İran-İsrail müharibəsi: “Nə zamansa mütləq baş verəcək”

İran-İsrail müharibəsi: “Nə zamansa mütləq baş verəcək”

İran Səudiyyə Ərəbistanına və digər Körfəz ölkələrinə xəbərdarlıq edib. 

Bildirilib ki, İslam Respublikasına hücumda İsrailə hər hansı yardım olarsa, onların neft obyektlərinə cavab zərbələri endirəcək. Qeyd edək ki, artıq bu məlumatı Səudiyyə Ərəbistanın kral məhkəməsinə yaxın olan analitik Əli Şihaba da  təsdiqləyib.

“İranlılar Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı olacaq”, - deyə Ə.Şihaba vurğulayıb. 

Onun sözlərinə görə, Tehran, həmçinin Ər-Riyada xəbərdarlıq edib ki, müttəfiqlərindən, məsələn, Yəmən və ya İraqdan reaksiya gələ bilər. 

“Reuters”-in mənbələrindən biri bildirib ki, oktyabrın 9-da Səudiyyə Ərəbistanının faktiki kralı vəliəhd şahzadə Məhəmməd bin Salman və İranın xarici işlər naziri Abbas Əraqçi arasında danışıqların əsas mövzusu İsrailin potensial hücumu olub. Bundan sonra Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ni İsrailə İrana hücum etmək üçün hava məkanından və hərbi infrastrukturundan istifadəyə icazə verməyəcəkləri barədə xəbərdar edib. 

Maraqlıdır, İsrail -İran hərbi qarşıdurması baş verəcəyi təqdirdə bu müharibə Körfəz ölkələrinə sirayət edə bilər? ABŞ-nin təlimat və ya təzyiqləri altında Səudiyyə Ərəbistanı, digər Körfəz ölkələri İranda mühüm obyektlərə zərbələrin edilməsi üçün öz hava məkanlarını İsrail qırıcılarına aça bilər? Belə bir halda İran Körfəz ölkələrinin neft anbarlarını vurmağa cəhd edə bilər? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İran ilə İsrail arasında hərbi qarşıdurma ehtimalı, sözsüz ki, Yaxın Şərq ölkələrini narahat edir:

“Nəticə etibarilə bu qarşıdurma Yaxın Şərqdə gərgin olan vəziyyəti daha da gərginləşdirəcək. ABŞ-yə yaxınlığı ilə seçilən Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri İranın regionda təsir imkanlarının məhdudlaşmasında, o cümlədən İsrailin HƏMAS və “Hizbullah”a qarşı hərbi əməliyyatlarının davam etməsində maraqlı olsa da, İrana birbaşa hərbi müdaxilə ehtimalından narahatdırlar.

Çünki İran hakimiyyəti dəfələrlə bəyan edib ki, İsrailin hücumu fonunda İran Səudiyyə Ərəbistan və Körfəz ölkələrində ABŞ bazalarını hədəf alacaq. İndi isə bu siyahıya neft obyektlərini də daxil edib. Təbii ki, İranın regionda cəbhəni genişləndiricəyi və ya İsrailin hücumu fonunda qonşuluğundakı ölkələri hədəfə alacağı inandırıcı görünmür. Bu, daha böyük qüvvənin İranın üzərinə gəlməsinə gətirib çıxara bilər”. 

Ekspert deyib ki, hazırda İsrailin İrana hava zərbələri endirəcəyi ehtimalı müzakirə mövzusu deyil:

“Amma bu, nə zamansa mütləq şəkildə baş verəcək. Əgər belə bir durumda İran hakimiyyəti Səudiyyə Ərəbistanında,  digər Körfəz ölkələrində neft anbarlarını və ya hər hansı mühüm obyektlərə raket zərbələr endirərsə, bu, həmin ölkələrin İsrail və müttəfiqlərinə İrana hücumların təşkili üçün ərazisindən istifadəyə imkan verəcək. Bu isə Tehranın marağına uyğun deyil. 

İran yalnız cavab olaraq başqa istiqamətlərdə addımlar ata bilər”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”