“İqnor” olunan Əli Kərimlinin manipulyasiyaları 

“İqnor” olunan Əli Kərimlinin manipulyasiyaları 

Şəxsinə aidiyyəti olmasa belə, onu pafosla təqdim edib eyforiyaya qapılır və “stəkanda fırtına” yaratmağa çalışır.

Ən böyük problem isə odur ki, adam öz danışdıqlarına özü inanmır. Niyə? Əsl səbəbi bildiyindən. Yaxşı bilir ki, Novxanıdakı hər hansı kütləvilik və toplaşma ona olan münasibət deyil.

Bu ona münasibət olsaydı, elə o adamlar onun xarici pasport alması üçün çoxdan Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin qarşısında da toplaşardılar...

Məsələ ondadır ki, Əli Kərimli 28 mayda Novxanıda keçirilən anım mərasiminin eyforiyasını yaşayır. Artıq 10 günə yaxın vaxt keçib, amma AXCP sədri hələ də həmin gün Novxanıya gedən, Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməyi özünə mənəvi borc bilən sadə insanlar üzərindən manipulyasiyaya son verməyib.

Növbəti çıxışında ölkədə müxalifətin olmaması barədə iddialara, guya cavab verən Əli Kərimli bunun əksini sübut etmək üçün rəqəmlərlə öyünüb.

Bildiyimiz qədər kimsə ölkədə müxalifət yoxdur iddiasında deyil. Hamı müxalifət varlığını da, fəaliyyətini də bilir, izləyir. Müxalifət partiyalarının təmsilçilərinin parlamentdə təmsil olunması da kimin üçünsə sirr deyil. Həmin müxalifət fikirlərini parlament tribunasından sərbəst səsləndirmək imkanına da malikdirlər.

Bəs Əli Kərimli nədən danışır və hansı rəqəmlərlə öyünməyə cəhd edir?

Kərimlinin nəzərində müxalifət radikal və dağıdıcı qaragüruh xarakterində olmalıdır. Bu tip müxalifət isə 3-5 nəfərdir ki, onlar da Əli Kərimlinin ətrafında özünə yer tapır. Əli Kərimli ilə bərabər o qisim müxalifət xalq tərəfindən çoxdan “iqnor” edilib.

Əli Kərimlinin müxalifətçilik adı altında bütün manipulyasiyaları özünün “müxalifət naziri” kreslosunu qorumağa hesablanıb. Ona görə də istər müxalifətçilikdən, istərsə də hansısa siyasi məhbus iddiasından danışsın, bu, həmin kəsimi deyil, yalnız özünün siyasi karyerasını qorumaq məqsədi daşıyır.

“Son 4-5 il ərzində siyasi məhbus həyatını 40 nəfər yaşayıb, 200-300 nəfəri inzibati qaydada həbs olunub, heç bir maddi dəstəyimiz yoxdur, hamısı qapadılıb”,-deyən Əli Kərimli üçün o insanların taleyi heç bir əhəmiyyət daşımır.

Onun üçün əhəmiyyətli olan məsələ “siyasi məhbus” oyunu üzərindən xalq toplamaq, məsələyə “əgər həbsxanaya daha çox tərəfdar göndərmisənsə, əsl müxalifət liderisən”prizmasından yanaşmaqdır. “Siyasi məhbus” Əli Kərimliyə ancaq və ancaq öz varlığını kimlərəsə sübut etmək üçün lazımdır, əks halda, sadaladığı rəqəmlər onun üçün elə rəqəm olaraq da qalır.

Çıxışında 28 mayda Novxanıda keçirilən tədbirdən danışıb, insanların Cümhuriyyət qurucularına olan vəfa borcunu yerinə yetirməsini öz bacarığı kimi təqdim edib, öyünməyi də unutmayıb.

“Hələ mənim xalqa bir müraciətim olmayıb, biz aksiya keçirəndə müraciət edirik, ancaq indi bütün üzvlərinə belə müraciət etməmişik. Bütün cəbhəni səfərbər etməmişik, əgər bunu etsəydik, başqa nəticə olardı” desə də, indiyə qədər xalqa müraciətində ortaya çıxan hansısa fərqli nəticəni misal çəkə bilməyib.

Əli Kərimli unudur ki, 28 mayda Novxanıya gedənlər ona görə getməmişdilər, heç nədənsə narazı olduqlarına görə də getməmişdilər, Cümhuriyyət Gününə görə və Rəsulzadəni yad etməyə getmişdilər.

Özü demişkən, paytaxtdan 30 km məsafədə Əli Kərimlinin “yürüş-mitinq” kimi təqdim etdiyi şey, əslində 28 Mayın anım günü idi və insanlar ora Əli Kərimliyə yox, Məhəmməd Əmin Rəsulzadəyə görə getmişdilər. Əgər belə olmasaydı, Əli Kərimlinin paytaxtın mərkəzində dəfələrlə keçirməyə cəhd etdiyi aksiyaya həmin o “yürüş-mitinqdəki” sayın yarısı qədər adam gedərdi.

Hər halda, Bakının mərkəzində hansısa aksiyaya qatılmaq daha asan idi, üstəlik həmin aksiyalarda Əli Kərimli bütün imkanlarından istifadə edərək xalqa müraciət də edirdi. Əgər əhali, hətta narazı elektorat belə, o aksiyalara gəlmirdisə, bunda günahını Əli Kərimli meydanların onun üzünə bağlanmasında axtarmasın, xalqın ona inamının olmamasının səbəbində axtarsın.

Əli Kərimlinin budəfəki çıxışında yana-yana dediyi “fədakarlıqla apardığı mübarizəsinin” nəticəsini görə bilməməsi də birbaşa onun özü ilə bağlıdır. Əli Kərimli faktoru - budur bu gün müxalif kəsimin, narazı elektoratın qarşısını kəsən başlıca sədd. AXCP sədri artıq ətrafında günahlandırmağa kimsə tapmayanda bunun günahını bütöv xalqa yükləməyə cəhd edir.

Doğrudur, sözlərini bir az ehtiyatla, illərin ona qazandırdığı ritorika və xarakterindən irəli gələn ehtiyatlılıqla seçir, ancaq xalqı manipulyasiyaya məruz qalmaqda ittiham etməkdən də özünü saxlaya bilmir. “Ölkədə müxaifət yoxdursa, niyə bütün meydanların ağzına qıfıl asılıb?”,- deyə soruşan Əli Kərimli bunun cavabını hamıdan yaxşı bilir.

Birincisi, ölkədə heç bir meydan heç kəsin üzünə bağlanmayıb. Sanki müxalifət deyəndə ancaq özünü nəzərdə tutan Əli Kərimli 100 minlik mitinq keçirəcək gücdədir, ancaq bunun üçün ona meydan verilmir? Məgər Azərbaycanda Xalq Hərəkatının başladığı 1988-89-cu illərdə, daha sonra 1993-cü ildə, yaxud elə müxalifətin çox güclü olduğu 1998-ci ildə kimsə meydanları müxalifətin üzünə rəsmən açmışdı ki?

Amma minlərlə insan meydana çıxa, aksiya keçirə, sözünü demək üçün bir yerə, ən əsası da bir liderin ətrafına toplaşa bilirdi. Əgər indi kimsə aksiyaya çıxmırsa, bunun səbəbi, məhz elə Əli Kərimlidədir. Kərimli heç düşünübmü ki, bəlkə narazı kəsim onun olduğu meydana çıxmaq istəmir?

Yaxud Əli Kərimli bağlandığını iddia etdiyi hansısa meydanda lap 10 minlik mitinq keçirdi, nə dəyişəcəkdi? Təbii ki, bütün bu yersiz iddia və manipulyasiyaların nəyisə həll etməyəcəyini Əli Kərimli də yaxşı bilir, sadəcə bu pafos ona xaricdəki dəstəkçilərinə öz varlığını sübut etmək üçün lazımdır. Yəni mən hələ ətrafıma kimlərisə toplaya bilirəm, bunun müqabilində nələrəsə ümid edə bilərəm.

“O nələrsə”dediyi isə nə hakimiyyətdir, nə xalq sevgisi, nə tərəfdar inamı.

“O nələrsə” ancaq və ancaq Əli Kərmlinin öz həyatında, yaşam şərtlərində, iddialarında nələrinsə yaxşılığa doğru dəyişməsidir. Əli Kərimli siyasi həyatının demək olar ki, bütün dövrlərində ancaq bunun üçün çalışıb.

Elnarə Kərimova
Cebhe.info