Bayramovla Mirzoyan İstanbula gedəcək: Tarix açıqlandı
"3+3" regional platformasının növbəti iclasının tarixi açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
O qeyd edib ki, növbəti iclas oktyabrın 18-də İstanbulda keçiriləcək.
Nazir iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib ki, görüşdə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iştirak edəcək.
"Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması “3+3” vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk", - Fidan qeyd edib.
Xatırladaq ki, “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə isə Tehranda baş tutub. Platformaya Gürcüstan daxil edilsə də, Tbilisi görüşlərdə iştirak etməyib.
Sonuncu görüşdə Ceyhun Bayramov, Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak edib. Bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçinin İstanbul görüşündə iştirak edəcəyi açıqlanıb.
Qeyd edək ki, "3+3" formatı İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb, platformanın təşəbbüskarı Azərbaycandır.
"Cebheinfo.az"