Əli Kərimlinin batan gəmisi və onu tərk edənlər

Əli Kərimlinin batan gəmisi və onu tərk edənlər

İllərdir deyilirdi ki, dağılacaq, inanmayanlar vardı. O inanmayanlar illərini verdilər, özlərini sipər etdilər, Əli Kərimli isə onlardan nərdivan kimi istifadə edib, arabir “hasardan dışarıya baxdı”.

Yenidən o nərdivandan enib üzünü girov kimi saxladıqlarına tutub bitmək bilməyən nağıllarını təkrarlamağa davam etdi. İnandılar, həbsə düşdülər, başa düşmədilər ki, onlar əslində girovdurlar. Əli Kərimlinin pafoslu nitqinin girovları. Bir gün ayılacaqları, aldadıldıqlarını anlayacaqları gözlənilirdi.

Nəhayət, o günlər gəlib...

Son 24 ildə daxili və xarici idarəedicilərinin əli ilə süni şəkildə mifləşdirilən Əli Kərimlinin özünün obrazı da, partiyası da dağılmaq ərəfəsindədir. Batan gəmini tərk edənlərin sayı artır. O gəminin gec-tez batacağı aydın idi. Çünki gəminin kapitanı qarşısındakı kompasda görünən səmtləri belə yanında olanlara yalan deyirdi. İstək və ambisiyalarını bütün milli, mənəvi, komanda maraqlarından üstün tutur və şəxsi qisasçılıq hissi ilə idarə etdiyi gəmini dağa-daşa çırpırdı. İndi əsəblər tarıma çəkilib və batan gəmidə məhv olmaq istəməyənlər dilə gəlib.

24 il AXCP-ni şəxsi monopoliyasında saxlayan Əli Kərimlinin "əs müxalifət bizik”, “müxalifətin tək lideri mənəm" tezisləri artıq onunla birlikdə olan azsaylı adamlara belə inandırıcı görünmür.

Ona görə də partiyanın sütunları adlandırılanlar bir-bir partiya sıralarını tərk edirlər. Bir neçə gün öncə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verdiyini açıqladı, səbəb olaraq da Əli Kərimlinin "xroniki boykot" siyasətini göstərdi. Asif Yusiflinin ardınca isə partiyanın Rəyasət Heyətinin daha bir üzvü, Kərimlinin azsaylı mitinqlərinin əsas aparıcısı İlham Hüseyn bəyanat yayaraq partiyadan istefa verdiyini bəyan etdi.

AXCP-nin Rəyasət Heyətinin üzvləri bir-bir partiyadan ayrılır. Bu, bir daha partiyada Əli Kərimliyə olan etimadın bitdiyinin göstəricisidir.

İlham Hüseyn Asif Yusiflinin istefasından cəsarətləndiyini bildirib. Yəni Əli Kərimlinin siyasi girova çevirdiyi “əsir düşərgəsindən qurtulmaq üçün” Asif Yusiflinin istefası onun üçün stimul yaradıb.

Bu fakt özlüyündə partiyada həmin “düşərgədən” qaçmaq istəyənlərin sayı çoxdur. Lakin şantaj və böhtandan, sosial şəbəkədə linç olmaqdan qorxduqları üçün səslərini çıxarmırlar. Çünki bu təcrübəni Əli Kərimli dəfələrlə sınqadan keçirib. Onun iradəsi əleyhinə getmək şantajla, böhtanla, təhqirlə üz-üzə qalmaqdır. Buna isə iradə və dözümlülük gərəkdir.

Şəxsən özünün birbaşa nəzarətində olan, istifadə etdiyi 200-dən çox saxta profil dərhal sosial şəbəkədə onun əleyhinə gedəni linç etməyə səfərbər olunur. Partiyası dağılan, yürütdüyü siyasi xəttə etiraz edərək, ən yaxın adamlarının belə onu tərk etməsinə baxmayaraq, Əli Kərimli hələ də özünün müxalifət lideri obrazı uğrunda mübarizə aparır. Xaricdə hansısa bir qəzetdə onunla bağlı yazılan bir məlumatdan danışır, özünə onunla toxdaqlıq verir.

Yaxın çevrəsinə baxmaq, etdiklərinin bumeranq effektinə nəzər salmaq əvəzinə ətrafında qalan 3-5 nəfəri aldatmaq istəyir. Məhkəməyə verilməsindən belə divident qazanmağa çalışır. Fərqində deyil ki, istər onu məhkəməyə verən, haqqında cinayət işi açdırmağa müvəffəq olmuş Aydın Əliyev onunla illərlə yol gəlib, onun üçün bütün bacardıqlarını edib. Əvəzində aldığı “mükafat” isə partiyadan qanunsuz yolla çıxarılmaq olub. 

İndi Aydın Əliyev öz haqqını tələb edir. Əli Kərimli üçün partiyada kimin qalıb-qalmaması, kiminsə istefa verməsi, yaxud çıxarılması, ümumiyyətlə, maraqlı deyil. Çünki onlara tərəfdaş, əqidə yoldaşı kimi yox, siyasi qul kimi yanaşır. Bu səbəbdən də son istefalara da münasibət bildirmir. Onun üçün əsas öz siyasi manipulyasilarını davam etdirməkdir.

Partiya dağılır, o, yeni qurultaya hazırlaşır. Son istefalarda bu məsələnin də rol oynadığı deyilir. Bəzi funksionerlər və partiya üzvləri AXCP-də dəyişiklik istəyirlər. Onların fikrincə, Əli Kərimli qurultayda sədrliyə namizəd olmamalı, partiya kollegial idarəetmə formasına keçməli, yaxud yeni sədr seçilməlidir.

Bu fikir isə Əli Kərimli tərəfindən qəti şəkildə rədd edilib və bu da öz növbəsində təklifi, sözü keçməyənləri düşünməyə məcbur edib. Seçkiyə getməyib antidemokratikdir deyib uduzmaqdan özünü sığortalayan Əli Kərimli bu dəfə də tək namizəd olaraq 24 illik uğursuz sədrlik müddətinin davam etməsini istəyir.

Yəni Əli Kərimli həmişə olduğu kimi yalnız öz maraqlarını düşünür və planlarını da ona uyğun qurur. İstefaların isə davam edəcəyi deyilir. İndi estafet digərlərindədir...

Süleyman Yusif

"Cebheinfo.az"