Ermənistan üçün “fransız çətiri”

Ermənistan üçün “fransız çətiri”

“Ermənistan özünə yeni “ağa” axtarışındadır. Əvvəl Rusiyanın, indi isə Fransanın köləsi olmaq istəyir”.

Bu sözləri politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında fəaliyyətini dondurmasının nəticələrini şərh edərkən bildirib.

O bildirib ki, Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilir:

“Bildirim ki, son zamanlar Paşinyan hakimiyyəti tərəfindən sərgilənən davranışlar onu göstərir ki, Ermənistan ağasız mövcud olmaq istəmir. Uzun müddət Rusiyanın təhlükəsizlik çətiri altında mövcudluğunu qoruyub saxlayan Ermənistan özünə yeni çətir axtarır. 

İrəvan çətir kimi Fransanı görmək istəyir. Təbii ki, Fransa da Cənubi Qafqazda özünün geosiyasi maraqlarını təmin etməkdən ötrü Ermənistandan siyasi alət kimi  istifadə etmək niyyətindədir. Bu baxımdan rəsmi Paris bütün imkanları ilə Ermənistanı müdafiə etməyə çalışır.

Hazırkı dövrdə Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeyi və KTMT ilə bağlı qərarları Qərb dairələrinə, xüsusilə Fransaya xoş gəlmək üçün atılan addımlardır.

Ümumiyyətlə, hər bir ölkənin təhlükəsizliyi təkcə silah-surat və ərazisində başqa ölkənin hərbi bazası ilə ölçülmür. Hər bir ölkənin təhlükəsizliyi əsasən onun iqtisadi inkişafı və qonşu ölkələrlə normal münasibətlər qurması ilə ölçülür. 

Faktiki olaraq Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır, Gürcüstanla heç bir normal yolu yoxdur, iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Fransanın qucağında oturub Rusiyaya qarşı meydan oxuyan İrəvan başa düşmür ki, o, bu kimi addımlar atmaqla müstəqil ölkə olmaq imkanlarını əldən buraxır. Ermənistan bu dəfə Fransanın müstəmləkəsi olmaq istəyir. 

O ki qaldı N.Paşinyanın KTMT ilə bağlı qərarlarının hansı nəticələr doğuracağına, bunu indidən proqnozlaşdırmaq çətindir. Ermənistan KTMT-də fəaliyyətini dondursa da, rəsmi olaraq hələ bu təşkilatın üzvü sayılır.

Əlbəttə, İrəvan KTMT qarşısında öhdəliklərini yerinə yetirməzsə, təşkilatın üzv ölkələri də, xüsusilə Rusiya da Ermənistanla bağlı öhdəliyindən imtina edə bilər. Amma hər halda Rusiya Ermənistanda öz geosiyasi mövqeyini əldən buraxmamağa çalışacaq.

Əgər Azərbaycanla növbəti müharibənin baş verəcəyi təqdirdə, bu müharibənin Ermənistana sıçradığı halda Moskva bu ölkəyə bu və ya digər şəkildə əlavə hərbi kontingent göndərə bilər.

Bu gün Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilir. Sözsüz ki, Paşinyan və onun komandasının burada əməyi danılmazdır. Ermənistanın poliqona çevrilməsi Cənubi Qafqazda sülh və sabitliyə mənfi təsir göstərəcək.Bu qarşıdurmadan ən böyük zərər çəkəcək ölkə məhz Ermənistan olacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”