İrəvan çıxılmaz vəziyyətdə: Mirzoyan Rusiyanın vasitəçiliyindən imtina edir?

İrəvan çıxılmaz vəziyyətdə: Mirzoyan Rusiyanın vasitəçiliyindən imtina edir?

“Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında belə deyib.

Onun sözlərinə görə, sənəd Bakı ilə İrəvan arasında imzalanacaq.

Nazir bildirib ki, tərəflər bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.

Qeyd edək ki, Ararat Mirzoyanın bu ifadələri ilk baxışdan, Ermənistanın Azərbaycanla hansısa sülh sənədini razılaşdırması və ya müzakirələrin yekun mərhələsinə çatdığına dair rəy yarada bilər.

Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycanla sülh sazişi indiyə qədər əldə edilmiş yazılı razılaşmalar əsasında imzalanacaq.

“Sülhlə bağlı razılaşma olacaq və bu, indiyə qədər ən yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanacaq”, - deyə Paşinyan bəyan edib.

Bu mənada, xarici işlər nazirinin sözləri sülh sazişi mətninin vasitəçi tərəfin iştirakı olmadan, iki ölkə arasında aparılan yazışmalar zamanı hazırlandığı qənaətini yaradır.

Bu, həm Brüssel formatı, həm də Rusiyanın ev sahibliyi çərçivəsində sülhə dair əldə olunmuş ilkin razılaşmalardan imtina kimi də başa düşülə bilər.

Lakin Ararat Mirzoyan diplomatik tərzdə ikibaşlı danışıb və vasitəçi tərəfə ehtiyac olmadığına eyham vurub. Lakin o, Qərbi, yoxsa Rusiyanı nəzərdə tutduğunu aydın ifadə etməyib.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ararat Mirzoyanın açıqlaması ilk növbədə, Rusiyaya ünvanlanmış mesajdır.

Ekspert Cebhe.info-ya açıqlamasında bildirib ki, Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında Qərb və ya Rusiya variantının olmadığını vurğulamaqla Moskvanın vasitəçiliyinə etiraz edir:

"Çünki Moskva hər vəchlə Ermənistandan Qərbin vasitəçiliyindən imtina edilməsini tələb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Qərb sülh prosesini tormozlayır və Moskvanın bu məsələdə dominant olacağını qeyd edir.

Bu isə Ermənistanı qane etmir. ümumiyyətlə, Rusiyanın vasitəçiliyi Ermənistan üçün məqbul deyil. Çünki Rusiyanın vasitəçiliyi Kremlin Ermənistan üzərində siyasi təsirini gücləndirir. Bu baxımdan, Ararat Mirzoyan Rusiyaya mesaj verir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında onlayn diplomatiya vasitəsilə təmaslar qurulub. Bu prosesin təşkilində ABŞ xüsusi rol oynayır.

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin son zəngindən sonra Ermənistanda sülh çağırışları artıb. Hesab edirəm ki, Ermənistan tərəfi prosesi uzadır. Fundamental problemlərin olduğunu iddia etməklə Qarabağla bağlı hər hansı bəndin sülh sazişində yer almasına çalışır. Ancaq Azərbaycan tərəfi buna imkan vermir.

ümumiyyətlə, rəsmi İrəvan Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə dair danışıqların ikitərəfli formatda keçirilməsində maraqlı deyil. Ermənistan müzakirələrin Rusiya istisna olmaqla, vasitəçi tərəfin iştirakı ilə reallaşmasını istəyir. Ermənistan Azərbaycanla birbaşa danışıqlardan həmişə yayınır.

Amma Azərbaycan ötən il Tiflis görüşündə iştirak etməklə ikitərəfli danışıqların tərəfdarı olduğunu göstərdi. Ararat Mirzoyanın açıqlaması isə Rusiyaya ünvanlanmış mesajdır və sülh imitasiyasıdır. Əslində, Ermənistan sülh prosesini ləngidir".

Müşfiq Abdulla
Cebhe.info