Etibarlı tərəfdaş: “Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər”

Etibarlı tərəfdaş: “Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər”

Azərbaycan böyük enerji resursları ehtiyatlarına malikdir.

Bu gün dünya ölkələri bu istiqamətdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. 

Təsadüfi deyil ki, Avropa ölkələrindən altısı artıq Azərbaycandan qaz alır. Yaxın gələcəkdə bu ölkələrin sayının artacağı da gözlənilir. Bu istiqamətdə danışıqlar aparılır.

Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.

“Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu gün Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb.

Artıq beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər.

Eyni zamanda qalib və güclü Azərbaycanla əməkdaşlıq etmək gələcək meqalayihələrlə bağlı təhlükəsiz mühit deməkdir. Avropa ölkələri də bunu yaxşı başa düşür və Azərbaycanı hazırkı durumda əməkdaşlıq üçün cazibədar ölkə hesab edirlər. Bu da prespektivdə Azərbaycanın Avropa regionun böyük hissəsini neft və qazla təmin edəcəyinin ismarıcıdır.

Mövzu ilə bağlı “Cebhe.info” -ya danışan Müasir İnkişaf Birliyinin sədri, siyasi-şərhçi Mübariz Göyüşlü deyib ki, Azərbaycan əməkdaşlıq etdiyi bütün tərəflərlə, istər dövlətlər, istərsə də beynəlxalq təşkilatlarla özünü etibarlı tərəfdaş kimi göstərir:

“İndiyə qədər də etibarlı tərəfdaş olduğunu sübut edib. Çünki üzərimizə götürdüyümüz öhdəliklər, bizə aid olan işlər, müqavilələr və qarşılıqlı sənədlər imzalanarkən üzərimizə düşənləri hər zaman ən yüksək səviyyədə icra etmişik. 

Məhz buna görə də Azərbaycan dünyada etibarlı bir ölkə və tərəf müqabili kimi tanınır. Bu məsələ xüsusilə də enerji təminatı məsələsində də özünü büruzə verir. Ən çətin məqamlarda qonşumuz Gürcüstan, Türkiyə də daxil olmaqla Avropa ölkələrinə və enerji məsələsində əməkdaşlıq etdiyimiz bütün tərəflərə istər çətin, istərsə həssas məqamlarında nəinki öhdəliklərimizi icra etmişik, hətta yardım əlimizi uzatmışıq. 

Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayarkən biz Avropanı enerji təminatı məsələsində öhdəlik götürdük və onları qışda donmaq məsələsindən xilas etmək üçün əlimizdən gələni əsirgəmədik. Bu mənada Avropa ölkələrinin qaz alması, digərlərinin də danışıqlar aparması tamamilə təbiidir.

Azərbaycanın neft və qazı Avropa üçün əhəmiyyətlidir. Təkcə ona görə yox ki, Avropanın buna ehtiyacı var, həm də ona görə ki, Azərbaycan etibarlı tərəfdaşdır. Rusiyanın da nefti, qazı, təbii sərvətləri var, amma bu məsələlər Avropan cəkindirir. Çünki həssas məqamlarda Rusiyanı bunu qarşı tərəfə silah kimi istifadə edir. Azərbaycan isə heç zaman bu cür addımlar atmır. Ona görə də bu cür əməkdaşlıqlarımız genişlənir və gələcəkdə daha da genişlənəcək”.

Vilayət Muxtar
“Cebhe.info”