Gürcülər seçim qarşısında: Qərb, yoxsa Rusiya?

Gürcülər seçim qarşısında: Qərb, yoxsa Rusiya?

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilib. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib. 

Lakin seçkilərə etirazlar da var. Belə ki, parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Onlar, prezidentliyə namizəd irəli sürməyiblər. 

Qeyd edək ki, prezidentin seçilməsi üçün seçki kollegiyasının 2/3-nin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının seçki kollegiyasındakı seçicilərinin sayı isə kifayət qədər çoxdur. 

Onların namizədi isə keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidi.

Buna baxmayaraq, bu seçkidə də Gürcüstanda Qərblə Rusiyanın maraqlarının toqquşduğu müşahidə olunur. Hətta bəzi ekspertlər düşünür ki, seçkinin nəticəsindən asılı olmayaraq gürcü xalqı Qərb və ya Rusiya arasında seçim edib. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Gürcüstandakı qarışıq vəziyyət davam edir:

"Bu vəziyyətin fonunda Gürcüstanda prezident seçkiləri keçirilir. Qərbin dəstək verdiyi qeyri-hökumət təşkilatlarının iştirakı ilə hələlik nisbi etiraz davam edir. Düzdür, etirazlar kütləvi deyil, lakin yenə də aksiyaların olduğunu deyə bilərik. 

Bu səbəbdən də etirazları nisbi adlandırmağı daha doğru hesab edirəm. Belə bir vəziyyətdə keçirilən seçkilərdən sonra Qərbin, yoxsa Rusiyanın qalib gələcəyi hələ dəqiq bilinmir". 

Ekspert qeyd edib ki, hər şey gürcü xalqının seçimindən asılı olacaq:

"Yeni seçiləcək prezidentin Qərblə, yoxsa Rusiya ilə daha çox əməkdaşlıq edəcəyi hələlik sual altındadır. Düşünürəm ki, bu da proseslərin gedişatından asılı olacaq. 

Rusiyanın və Qərbin regiona baxışından, onların təsir imkanlarından asılı olacağını qeyd etmək lazımdır. Ümumi olaraq isə seçkidən sonra hansı tərəfin hədəfinə nail olacağını kimsə dəqiq deyə bilməz. Hər halda, son seçimi gürcü xalqı özü edəcək".

Elmir 
"Cebheinfo.az"