Deputat: "Fars-molla rejimi Azərbaycana düşməndir"

Deputat: "Fars-molla rejimi Azərbaycana düşməndir"

“Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasında mühüm amillər dialoq və diplomatiya, eləcə də milli suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, beynəlxalq hüquqa hörmətdir”. 

Bu sözləri aprelin 16-da keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib. Onun sözlərinə görə, müharibə heç vaxt problemləri həll etməyib:

“Bölgədə gərginliyin artması ehtimalından narahatıq. Artan gərginlik region xalqlarına, eləcə də Ermənistan və Azərbaycanın qonşularına ziyan vurur. Biz hər iki tərəfi sakit olmağa çağırırıq, onları təmkinli olmağa və sülhlə bağlı dialoqu davam etdirməyə çağırırıq”.

O əlavə edib ki, İran qonşularının təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.  

Maraqlıdır, Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətti" hesab edən Tehran nədən Azərbaycana münasibətdə belə bir mövqe sərgiləmir? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, İran Azərbaycanı güclü və qüdrətli dövlət kimi görmək istəmir:

“Hər kəsə çox yaxşı aydındır ki, İranda fars-molla rejimi təpədən dırnağa qədər Azərbaycan dövlətçiliyini və onun uğurlu inkişafını həzm edə bilmir. İstər işğal dövründə, istərsə 44 günlük Vətən müharibəsində, istərsə də hazırki dövrdə İran hakimiyyəti Ermənistan və erməni faşistləri ilə həmrəy olub. Sözdə Azərbaycanı din qardaşı hesab edən ayətullahlar, eləcə də İranın rəsmiləri mahiyyət etibarı ilə ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdürlər. Onlar Ermənistanın işğalçılıq siyasətini dəstəkləyiblər. 

Azərbaycanda İsrail və ABŞ-nin hərbi bazalarının, o cümlədən Azərbaycan ilə İsrail arasında hərbi-strateji müttəfiqliyin olmadığı halda heç bir əsası olmadan İran hakimiyyəti Azərbaycana təhdidlər yağdırır. Bir neçə il bundan öncə Azərbaycanla sərhədin Araz çayı boyunca olan hissəsində İran ordusunun təxribat xarakterli hərbi təlimlər keçirməsi bunu aydın şəkildə sübut edir. Fars-molla rejimi Azərbaycanı hədələməkdən əl çəkmək istəmir. 

Onu da bildirim ki, bu gün Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Avropa İttifaqının müşahidə missiyası fəaliyyət göstərir. Şübhəsiz ki, Aİ-nın müşahidə missiyasında Fransa və Almaniyanın kəşfiyyatçıları var. Həmin kəşfiyyatçılar regionla bağlı kəşfiyyat məlumatları toplayıb öz ölkələrinə ötürürlər. Bundan əlavə,  NATO Ermənistanda möhkəmlənmək niyyətindədir. ABŞ  də Ermənistanda təsir imkanlarını artırmaq üçün planlar qurur. Fars-molla rejimi bütün bunlara susur, heç səsini də çıxartmır".

Deputat deyib ki, ərazi bütövlüyünü özünün qırmızı xətti hesab edən İran hakimiyyəti Azərbaycana münasibətdə riyakarlıq edir:

"İsrailə gücü çatmadığı halda İsrailin Azəbaycandakı səfirliyini vurmaqla hədələyir. Fars-molla rejimi Azərbaycanın zəif dövlət olmasına çalışır. Lakin bu rejim istəklərinə nail olmayacaq. Azərbaycan istənilən təhlükəyə adekvat cavab vermək imkanlarına malikdir”.  

Yunis Abdullayev 
“Cebhe.info”