin irəli sürdüyü vasitəçilərsiz danışıqlar modeli Cənubi Qafqazda daimi sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə istiqamətlənib. Hesab edirəm ki, bu model daha rasionaldır.

Əgər belə bir model çərçivəsində danışıqlar və müzakirələr davam edərsə, kənar güc mərkəzlərin regionda proseslərə müdaxiləsinin qarşısı alınacaq, eyni zamanda Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh sazişi imzalanacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”