Dağıdıcı müharibəyə hazırlıq başladı

Dağıdıcı müharibəyə hazırlıq başladı

Bəzi Qərb ölkələri Ukraynaya yeni hərbi hərbi texnikalar göndərəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb. Onun sözlərinə görə, Kanada, Almaniya, Fransa, Danimarka, Estoniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək. Zelenski bu paketin silah-sursat, tanklar və artilleriyadan ibarət olduğunu bildirib. Qeyd edək ki, bütün bu hərbi yardımlar fonunda Rusiya-Ukrayna müharibəsinin daha da sərtləşəcəyi gözlənilir. Xüsusilə, qarşıdakı həftələrdə toqquşmaların şiddətlənəcəyi proqnozlaşdırılır.

Politoloq Tural İsmayılov Cebhe.info-ya açıqlamasında bildirib ki, qarşıdakı əsas hədəflərdən biri Ukraynanın müdafiə və mühafizə qabiliyyətini daha da yüksəltməkdir:

"Bunun üçün də Ukraynaya edilən yardımların miqdarı kəskin şəkildə artacaq. Daha əvvəl də həm ABŞ, həm də NATO tərəfindən verilən açıqlamalarda Ukraynaya hərbi və maddi-texniki təchizat baxımından dəstəyin davam edəcəyi vurğulanmışdı. Bu cəhətdən, Kanada, Almaniya, Fransa, Danimarka, Estoniyadan əlavə, ABŞ və Böyük Britaniya tərəfindən də Ukraynaya yeni yardımların göndəriləcəyini düşünürəm. Bütövlükdə isə analitiklərində gəldiyi əsas qənaət ondan ibarətdir ki, yay ayları Rusiya-Ukrayna müharibəsinin daha dağıdıcı və qızğın bir dövrü ilə xarakterizə olunacaq".

Politoloq hesab edir ki, tezliklə Rusiya-Ukrayna müharibəsində daha dağıdıcı bir mərhələnin şahidi ola bilərik: "Xüsusilə, Rusiya Baxmut ətrafında istədiyi nəticəni əldə edə bilmədi. Həmçinin, Ukraynanın dövlət, xalq və ordu olaraq sonuna qədər vuruşması, vətən torpağının hər bir qarışının müdafiəsi üçün aqressiya qarşısında duruş gətirməsi Kremli qıcıqlandıran faktorlardandır. Həm Ukraynaya verilən hərbi dəstəyin, həm də Rusiyanın qıcığının artması fonunda bu müharibənin növbəti mərhələsinin şahidi olacağıq".

Elmir Mustafa

Cebhe.info