Cənubi Qafqaza “fransız” qalanlar

Ermənistan ilə Fransa arasında hərbi-texniki əməkdaşlıq haqqında yeni saziş imzalanıb.
Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfər edib. Bu səfər çərçivəsində Ermənistan Fransa-Almaniya konserni “KNDS” ilə müqavilə imzalayıb. Bu konserni Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi “Sezar” özüyeriyən haubitsalar istehsal edir.
Bundan əvvəl, Fransa Senatı Ermənistana tez bir zamanda “Sezar” qırıcı təyyarələrinin tədarükü məsələsinə baxmağa çağırıb.
Xatırladaq ki, bu ilin fevralın sonunda Fransa müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfər zamanı erməni həmkarı Suren Papikyanla geniş hərbi əməkdaşlığa dair sənədlər paketi sazişi imzalayıb. Ermənistan KİV-lərinin məlumatına görə, bu saziş əsasında İrəvan və Paris arasında hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlıq daha da genişlənəcək, hər iki ölkənin hərbiçiləri birgə təlimlər həyata keçirəcək, hətta Fransanın Ermənistana müasir silahlar tədarük edəcəyi də iddia olunur.
Sözsüz ki, hərbi əməkdaşlığa dair yeni sazişin imzalanması Azərbaycan daxilində narahatlıq yaratmaya bilməz. Artıq Azərbaycan Müdafiə Nazirliyi məsələyə öz münasibətini bildirib.
Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, Makron hakimiyyəti bu kimi addımlarla Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün bərqərar olunmasına və münasibətlərin normallaşmasına maneə olur.
“Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparır. Hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür”.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın Cənubi Qafqazla bağlı xarici siyasətinin yolverilməz olduğunu bildirib.
“Parisin addımları sülh prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda da Ermənistanın daxilində olan revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək bir addımdır. Ona görə də Fransanın bu militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahları təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndirilməsi ciddi narahatlıq yaradır".
Bununla yanaşı, Fransanın tanınmış simaları Ermənistana xüsusi hərbi kontingent göndərilməsi üçün Prezident Emmanuel Makrona müraciət ünvanlayıb. Məlumata görə, yüzə yaxın tanınmış şəxs Makrona müraciət edərək Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırıblar.
Fransanın ifrat sağçı “Milli Rali” partiyasının sədri və Baş nazirliyə namizəd olmaqda iddialı olan Cordan Bardellanın Ermənistanla bağlı bəyanatı da xüsusi diqqət çəkir.
"Fransa dövləti hakimiyyətdə kimin olmasından aslı olmayaraq erməni xalqının yanında olmağa davam edəcək. Ermənistanın təhlükəsizliyi, sərhədlərinin bütövlüyü və ərazi bütövlüyü Fransanın hər zaman qırmızı xətti olaraq qalacaq”-deyə, bəyanatda qeyd olunub.
O zaman Fransanın Ermənistanı silahlandırmaq və regionda militarizasiya siyasətinin arxasında hansı hədəflər dayanır?
İlk növbədə qeyd etmək lazımdır ki, Qərbi-mərkəzi Afrikada öz geostrateji və geosiyasi mövqelərini itirən Fransa heç bir zaman onun təsir dairəsində olmayan Cənubi Qafqaza göz dikib. Bu regionda yeganə Ermənistan Fransa üçün xüsusi əhəmiyyət kəsb edir. Makron hakimiyyəti, eləcə də ondan sonra hakimiyyətə gələcək siyasi qüvvələr də məhz Ermənistan vasitəsilə Fransanın Cənubi Qafqazda geostrateji, geosiyasi və geoiqtisadi təsir imkanlarını artırmağa çalışacaq. Yəni, Paris Ermənistanı öz protektorluğuna çevirmək niyyətindədir.
Fransada hərbi-siyasi dairələr hesab edirlər ki, Paris yalnız Ermənistan üzərindən manipulyasiya etməklə regionda güc mərkəzinə çevrilə bilər. Ona görə də Makron hakimiyyəti bu siyasətini həyata keçirmək üçün ilkin olaraq Ermənistana müasir silah-sursat tədarük etməyə başlayıb. Paris İrəvanla hər hansı formada hərbi əməkdaşlığı genişləndirməklə həm Ermənistanın silah arsenalında Fransa istehsalı silahların sayını çoxaltmaq, həm də Ermənistanda öz hərbi mövcudluğunu formallaşdırmaq məqsədi güdür. Doğrusunu desək, Paris bu istiqamətdə addımlar atmaqla müəyyən zaman çərçivəsində Ermənistanda öz hərbi bazasını yaratmaq arzusundadır. Hətta iddia etmək olar ki, Fransa nə zamansa Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəd ərazilərinin təhlükəsizliyini təmin etmək, habelə ölkədaxili sabitliyi qorumaq üçün Ermənistana xüsusi kontingent göndərə bilər.
Bu da istisna ola bilməz ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası məhz ABŞ və Fransanın təlimatları əsasında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk etmək niyyətində olduqlarını açıq şəkildə bəyan edirlər. Parisin Ermənistan üçün dəridən-qabıqdan çıxması ona deməyə əsas verir ki, Fransa Rusiyanın Cənubi Qafqazda boşalacaq yerini ələ almaq istəyindədir.
Eyni zamanda Fransa Azərbaycan ilə Ermənistan arasında əbədi olaraq münaqişənin davam etməsində maraqlıdır. Çünki bu, Fransanın Ermənistanda möhkəmlənməsinə, Cənubi Qafqazda təsir imkanlarını artırmasına və Azərbaycana təzyiqlər etməsinə imkan yaradacaq. Buna görə də Fransa Ermənistanı silahlandırmaqla və müəyyən təhlükəsizlik zəmanətləri verməklə sülh prosesinin gedişatına əngəl olur.
Bu məsələdə Türkiyə faktorunu da nəzərdən qaçırmaq olmaz. Heç bir şəkildə inkar oluna bilməz ki, Fransa Türkiyənin Yaxın Şərq, Şərqi Aralıq dənizi və Afrika regionunda geniş təsir imkanlarına və siyasi nüfuza malik olan güc mərkəzinə çevrilməsini həzm edə bilmir. Şübhəsiz ki, bu üç region üzrə geosiyasi rəqabətdə Ankaraya məğlub olan Fransa Türkiyənin Cənubi Qafqazda da möhkəmlənməsindən ciddi narahatlıq keçirir. Bu səbəbdən Paris hər vəchlə Ermənistanı ələ almağa və bu ölkə üzərindən regionda Türkiyəyə rəqib olmağa çalışacaq.
Bütün bunlarla bərabər, Paris, həmçinin Ermənistan siyasətində Rusiyanı da nəzərə alıb. ABŞ və Avropa İttifaqı daxil olmaqla Fransa da Rusiyaya qarşı Cənubi Qafqazda ikinci siyasi cəbhə açmaq hədəfindədir. Yəni, Qərb güc mərkəzlərinin strategiyasında Rusiyanı Şərqi Avropada olduğu kimi Cənubi Qafqazda da zəiflətmək əsas prioritet hesab olunur.
Proseslərin buna doğru cərəyan etdiyi təqdirdə regionda Ermənistan Qərb ilə Rusiya arasında geosiyasi mübarizə poliqonuna çevriləcək.
Fransa öz məqsədinə nail ola biləcəkmi?
Fransanın Cənubi Qafqazla bağlı riyakar, irrasional və avantürist siyasəti regionda sülh və əmin-amanlığın bərqərar olunmamasına, daimi təhlükəsizlik strategiyasının formallaşmamasına, qeyri-sabit vəziyyətin davam etməsinə səbəb olacaq. Münaqişədən ən çox əziyyət çəkəcək ölkə hər zamankı kimi Ermənistan olacaq. Münaqişənin davam etməsi nəticəsində Ermənistanın varlığı daima təhlükə altında olacaq. Ermənistan nə inkişaf edəcək, nə regional layihələrə qoşulacaq, nə də beynəlxalq aləmə çıxış əldə edəcək.
Fransa isə hər nə qədər çalışsa da, regionda öz istəklərinə nail ola bilməyəcək. Azərbaycan və Türkiyə, o cümlədən Rusiya Fransanın Cənubi Qafqazda öz istədiyi kimi hərəkət etməsinə və proseslərə müdaxiləsinə imkan verməyəcək. Həm Azərbaycan, həm də Türkiyə Fransanın regionda münaqişənin alovlanmasına yönələn addımlarına adekvat cavab verəcək. Rusiya da öz təsir rıçaqlarından istifadə etməklə Fransaya öz yerini bildirəcək.
Azərbaycan-Türkiyə-Rusiya tandemində Fransanın Cənubi Qafqazda möhkəmlənməsi qeyri-mümkündür. Paris əbəs yerə əziyyət çəkməsin, onun məqsədi heç vaxt baş tutmayacaq. Bu regionun artıq öz sahibləri var və regiondakı proseslər də ancaq onlar tərəfindən müəyyən olunacaq.
Yunis Abdullayev
"Cebhe.info"