Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

"Cebheinfo.az"  xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.

Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.

Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Dövlətimizin başçısı stadionun təməlini qoydu.

***

14:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Cebheinfo.az"