Deputat: “Azərbaycan təkcə neft və qaz ixrac etmir...”

Deputat: “Azərbaycan təkcə neft və qaz ixrac etmir...”

"Enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsi olduğundan enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkə üçün vacib məsələlərdəndir”.

Bunu “Cebhe.info”-ya açıqlamasında deputat Kamran Bayramov deyib.

O bildirib ki, bu baxımdan zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan çox böyük uğurlara imza atıb:

“Bu gün Azərbaycan özünü nəinki  karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Bu səbəbdən də Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir”.

Deputat əlavə edib ki, enerjinin şaxələndirilməsi və Avropanın daha etibarlı şəkildə enerji təhlükəsizliyi ilə təmin edilməsi məsələsi martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ciddi şəkildə müzakirə edildi və bu sahədə Azərbaycan önəmli rolu qeyd edildi:

"Azərbaycan ötən illər ərzində enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi  istiqamətində siyasəti ardıcıl olub. Məhz yürüdülən siyasətin nəticəsi olaraq artıq üç ildir ki, tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi fəaliyyət göstərir.

Bu qaz dəhlizi Avropanın qaza olan ehtiyaclaırnı ödəməyə başlayıb və ilbəil də ixrac həcmini artırmaqdadır. Cənub Qaz Dəhlizi vasitəsi ilə Xəzərdən hasil olunan qaz Avropaya ixrac olunmaqdadır. Azərbaycan Avropaya qaz təchizatının coğrafiyası genişləndirməkdədir. Hazırda 8 ölkəyə Azərbaycan qazı nəql edilir ki, onlardan altısı Avropa ölkəsidir.

Gələcəkdə isə interkonnektor layihələri vasitəsi ilə bu say daha da artacaq. Çünki digər Avropa ölkələri də Azərbaycan qazını almağa böyük maraq göstərir. Bütün bunlar bir daha Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu artıq sübut edir.

Cənab Prezidentin bəyan etdiyi kimi, "Bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir" şüarı bütün ölkələr tərəfindən tam səsmimi şəkildə qəbul edilir. Bundan sonra bu istiqamətdə qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur".

Kamran Bayramov qeyd edib ki, bu gün Azərbaycan təkcə neft və qaz ixrac etmir, eyni zamanda "yaşıl enerji"nin də ixracı ilə bağlı layihələrə həyata keçirməkdədir:

"Artıq Azərbaycan “yaşıl enerji”yə keçiddə ciddi addımlar atır. Bu məqsədlə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkəmizin "yaşıl enerji" və ya bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir.

Cənab Prezidentin yürürtdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu potensildan ölkəmizin dünya miqyasında daha da güclənib qüdrətlənməsi naminə faydalanacaq. Artıq biz bunun bəhrələrini görməkdəyik. Bu sahənin inkişaf etdiirlməsi üçün dünyanın nüfuzlu şirkətləri ölkə iqtisadiyyatına çox böyük investisiya yatırmaqdadır.

Günəş elektrik stansiyanın yaradılması ilə bağlı bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar”la  müqavilə imzalanıb və bu layihə icra olunmaqdadır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır.

Bu sahəyə Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkəti də cəlb edilib. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də quruda. Nəzərdə tutulur ki, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya “yaşıl enerji”nin önəmli ixracatçılarından biri olacağıq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfəsini vermiş olacaq”.

Millət vəkili bildirib ki, Azərbaycanın bərpa olunan enerji sahəsində yürütdüyü siyasətlə həm də qlobal iqlim dəyişikliyinə töhfə verməsi baxımdan mühüm rol oynamış olacaq:

“Azərbaycanın iqlim dəyişmələri ilə bağlı olan COP-29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) kimi qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın gördüyü bu işlər qarşsında bəzi Qərb ölkələrinin və qüvvələrin ölkəmizə qarşı qərəzli, absurd təzyiqini müşahidə etməkdəyik. Azərbaycanın bu addımları təqdir olunub dəstəklənməli olduğu halda biz bunun əksinin şahidi oluruq. Bu da istər-istəməz Azərbaycan  xalqında ciddi ikrah hissinə səbəb olur. 

Artıq Azərbaycan xalqı bu cür hərəkətlərə adət edib. İndiyədək bu cür təhdidlərə sinə gəlib müqavimət göstərmişik, dövlətimiz güclənərək dünyanın qüdrətli ölkələrindən birinə çevrilib. Bundan sonra da bu cür təhdidlərə cavab verəcəyik və buna qadirik. Kimsənin şübhəsi olmasın. Azərbaycan nəinki bu çətinlikləri dəf edəcək, hər zaman olduğu kimi bundan sonra da yeni-yeni uğurlara, qələbələrə imza atıb, anti-Azərbaycan gücləri məyus edəcək".

Vilayət Muxtar
“Cebhe.info”