İrəvandan gövdə göstərisi: “Lukaşenkoya gözdağı...”

İrəvandan gövdə göstərisi: “Lukaşenkoya gözdağı...”

“Vilnüsdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşmək mənim üçün böyük şərəf idi”.

Bu barədə Belarusun müxalifət lideri Svetlana Tixanovskaya “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, bu görüşlə bağlı həmçinin videomaterial dərc edib.

“Mən Lukaşenko rejiminə qarşı qətiyyətli mövqeyinə görə Ermənistana təşəkkür etdim və Ermənistanla demokratik qüvvələrimiz arasında sıx əməkdaşlığın davam edəcəyinə ümid edirəm. Ermənistan və Belarus xalqları azad, demokratik və avropalı gələcəyə layiqdirlər”, - deyə Tixanovskaya qeyd edib.

Maraqlıdır, Paşinyan hakimiyyəti bu kimi addımlar atmaqla Belarusa gövdə göstərisi nümayiş etdirir? 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan Tixanovskayanı dəstəkləməklə Lukaşenkoya gözdağı verməyə çalışır:

“Ermənistan rəsmilərinin Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşləri müntəzəm xarakter daşımağa başlayıb.

Hesab etmirəm ki, Paşinyan hakimiyyəti Belarus Prezidenti Aleksandr Lukaşenkoya gövdə nümayiş etdirir. Sadəcə olaraq, Ermənistanın Belarusla bağlı narazılığı sözügedən ölkədə avtoritar Lukaşenko rejimi ilə bağlı deyil.

Ermənistanın Belarusla demokratiya və insan hüquqları məsələsində heç bir problemi yoxdur. Ermənistanın əməkdaşlıq etdiyi və yaxın münasibətlər qurduğu ölkələrin əksəriyyəti anti-demokratiya cəbhəsində yer alıblar.

Ermənistan rəsmilərinin Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşü iki səbəbdən qaynaqlanır. Birincisi, Prezident Aleksandr Lukaşenko hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Lukaşenkonun bu yaxınlarda Azərbaycanın azad olunan ərazilərinə, xüsusilə Şuşaya səfər etməsi və səfər zamanı erməni vandalizmi barədə çıxışları Ermənistanda ciddi narazıçılıq yaradıb. Bunun əvəzini çıxmaq üçün Ermənistan hakimiyyətinin seçdiyi yol əslində onun iradəsindən kənar olan yoldur və başqalarının təlimatları əsasında addımlar atır. 

Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk etmək istəməsinin səbəblərdən biri Belarusun mövqeyinin olduğunu bəyan edir. Rusiyanı birbaşa tənqid etmək cəsarəti olmayan Ermənistan hakimiyyəti Belarusu tənqid etmək yolunu seçib. 

İkincisi, Belarus Rusiya ilə yaxın münasibətləri olmasından dolayı Qərb tərəfindən sanksiyalara məruz qalıb. Paşinyan hakimiyyəti də öz addımları ilə Belarusa göstərir ki, guya o, bu məsələdə Qərbin yanındadır. 

İrəvanda heab edirdilər ki, Belarus KTMT-nin üzvü olaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləməli idi. Amma Minsk buna getmədi. Buna görə də Ermənistan rəsmiləri heç bir siyasi təcrübəsi olmayan Tixanovskayanı dəstəkləməklə Lukaşenkoya gözdağı verməyə çalışırlar”. 

Yunis Abdullayev 
“Cebhe.info”