Lavrovun açıqlamasındakı sirr: Yaxud növbəti erməni riyakarlığı

Lavrovun açıqlamasındakı sirr: Yaxud növbəti erməni riyakarlığı

Rusiya Qərbi Cənubi Qafqazda növbəti "rəngli inqilab" hazırlamaqda ittiham edib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda diplomatik reydlər həyata keçirir:

"Onlar üçtərəfli razılaşmaları ram etməyə çalışırlar, nəzarət tətbiq edirlər, kommunikasiyaların bloklanmasında, sərhədin delimitasiyasında və sülh müqaviləsinin imzalanmasının asanlaşdırılmasında Rusiyanın iştirakını nəzərdə tutan əsas prinsipləri pozurlar".

Lavrov Qərbin "3+3" formatı ilə bağlı məqsədlərinin olduğunu qeyd edib:

"Qərb artıq aktiv şəkildə bu strukturu sarsıtmağa və öz xidmətlərini Cənubi Qafqazın üç ölkəsinə sırımağa çalışır. Onlar hökmranlıq etmək və öz hegemonluqlarını təmin etmək üçün iddialar irəli sürürlər. Bu isə Cənubi Qafqazın ən yaxın qonşularının maraqlarına zərbə vurur. Bu geosiyasi planlarla yanaşı, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan QHT-lər də daxil olmaqla, maliyyə dəstəyi ilə təşviq etməkdir".

Maraqlıdır, Sergey Lavrov "rəngli inqilab" deyəndə Cənubi Qafqazdakı hansı ölkəyə işarə etdi? Qərb hansı ölkədə inqilab hazırlayır?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Sergey Lavrovun bu fikrini Rusiya rəsmilərinin son günlər kəskinləşən anti-Qərb ritorikasından bir epizod kimi dəyərləndirmək lazımdır:

"Amma paralel olaraq bunu həm də Lavrovun etnik kimliyindən doğan riyakarlığı kimi də qəbul etməliyik. Cənubi Qafqazda Rusiyanın maraqlarının zədələnməsi Rusiyanın üçtərəfli Bəyanatdakı öhdəlik və məsuliyyətlərinə sədaqətsizliyindən qaynaqlanır. Həmçinin, rəsmi Moskvanın üçtərəfli Bəyanatdakı öhdəlik və səlahiyyətlərini yerinə yetirməməsi onun Cənubi Qafqazdakı maraqlarını zərbə altına alır. Bu Bəyanatdan doğan kommunikasiya xətləri və siyasi proseslərin hamısında Rusiyanın mövqeyini zəiflədən Ermənistandır. Lavrovun isə Ermənistanın adını çəkmədən bunlardan danışması növbəti erməni riyakarlığıdır. Kremlin özü də bu mövzuda onlardan geri qalmır".

Politoloqun fikrincə, Lavrov Qərbin Gürcüstanda "rəngli inqilab" hazırlığında olduğuna işarə etdi:

"Hal-hazırda Qərbin aktiv şəkildə Gürcüstanda Qərbə bağlı sivil cəmiyyəti dəstəkləməklə "rəngli inqilab" hazırlamaq proseslərini nəzərə almaq lazımdır. İstər ölkə daxilində, istərsə də xaricdəki Qərb donor dairələr faktiki olaraq Gürcüstan dövlətinin maraqları üçün olan təşəbbüsu “Rusiya qanunu” kimi təqdim etməklə, cəmiyyəti öz maraqları çərçivəsində hökumətin üzərinə qaldırmaqdan çəkinmirlər".

Yeganə Hacıyeva vurğulayıb ki, Lavrov bu açıqlaması ilə Nikol Paşinyanı qorumağa çalışır:

"Yəni etnik erməni olan Lavrovun Rusiyanın Qərb ritorikasında Ermənistanı və Nikol Paşinyanı müdafiə cəhdləri aydın görünür. Çünki indiki mərhələdə nə Qərbin, nə də Kremlin Paşinyanla bağlı hər hansısa mənfi təşəbbüsü var. Paşinyan və onun ətrafındakı biznes şirkətləri birmənalı olaraq Rusiyanı Avropa İttifaqı və ABŞ-ın sanksiyalarından çıxarmaq istiqamətində səfərbər olunub. üzdə Vladimir Putin və Nikol Paşinyan müharibəsi getsə də, reallıqda belə bir şey yoxdur. Hətta onlar arxada çox gözəl ittifaq qurublar və Ermənistan bundan yaxşı maliyyə qazanır.

Yəni Paşinyanın rəhbərliyindəki Ermənistan bu gün Rusiya və İranın Qərb sanksiyalarından qorunması istiqamətində milyardlar qazanırlar. Əslində Lavrovun bu çıxışı da Nikol Paşinyanı və Ermənistanı milyardlar qazanmaq üçün qorumaq cəhdidir. Bunu belə qəbul etmək lazımdır".

Elmir Mustafa
Cebhe.info