İrəvan yeni “ağa” axtarışında: "Rəsmi Bakı üçün heç nə dəyişməyəcək"

İrəvan yeni “ağa” axtarışında: "Rəsmi Bakı üçün heç nə dəyişməyəcək"

“İrəvan tarix boyu böyük dövlətlərin yedəyində və tərkibində yaşamaq yolunu tutub. Bununla da mövcudluğunu qoruyub saxlayıb”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında deyib.

O bildirib ki, əslində Ermənistanı dövlət adlandırmaq da doğru deyil:

“Bu dövlətəbənzər quruluş həmişə ağalarının buyruğu ilə hərəkət edib. Onların regionda təsirlərini qoruyub saxlamaq və təbliğ edərək bir maneə rolunu oynayır. 

Uzun illərdir ki, Ermənistan birbaşa Rusiyanın forpostu idi. Demək olar ki, bu dövlətin müstəqilliklə bağlı heç bir hüquqi və danışmaq haqqı yox idi. Ermənistanın sərhədboyu ərazilərini Rusiya sərhədçiləri qoruyur. Ölkədə ən böyük şirkətlər də ruslara məxsusdur. Bunların hər biri Ermənistanın bugünkü reallıqlarıdır.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi və yeni yaranmış siyasi mənzərə Ermənistanı dərin uçuruma salıb. Onların siyasi və hərbi rəhbərliyi özünə yeni "ağa" axtarışındadır. Müharibə dövründə Rusiyanın mülayim mövqeyini özlərinə xəyanət kimi qəbul edən bu toplum, Rusiya səfirliyi və Gümrüdəki 102-ci rus hərbi bazası qarşısında bir çox etiraz aksiyası keçiriblər.

Eyni zamanda, hökumətə yaxın media vasitələri ilə də Rusiyaya qarşı hücuma keçiblər. Rəsmi İrəvan KTMT-dən çıxmaq, Rusiyanı beynəlxalq münasibətlər çərçivəsində bloklamaq kimi siyasi bleflər edir. Bunun vasitəsilə isə Rusiyanı təhdid edərək, öz məqsədlərinə çatmağı arzulayırlar”. 

Deputat vurğulayıb ki, Nikol Paşinyanın Rusiyanın yox, Sorosun komandasından olduğunu ilk gündən bütün dünya bilir:

“Küçədən gəlmiş bu siyasətçi ölkənin konkret siyasi oriyentasiyasını düzgün şəkildə müəyyən edən bilmədi. Ona görə də indiki vəziyyətdə ABŞ, Avropa İttifaqı, Fransa və bir qrup revanşistlər də Rusiya ilə anlaşmaq və onun təsiri altında qalmaq arzusundadırlar.

Artıq ATƏT-in Minsk qrupunun “gorbagor olması”, tarixə qovuşması və Avropanın da bu məsələdən kənarda qalması İrəvanı da narahat edir. Hər vəclə Azərbaycanın təklif etdiyi sülh danışıqları və yeni yaranmış fürsətlər Ermənistan tərəfindən bu və ya digər formada ləngidilir. 

Onlardan biri də bölgəyə digər güclərin gətirilməsidir. Bu yöndə Avropa İttifaqının uzunmüddətli missiyasının Ermənistan ərazisinə gəlməsi və guya sərhədboyu monitorinq etməsi növbəti erməni təxribatıdır. Azərbaycanın isə bu məsələdəki mövqeyi konkretdir. Azərbaycan ərazisində digər missiyaların olmasına və monitorinq etməsinə ehtiyac yoxdur. Bu isə Ermənistanın daxili işidir. Sadəcə olaraq, bu, sülhə gedən yolda maneə də ola bilər. 

Bütün bu maneələrin, sülhün ləngidilməsinin və danışıqların pozulmasının məsuliyyəti Ermənistanın üzərinə düşür. 200 avropalı müşahidəçinin Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərməsi rəsmi Bakı üçün heç nəyi dəyişməyəcək. 

Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa, tikinti və quruculuq işlərini sürətlə görür. Artıq insanların köçürülməsini və beynəlxalq şirkətlərin orada fəaliyyət göstərməsini təmin edirik. Bütün bunlar təbii ki, Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünü göstərir”. 

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan bölgəyə sülhün gəlməsini arzulayır:

“Biz 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra bölgədə silahların işə düşməsini arzulamırıq. Biz yalnız ərazimizə və bölgəyə daimi sülhün gəlməsini arzulayırıq. Ermənistan konstruktiv mövqe tutacaq və Azərbaycanın təklif etdiyi 5 baza prinsiplərini qəbul edərək əməli işə keçəcəksə, bölgədə sülhdən danışmaq olacaq. Əks halda, Ermənistan sülhü ləngitmə yollarını və digər qüvvələri məsələyə qoşmaq cəhdlərini davam etdirsə, bütün kommunikasiyalardan və böyük inkişafdan kənarda qalacaq. Əlbəttə ki, sonda uduzan Ermənistan olacaq”.

Elmir Mustafa
Cebhe.info