"İlkin mərhələdə Gürcüstan və Naxçıvana, sonra..." - Quru sərhədlərlə bağlı XƏBƏR

"İlkin mərhələdə Gürcüstan və Naxçıvana, sonra..." - Quru sərhədlərlə bağlı XƏBƏR

İyul ayının 1-dən etibarən Azərbaycanın bütün quru sərhədlərini açacağı gözlənilir.

Bu məlumatı “Caucasian Live” Teleqram kanalı yayıb.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bu barədə qərarın hələ olmadığını bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarı ilə sərhədlərdə keçid məhdudiyyəti 1 iyula qədər uzadılmışdı.

Deputat Vüqar İskəndərov Cebhe TV- yə açıqlamasında bildirdir ki, quru sərhədlərinin bağlı olması nəinki vətəndaşlar, dövlət üçün də çətinliklər yaradır:

"İlk növbədə bu, iqtisadi cəhətdən çətinliklər yaradır. Heç bir dövlət istəməz ki, insanları bu və ya digər formada əziyyət çəksin. Avtomobil və ya avtobusla getməli olduğu yerə təyyarə ilə getsin. İkinci məsələ, ölkənin özü iqtisadi çətinliklə üzləşir. Yəni daşımalar və digər məsələlər var. İqtisadi cəhətdən heç bir dövlətə sərf etməz. Demək burada çox ciddi məsələlər var. Bu yenə də təhlükəsizliklə bağlıdır. Quru sərhədlərinin iyul ayında açılması ilə bağlı məlumatlı deyiləm. Amma düşünürəm ki, yaxın zamanda açılacaq".

Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev deyir ki, sosial mediada məlumatlar yayılsa da, unutmayaq ki, quru sərhədlərinin bağlı olması ilə bağlı Nazirlər Kabinetinin qərarı var:

"Quru sərhədlərinin açılmasını hər kəs arzulayır. Mən də istəyirəm ki, ən pis halda Azərbaycan vətəndaşları üçün Gürcüstan və Naxçıvan istiqamətində sərhədlərin açılması reallaşsın. Sonrakı dövrdə mərhələli şəkildə Rusiya və digər qonşu ölkələrə quru sərhədləri açılsın . Amma ilkin mərhələ Gürcüstan və Naxçıvana gediş-gəliş təmin edilsə, xüsusilə də istilərin başladığı dövrdə bu çox yaxşı xəbər olardı. Daha rahat, avtomobillə istirahət yerlərinə gedə bilməsi üçün Gürcüstana quru sərhədinin açılması yaxşı olardı. Vətəndaşlar Gürcüstan vasitəsilə Türkiyəyə də getmək imkanı qazanardılar".

Aidə Ramizqızı
Cebhe.info