İranın türk prezidenti:Pezeşkianın dönəmində Azərbaycanla münasibət necə olacaq?

İranın türk prezidenti:Pezeşkianın dönəmində Azərbaycanla münasibət necə olacaq?

“Azərbaycanəsilli Məsud Pezeşkianın İran Prezidenti seçilməsi çox əhəmiyyətli hadisədir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədrinin birinci müavini Ənvər Ağazadə “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, Cənubi Azərbaycandakı mövcud şərait fonunda Pezeşkianın hakimiyyətə gəlməsi olduqca önəmlidir:

“Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları daim pozulur, ayrı-seçkiliyə məruz qalırlar və onlara ana dilində təhsil almalarına imkan verilmir. Orada çox ciddi problemlər var. Üstəlik, İranda Cənubi azərbaycanlılara çox ağır cəzalar verilir. Belə bir vəziyyətdə Azərbaycan türkünün İran kimi bir ölkənin prezidenti seçilməsi çox mühüm hadisədir.Hətta onun seçki kampaniyasında Azərbaycan mahnılarının səsləndirilməsi də çox önəmli idi. Eyni zamanda, Pezeşkian açıq şəkildə azərbaycanlı olduğunu və övladlarına fars dilində danışmağı qadağan etdiyini də etiraf edirdi. O, Azərbaycan kimliyini açıq şəkildə ortaya qoydu. Bu isə o deməkdir ki, artıq İrandakı azərbaycanlılar öz haqq və hüquqlarını tələb etməkdə tərəddüd etməyəcəklər”.

Sədr müavini İranın yeni Prezidentindən gözləntilər barədə də danışıb:

“İran dövlətinin Konstitusiyasına görə Prezident ali dini liderdən sonra ikinci şəxsdir. Ona görə də İranın xarici siyasətində köklü dəyişikliyin olacağı gözlənilmir. Amma Azərbaycana və Türkiyəyə yönəlik gözləntilər var. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycanla İran arasındakı münasibətlərdə tarixin ən gərgin dönəmi yaşanırdı. Buna baxmayaraq, son zamanlarda tərəflər arasındakı münasibətlərdə yumşalma yaranmışdı. Hesab edirəm ki, İran artıq Azərbaycanla düşmənçilik aparılmasının yanlış olduğunu dərk edib. Bunun iki səbəbi var. Həm Azərbaycan İranın yaxın qonşusudur, həm də İranın tərkibindəki əhalinin yarıdan çoxu azərbaycanlıdır. Yəni ölkəmizə yönəlik hansısa sərt siyasət İranın özünə problem yaradır. Bu baxımdan, rəsmi Tehran Bakı ilə bundan sonra daha normal bir siyasi xətt yürüdəcəyini gözləyirəm. Hətta Pezeşkian dönəmində əvvəlki gərgin münasibətlərin tamamilə arxada qalacağını güman edirəm”.

Onun fikrincə, İran Azərbaycanla münasibətlərin düzəlməsini istəməsəydi, Məsud Pezeşkianın prezident seçilməsinə imkan vermədi:

“Nəticədə İranda necə bir rejim olduğunu bilirik. Nəzərə almaq lazımdır ki, Pezeşkianın əsas şüarlarından biri qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq və daxildəki bəzi problemləri həll etməkdir. O, vəd etdiyi məsələlər istiqamətində işlər görməyə çalışacaq. Məncə, Pezeşkianın hakimiyyəti dönəmində İranın xarici siyasətində yumşalma olacaq. Əminəm ki, Azərbaycanla İran arasındakı münasibətlərdə müsbət dəyişiklər baş verəcək. Hətta bunun təməli mərhum prezident İbrahim Rəisinin son dönəmində qoyulmuşdu”.

Ənvər Ağazadə qeyd edib ki, İranda Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi də tərəflər arasındakı münasibətlərin normallaşdığının təzahürüdür:

“Əslində bununla bağlı İbrahim Rəisinin dönəmində ilkin razılıq əldə olunmuşdu. Amma bunun Pezeşkianın dönəmində baş verməsi də müsbət addımdır. Azərbaycan həmişə bütün qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Əminəm ki, Məsud Pezeşkianın dönəmində İranın Azərbaycanla münasibətləri normallaşmağa davam edəcək. Uzun müddət sonra Tehrandakı səfirliyimizin açılması da bu istiqamətdə atılan müsbət addımlardan biridir”.

Elmir Mustafa
“Cebhe.info”