Əli Kərimlinin siyasi bəsitliyi: Və ya ona qalan “Facebook” statusları

Əli Kərimlinin siyasi bəsitliyi: Və ya ona qalan “Facebook” statusları

Azərbaycana qarşı sanksiya və hədə dili ilə danışmaq üçün 60-a yaxın konqresmen tapan ABŞ daxildə də “ələkçinin qıl verənlərini” axtarmaqda o qədər də əziyyət çəkmir. 

Onlar həmişəki yerlərində dayanıb, növbəti əmr və təlimatları gözləyirlər. Bəzən onlara heç əmr və təlimat da verilmir. Təlimat belə gəlməyəcək qədər hesaba alınmadıqılarını bilə-bilə hikkə və nifrətləri ilə prosesə qoşulurlar. Bir zamanların aktiv komsomolçusu olan Əli Kərimli təşəbbüskar komsomolçu “əzmi”ni işə salıb. 

Sanksiya çağırışını ölkədə insan hüquq və azaqlıqları, demokratiya, siyasi məhbus mövzuları ilə əlaqələndirən ABŞ əslində Azərbaycanın yarımçıq və ya tələsik sülhə imza atması üçün təzyiq göstərir. Səbəb və bəhanə arasındakı absurdluğa baxmayaraq, “səlib yürüşü”nə çıxan ABŞ bəhanənin arxasındakı səbəbi sanki heç kim görmürmüş kimi davranır. 

Amma fərqində deyil ki, hər şey aşkardır. Hətta o qədər ki, nə təhlilə, nə də xüsusi analizə ehtiyac var. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyan Rusiya hərbçilərini ABŞ kəşfiyyatçılarının əvəz etməsi bütün suallara və ABŞ-nin nə qədər humanizmə, demokratiyaya sadiqliyini nümayiş etdirir. ABŞ üçün özünün geosiyasi, iqtisadi maraqlarının olması heç kimə sirr deyil və bu gün də Ermənistanda həmin maraqların təmin olunmasına çalışır. Azərbaycanı hədəfə almasının yeganə səbəbi də budur. 

AXCP sədri Əli Kərimli, Milli Şuranı Əli Kərimlinin vassalına çevrilən sədri Cəmil Həsənli isə bu prosesdə anti-Azərbaycan çağırışların xor kapellasının yerli üzvləridir. Hər ikisi sanksiya ehtimalından o qədər xoşhal görünür ki, sanki bununla daim hüquqlarını qoruduqlarını iddia etdikləri Azərbaycan xalqı ağ günə çıxacaq. 

Sanki ABŞ Konqresinin bütün işi-gücü Azərbaycan xalqını düşünməkdir. Onun rifahı, demokratik mühitdə yaşaması, torpaqlarını işğaldan azad etdikdən və suverenliyini bərpa etdikdən sonra Ermənistanla sülh müqavilsi bağlayıb sülh və sabitlik şəraitində yaşamasıdır. 

Bunlar ABŞ-nin prioritetləri siyahısında heç mininci yerdə də deyil, olsa-olsa, okeanın o tayından öz maraqlarının müdafiəsi üçün ortaya atdığı uydurmalardır. 

ABŞ-nin mövqeyini ölkənin öz maraqları baxımından bəlkə də anlamaq olar, bölgədə Rusiya ilə qarşı-qarşıya gələn Ağ Ev Moskvanı mümkün qədər dəstəkdən məhrum etməyə çalışır. 

Bu baxımdan, ABŞ-li konqresmenlərin əslində nə demokratiyaya, nə insan hüquqlarına sığan, başqa ölkənin daxili işlərinə qarışan bəyanatlarını qəbul etməsək də, səbəbini anlamaq mümkündür. 

Cəmiyyətin anlamadığı və qəbul etmədiyi Əli Kərimlinin mövqeyidir. Nə zaman, harada bir anti-Azərbaycan çağırışı olursa Əli Kərimli həmən orada peyda olur. 

Bu adamın doğrudanmı heç xalq, dövlət mənafeyini düşünən bir “damarı” yoxdur? Fakt odur ki, adamın şəxsi maraqları, qəzəbi, nifrəti bütün düşüncələrini üstələyib və öz maraqları naminə hər şeyə hazırdır. 

Amerika Azərbaycanla münasibətləri gərginləşdirdikcə, ən çox sevinən Əli Kərimli “danışın” düyməsinə basıb öz arxasınca sürüklədiyi Milli Şura üzvləri ilə birlikdə az qala hər gün status yazır, çıxışlar edir, perspektivlərlə bağlı təxminlər səsləndirir. 

Lakin Əli Kərimlinin siyasi fəhminin nə qədər bəsit olduğunu hamı bilir və elə ona görə də ona inanan yoxdur. Çünki Əli Kərimli dəfələrlə bunabənzər oyunların iştirakçısı olub, sonunu öz gözləri ilə görüb. 

Bu sonluqlar heç zaman Əli Kərimlinin təxminləri ilə üst-üstə düşməyib. ABŞ öz maraqlarını və hərəkətlərini tərəzinin gözünə qoyaraq özünə daha çox sərf edən variantı seçib. Yəni prosesi yarıda saxlamaq və ya davam etdirmək barədə qərar verib. Qərar anı çatanda isə hər dəfə ABŞ-nin küyünə gedən Əli Kərimli boş əllə qalıb. 

Yəni, Əli Kərimli bilir ki, ABŞ bu dəfə də bütün hay-küylərə, hədələrə baxmayaraq dayanmalı olduğu yerdə dayanacaq, AXCP sədrinə qalan isə ancaq “Facebook” statusları olacaq. 

Çünki ABŞ dayanmaq lazım olan yeri bilir və Azərbaycanı özündən sona qədər uzaqlaşdırmağın onun üçün faydalı olmayacağını, hadisələrin məcradan çıxacağı təqdirdə Azərbaycanı birdəfəlik itirməyin risqli olduğunu yaxşı bilir. 

O zaman Əli Kərimli “əllərim bomboş” deyərək növbəti bəyanat kampaniyasının başa çatdığını izləyəcək. İndi baş verənlər sadəcə Əli Kərimli və ətrafındakı qrupun bir müddətlik sevincidir ki, bu da uzun sürməyəcək. 

Süleyman Yusif 
“Cebheinfo.az”