Çoxqütblü dünyada bu iki təşkilata maraq artıb - ŞƏRH
Rusiyanın Sankt-Peterburq şəhərində 11-12 sentyabr tarixlərində BRİKS-ə üzv və təşkilata tərəfdaş ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirilib.
Toplantıda üzv ölkələrin terrora və transmilli cinayətkarlığıa qarşı birgə mübarizə üsulları müzakirə olunub.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, toplantıda üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar:
“BRİKS-in (BRİKS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə formalaşıb) zirvə toplantısı oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək. Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı artıb.
Türkiyə və Azərbaycan da təşkilata üzv olmaq istəyirlər. Türkiyə xarici və təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın da BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına marağı anlaşılandır.
Sankt-Peterburqdakı toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirib. Çinin xarici işlər naziri Vanq Yi Hindistanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşüb. Müzakirələr zamanı iki ölkə arasında sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həmçinin ikitərəfli münasibətlərdə normallaşmanın davamı vacibliyi vurğulanıb".
Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin həlli üçün səylərini artıracaqlarını vəd ediblər:
“Hindistan və Çin xariici işlər nazirlikləri nəzdində Məsləhətləşmə və Koordinasiya üçün İş Mexanizmi vasitəsilə gərginliyi azatlmağa çalışacaqlar. Çin-Hindistan münasibətlərinin normallaşması Asiya bölgəsi üçün də vacibdir. Çünki iki ölkə arasında münasibətlər gərginləşəndə, sərhəddə toqquşmalar olanda, bu bölgə ölkələrinin xarici və təhlükəsizlik siyasətinə də mənfi təsir edir.
Digər tərəfdən Çin və Hindistan BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduqlarından münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Bu Rusiyanın da maraqlarına cavab verir. Əks halda üzv dövlətlər arasında gərginlik BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatını içəridən zəiflədə bilər.
Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan təmsilçiləri ilə ayrılıqda görüşüb. Putin Pekinlə Dehli arasında dialoqun genişlənməsində şəxsən maraqlıdır”.
“Cebheinfo.az”