Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfə

Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfə

Enerji sektorunun şaxələndirilməsi Azərbaycan Prezidentinin yürütdüyü siyasətinin əsas prioritetini təşkil edir.

Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı reallıq bölgənin gələcək əməkdaşlıq münasibətləri və inkişafı baxımdan, xüsusən də "yaşıl enerji"yə transformasiya istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açır. İqlim dəyişikliyi ilə mübarizədə yalnız birgə əməkdaşlıqla effektiv nəticə əldə edə bilər. 

Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyev cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bu məsələyə toxunub. “COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti yaradılıb”,-deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb. 

Göründüyü kimi, Azərbaycanın neft-qazla yanaşı, alternativ və bərpaolunan enerji sahəsində böyük potensiala, imkanlara malik olduğundan qlobal iqlim dəyişikliyinə, o cümlədən qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyi qarşıya hədəf qoyub. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan deputat Mahir Abbaszadə bildirib ki, mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununuin açılış mərasimində cənab Prezident İlham Əliyev alternativ enerjiyə keçidin Azərbaycanın yürütdüyü siyasətin ana xəttini təşkil etdiyini beynəlxalq aləmin diqqətinə çatdırdı: 

"Ölkə başçısı çıxışı zamanı bildirdi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər bu sahədə görülən işlər nəticəsində əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaq". 

Deputat əlavə edib ki, geniş alternativ enerji potensialına malik olan ölkəmiz bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verir və xarici investorları bu sahəyə investisiya qoyuluşuna nail olub: 

"Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri ilə birgə bərpaolunan enerji layihələri istiqamətdə işlər davam etməkdədir. Xarici iinvestorların bu sahəyə sərmayə qoyuluşu üçün ölkədə hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, 2023-cü ilin oktyabrında Azərbaycanda 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışı oldu. Bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq, onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə ölkəmizin potensialını 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğıcdır. Azərbaycanın həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialı var. Buraya su elektrik stansiyalarını da əlavə etmək olar. Torpaqlarımızın işğaldan azad edilməsindən ötən son 3 ildən artıq müddətdə Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub. Bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilməkdədir. COP29-dək bu sahədə biz daha bir sıra işlərin şahidi olacağıq”. 

Deputat bildirib ki, Azərbaycanın hədəfi alternativ və bərpaolunan enerji sahəsindəki gücü 2GB-yə çatdırmaqdır: 

“Azərbaycan bu potensiala malikdir və əminəm ki, ölkə başçısının yürütdüyü siyasət nəticəsində biz buna nail ola biləcəyik". 

Deputat vurğulayıb ki, Azərbaycan indiyədək qarşısına qoyduğu hədəflərə nail olub və bu məsələdə də nail olacaq:

"Azərbaycan qlobal iqlim dəyişikliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına öz töhfəsini verəcək. 

Bu, eyni zamanda Cənubi Qafqazda birgə əməkdaşlığa, dayanıqlı sülhə və təhlükəsizliyə də öz töhfəsini vermiş olacaq”. 

Vilayət Muxtar 
“Cebhe.info”