Ermənistan bu qərarı versə: “Yer üzündən silinə bilər”
Ermənistan parlamentinin spikeri Alen Simonyan son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
O, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyini istisna etmədiyini söyləyib. Onun sözlərinə görə, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.
Maraqlıdır, rəsmi İrəvan indiki vəziyyətdə bu riskə gedə bilər?
“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, KTMT-dən çıxmaq üçün müəyyən prosedurları keçmək lazımdır:
“Yəni Ermənistan öz istəyi ilə çıxa bilməz. Rəsmi İrəvan KTMT-dən çıxmaq üçün bütün prosesləri keçməlidir. Hətta Ermənistanın KTMT-dən çıxması ona yaxşı heç nə vəd etmir. Nəzərə almaq lazımdır ki, rus qoşunları Ermənistan ərazisindədir. Bəlkə də ABŞ-nin təhrikiylə bu məsələni gündəmə gətirir. Ola blər ki, Rusiyadan nə isə qoparmaq üçün blef xarakterli belə açıqlamalar verirlir”.
Onun sözlərinə görə, indiki halda Ermənistanın KTMT-dən çıxması onun özünə ziyan verəcək:
“Bu, Ermənistanın hansısa təhlükəsizlik çətirindən çıxması demək olacaq. Qərb ölkələri onların üzərində daha çox təzyiq göstərəcək və öz istədiklərini diqtə edəcəklər.
Halbuki rəsmi İrəvan hazırda Rusiya ilə Qərb arasında ikili oyun oynayır. Həmçinin, Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün veriləcək Qərb silahları artıq Rusiyanın legitim hədəfinə çevriləcək.
Yəni Ermənistanın indiki vəziyyətdə KTMT-dən çıxması və ya buna təşəbbüs göstərməsi onun özünə ciddi ziyan verəcək. Üstəlik, Ermənistan daxilində Rusiyanın kəşfiyyat orqanları da çox güclü işləyir. Qərbin silah-sursatlarının yerləşmə yerləri onların nəzarəti altında olacaq.
Eyni zamanda, Ermənistanın daxilində qeyri-stabil vəziyyətin yaranmasına şərait yarada bilərlər. İstər ordu daxilində, istərsə də cəmiyyət arasında Rusiyaya bağlı qüvvələr daha da aktivləşə bilər”.
Politoloq qeyd edib ki, KTMT-dən çıxarsa, Qərb Ermənistanı Azərbaycanla müharibəyə təhrik edə bilər:
“Bu isə Ermənistanın ciddi zərbə alması, hətta dağılmasına gətirib çıxara bilər. Ermənistan Azərbaycana hər hansısa hücum etsə, anında cavab alacaq.
Üstəlik, bu, Rusiya-Ukrayna müharibəsi kimi bir neçə il çəkməyəcək. Azərbaycan Ordusu bir neçə günə, hətta bir neçə saata Ermənistanı yer üzündən silə bilər”.
Elmir Mustafa
“Cebheinfo.az”