Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”

Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”

Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı başladılan proses çox ciddi şəkildə ictimai dəstək aldı.

Eyni zamanda, prosesin gedişatı Naxçıvanla bağlı ciddi problemlərin olduğunu üzə çıxardı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov və qohumları ilə bağlı da bir sıra ciddi iddialar səslənir. Xüsusilə də Vasif Talıbovun İranla dövlətdənkənar əməkdaşlığı, Naxçıvanın strateji əhəmiyyətli obyektlərinin İrana icarəyə verilməsi, İraqda neftayırma zavodu üçün 3 milyard vəsait xərclənməsi kimi iddialar ilk olaraq Azərbaycanın dövlət maraqlarına və təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Əgər bu iddialar sübuta yetirilərsə, sonrakı prosesin gedişatının tamamilə dəyişəcəyi gözlənilir.

Naxçıvanda başladılan proseslə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bu məsələyə bir neçə aspektdən yanaşmağın vacibliyini vurğulayıb.

Partiya sədri qeyd edib ki, Naxçıvanda baş verən prosesləri bir az kiçildir və başqa cür təqdim etməyə çalışırlar:



“Məsələni belə qoyurlar ki, söhbət Naxçıvanın muxtariyyətinin ləğv olunmasından və ya kiminsə orada hakimiyyətinin dəyişdirilməsindən gedir. Əslində isə məsələ bu deyil. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Orada korrupsiyaya qarşı böyük mübarizə getməlidir və gedir. Çünki ilk mərhələ onu göstərdi ki, Naxçıvanda idarəetmə orqanları da, onlara nəzarət edən Naxçıvanın yerli qurumları da işinin öhdəsindən gəlməyib. Ona görə də orada qurumları yoxlayırlar və böyük problemlər ortaya çıxır. Məsələnin bir tərəfidir ki, Naxçıvanda korrupsiyaya qarşı mübarizə aparılması və idarəçiliyin birmənalı şəkildə Azərbaycanın mərkəzi hakimiyyətinə tabeçiliyi, idarəetməni təmin etmək çox böyük bir zərurətdir.

Başqa məsələdir ki, yoxlamalar nəticəsində kim cinayət törədibsə və onlarla əlaqəsi varsa, hamısı ən ağır formada cəzalandırılmalıdır. Statusundan asılı olmayaraq, heç kimə güzəşt ola bilməz”.

F.Quliyev bildirib ki, artıq Zəngəzur dəhlizi işə düşmək üzrədir və burada çox həssas bir idarəetmə, vətənçi, millətçi bir kəsim olmalıdır:

“Ora əngəl törədən bir yerə yox, daha çox motivasiya verən bir yerə çevrilməlidir. Çünki Azərbaycanın bu bölgəsi Zəngəzur dəhlizində kilid nöqtələrdən biri olacaq. Digər tərəfdən isə bu ərazidə İran kimi pozucu bir dövlət var. PKK sızıntılarının bu bölgəyə müdaxilə etmək imkanı olan sızıntıları mövcuddur. Ona görə də burada ciddi şəkildə kontrol prosesi getməlidir. Bəzən mətbuatdan oxuyuram ki, Naxçıvanın özünün təhlükəsizliyi ilə bağlı narahatlıq yaranır, çünki Qars və Moskva müqavilələri ilə muxtariyyət müəyyənləşib. Bu, yanlış yanaşmadır.

Müqavilələrdə Naxçıvanın üçüncü bir dövlətin proktrakantına düşməsindən söhbət gedir ki, Qars və Moskva müqavilələrində bu da öz əksini tapır. Naxçıvanın hansı formada idarə olunmasının bu məsələyə aidiyyəti yoxdur. İki bəndlə bu məsələni tənzimləmək mümkündür. Məsələn, referendumda belə bir bənd qoyulur ki, Naxçıvan Muxtar Respublikası bundan sonra Naxçıvan İqtisadi Zonası adlanır. İkinci bənd isə Naxçıvan İqtisadi Zonasının idarə olunması iqtisadi zonaların idarə olunması təlimatına əsaslanır. Bununla da məsələ bitir və nə Qars, nə də Moskva müqaviləsinə xələl gəlir”.

Fərəc Quliyev əlavə edib ki, Naxçıvanla bağlı səslənən iddialar təsdiqini taparsa, bu, Azərbaycanın strateji məsələlərinə zərbədir:

“İranla müştərək nələrinsə olması - hətta söhbətlər var ki, İraqda da 3 milyard yatırım edilərək neftayırma zovudu tikilib - bunlar təkcə iqtisadi və ya oğurluq məsələsi deyil. Bu, həm də Azərbaycanın strateji məsələlərinə zərbədir. Əgər bu iddialar təsdiqini taparsa, Azərbaycan və Türkiyənin narahatlığı üzə çıxır. üstəlik də 30 milyarda qədər vəsaitin talanmasından söhbət gedir. Bu da həllini tapmalıdır. Ona görə də buna qlobal məsələ kimi baxmaq lazımdır. Naxçıvanda rəhbər Vasif olsun, Ağasif olsun, kim olur olsun, hamı qanun qarşısında bərabərdir. Yoxlanan qurumlarda ağır cinayətlər aşkarlanırsa, baş verənlərə görə həmin qurumları idarə edənlər və rəhbərlik edənlər cavab verməlidir. Eyni zamanda, islahatlar da getməlidir. Naxçıvanda şişirdilmiş idarəetmə sistemi var. Naxçıvan Ali Məclisi nəyə lazmdır? Onun heç bir mənası yoxdur. Əgər Naxçıvan iqtisadi zonaya çevrilərsə, bunlara ehtiyac qalmayacaq.

Orada Nazirlər Kabinetinə ehtiyac yoxdur, indiyə qədər də yox idi. Orada nazirliklərə heç bir ehtiyac yoxdur. Şəki necə Bakıdan idarə olunursa, Ordubad da o cür idarə olunmalıdır. Ora çox sağlam kadrlar göndərilməlidir. Necə ki, işğaldan azad olunan ərazilər üçün proqram hazırlandı, Naxçıvan üçün də belə bir proqram olmalıdır ki, əhali geri qayıtsın. Ona görə də kompleks yanaşmanın tərəfdarıyam. Sadaladığım bütün məsələlər də bir-biri ilə bağlıdır”.

Vilayət Muxtar
Cebhe.info